Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1632/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsində daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsində tərtib olunmuş iş materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan əsasən, “Chevrolet Malibu” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi ilə qərəzli hərəkətlərə yol vermişdir Bununla da, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati xətalarının törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon DYPŞnin axtarış üzrə inspektoru X1 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, sosial şəbəkələrdə Şəxs idarə etdiyi “Chevrolet Malibu” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobili qarşılıqlı hərəkət hissəsini ayıran səki üzərinə çıxarıb, sola dönərək qarşıdan gələn yola çıxmış, təkərləri yolun səthindən yuxarıda olmuşdur. Ona görə də həmin sürücü dəvət olunaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib olunmuş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda etiraz edərək izahatında göstərdi ki, o, həqiqətən yol tıxac olduğu və avtomaşında olan övladı böyrək xəstəsi olaraq sidiyini saxlaya bilmədiyi üçün ondan irəlidə olan nəqliyyat vasitəsi səkiyə çıxıb sola qarşıdan gələn yola dönmüş, o da həmin nəqliyyat vasitəsinin arxasınca səkiyə çıxaraq sola dönüb qarşıdan gələn hərəkət zolağına çıxıb hərəkətini davam etdirmişdir. Lakin heç bir avtoxuliqanlıq hərəkətinə yol verməmiş, avtomaşını iki təkər üzərində idarə etməmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülərdən aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, ərazisində “Chevrolet Malibu” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil iki qarşılıqlı hərəkət zolaqlarını ayıran səki üzərinə çıxıb sola dönmə əməliyyatını həyata keçirir, lakin həmin hərəkətin yerinə yetirilməsi zamanı nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi görüntüdə aşkar edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir:
1. nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; 2. cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər 3. yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəmə iclasında bir növ ittiham funksiyasını yerinə yetirən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozması, hansı hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi və ya ictimai qaydanı və əhalinin dincliyini pozmasını təsdiq edən təkzibedilməz dəlillər məhkəməyə təqdim olunmamışdır və məhkəməyə təqdim edilən video görüntülərdə bu hallar müşahidə olunmur. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin tələblərini pozduğu heç bir vasitə ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXMnin 327.1 – 327.7 maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, həmin hissədə barəsində tərtib edilmiş 11.08. 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə tərtib edilmiş 11.08. 2023cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Şahin Abdullayev