Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1630/2024 17.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru Murad Tağızadənin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü ildə Tərtər rayonu, Cəmilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş 17 iyul 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin sahə inspektoru Murad Tağızadə protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 17 iyul 2024-cü il tarixdə, səhər saatlarında Azərbaycan Respublikasının Baş Prokurorluğunun daxili şöbəsindən iki nəfər vətəndaşın yaxınlaşaraq səs-küy salması, nalayiq ifadələr işlətməsi barədə məlumat daxil olmuşdur. Həmin zaman Səbail rayon post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq vətəndaşları Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9cu Polis Bölməsinə dəvət ediblər. Bu zaman vətəndaşlar polis əməkdaşları ilə aqressiv şəkildə danışmış, onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdırlar. Bu səbəbdən polis əməkdaşları həmin şəxsləri fiziki qüvvə tətbiq edərək bölməyə gətirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 17 iyul 2024-cü il tarixdə Baş prokurorun qəbuluna yazılmışdır. Qəbula getməyinin səbəbi Yasamal Rayon prokurorluğunun müstəntiqi Musa Əliyev barəsində şikayətidir. Belə ki, həmin müstəntiqin üzündən o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olmuşdur. Cəzasını 02 (iki) il 08 (səkkiz) ay çəkdikdən sonra bəraət alaraq azadlığa çıxmışdır. Həmin zaman Musa Əliyev başqa əməkdaşlarla birlikdə əlbir olmuş, onun mülkiyyətini əlindən almış, habelə ona zor tətbiq etmiş, uşağını oğurlatmışdır. Sonradan şikayət edərək həmin mülkiyyətini geri almış və müstəntiqdən şikayət etmişdir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Musa Əliyevlə bağlı araşdırma qərarını ləğv etmişdir. Bununla bağlı təkrar şikayət etmiş, bu zaman ona Azərbaycan Respublikasının Baş Prokurorluğunda işləyən Fazil Həsənəliyevin yanına getməsi deyilib. Fazil Həsənəliyevin qəbuluna 3 dəfə getmiş, lakin qəbul etməmişdirlər. Sonuncu dəfə 17 iyul 2024-cü il tarixdə, saat 9-10 arası üçün qəbula gəlmiş, lakin yenidən qəbul edilməmişdir. Bu səbəbdən əsas qapıdan prokurora səslənmiş, Fazil Həsənəliyevin onu qəbul etməsini xahiş etmişdir. Bütün məsələ bunun üstündə olmuşdur. Daha sonra qəbul şöbəsinin sədrinə bunu bildirmiş, o da Fazil Həsənəliyevin onu qəbul etməyəcəyini, lakin başqa əməkdaşın onu qəbul edəcəyini demişdir. Həmin vaxt polis əməkdaşları içəri girərək onlardan şikayət olduğunu, bölməyə getməli olduqlarını deyib zor tətbiq edərək aparmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri X2 izahatında bildirmişdir ki, 17 iyul 2024-cü il tarixdə, təxminən saat 10:30 radələrində xidməti ərazidə xidmət edərkən Azərbaycan Respublikasının Baş Prokurorluğunun qəbul otağından verilən məlumata əsasən oraya yaxınlaşmışdırlar. Getdiklərində vətəndaşların səs-küy saldıqlarını görmüşdürlər. Onlara dəfələrlə qanuni şəkildə inzibati bina daxilində səs-küy salmamaları izah edilmiş, bu zaman həmin vətəndaşlar nalayiq ifadələr işlətməyə başlamış, qanuni göstərişlərə məhəl qoymayaraq onlara tabe olmamışdır. Bu səbəbdən fiziki qüvvə tətbiq edilərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 iyul 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğunda ictimai qaydanı pozaraq polis əməkdaşına tabesizlik göstərmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarla rayon prokurorluğunda toplanmış 42-c-24 saylı yoxlama materialında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Proseussal Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun müstəntiqi, ikinci dərəcəli hüquqşünas X1 42-c-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda toplanmış 42-c-24 nömrəli material üzrə qəbul edilmiş 15 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu şahid ifadəsi, özünün qismən etirafı və digər iş materialları ilə onun xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun inzibati binasında ictimai qaydanı pozması, polis əməkdaşlarının qanuni tələbinə tabe olmaması, ünvansız nalayiq ifadələr işlətməsi və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin 510-cu maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal aşkar edilməmişdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, Şəxs məsuliyyətini ağırlaşdıran hal aşkar edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və inzibati həbsdə saxlama müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən saat 17:40-dan hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 34.3, 43, 88, 114, 115, 128.2.1, 130.1, 510 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiya çərçivəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən saat 17:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1630/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1630/2024
17.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver