Məhkəmə qərarları › İş №3(009)-1623/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1623/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1623/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 41-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən X2 barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Saylan şossesi 22 ünvanında yerləşən “Sea Bay” restoranında karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X4 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Saylan şossesi 22 ünvanında yerləşən “Sea Bay” restoranında karantin rejimi qaydaları pozularaq 18 nəfərlik nikahı qeyd etmə məclisi keçirilmişdir. Bu səbəbdən həmin restoranın inzibatçısı X3 xx xxxxxx 2020-ci il tarixdə Səbail RPİ-nin 41-ci polis bölməsinə dəvət edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 izahat verərək göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Saylan şosessi 22 ünvanında yerləşən “Sea Bay” restoranında həmin restoranın inzibatçısı olaraq sifariş üzrə 18 nəfərlik məclisin keçirilməsini təşkil etmiş, həmin məclisdə karantin rejimi qaydalarına uyğun olaraq masalar arasında sosial məsafə gözlənilmiş, lakin şəkil çəkdirən zaman və musiqi çalınan zaman məclisin iştirakçıları bir araya toplaşmış, məclis başladıqdan sonra bu məclisin nikahı qeyd etmə məclisi olduğu ona məlum olmuşdur. O, bu hərəkətlərin karantin rejimi qaydalarının pozulması olduğunu bilməmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Şıx qəsəbəsində yerləşən “Sea Bay” restoranında nişan məclisi (nikah mərasimindən sonra qeyd etmə mərasimi) keçirilmişdir. Həmin mərasim xüsusi karantin rejimi qaydalarına zidd olduğuna görə həmin restoranın inzibatçıları X3 və X5 barəsində qanuni tədbir görülməsi xahiş olunmuşdur. Qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 izahatı ilə də təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də “Sea Bay” restoranında karantin rejimi qaydaları pozularaq nikahı qeyd etmə məclisi keçirildiyi müəyyən edilmiş və X3 da bu fotoşəkillərin həmin restoranda çəkildiyini təsdiq etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli karantin rejimində dəyişikliklər edlməsinə dair qərarına əsasən 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində “ASAN Xidmət” və "DOST" xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nikahı qeyd etmə və bu kimi mərasimlərin təşkilinin qadağası qüvvədə saxlanılmışdır. Bundan başqa, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi, toy məclislərinin təşkili, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) qadağan edilmişdir. Göründüyü kimi, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Saylan şossesi 22 ünvanında yerləşən “Sea Bay” restoranında həmin restoranın inzibatçısı olaraq nikahı qeyd etmə tədbirinin keçirilməsini təşkil edərək müvafiq karantin rejimi qaydalarını pozmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Saylan şossesi 22 ünvanında yerləşən “Sea Bay” restoranında həmin restoranında karantin rejimi qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə, X2 əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə X2 barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı nəzərə alır, X2 cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin - 10 (on) gün müddətinə - tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 17:45-dən hesablansın. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar