Məhkəmə qərarları › İş №3(009)-1633/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1633/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1633/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, X1 Bina 3, mənzil 24-də yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhər Səbail rayon Polis İdarəsində daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsində tərtib olunmuş iş materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan əsasən, Poel Astra markalı **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu,Malakan bağı ərazisində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə qərəzli hərəkətlərə yol vermiş və avtomaşının konstruksiyasının hissələrində nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmadan nəqliyyat vasitəsinin idarə etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 511.1.3-cü maddəsi ilə inzibati xətalarının törətməsini nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail rayon DYPŞ-nin Yol Patrul xidmətinin inspektoru X2 tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, bildirmişdir ki, xidməti vəzifələrini yerinə yetirən zaman Səbail rayon Polis idarəsinin əməkdaşı şifahi məlumat verərək, bir nəfər sürücünün avtomaşını idarə edərkən, avtoxuliqanlıq hərəkəti etdiyini bildirmiş, o, həmin yerə yaxınlaşmış, sürücü Şəxs idarə etdiyi avtomaşınını dayanacağa yerləşdirərək barəsində protokol tərtib etmişdir. Avtoxuliqanlıq hərəkətinin törədilməsini təsdiq edən sübutu yəni TŞ video görüntünü məhkəməyə təqdim edə bilmir, çünki həmin görüntünün əldə edilməsi ilə bağlı müraciət edərkən bildirmişlər ki, görüntü qeydə alınmamışdır. Məhkəmə iclasında da avtoxuliqanlıq hərəkətlərini görən polis əməkdaşı gəlməmişdir. Məhkəmə iclasında barəsində inzibati protokol tərtib olunmuş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda etiraz edərək izahatında göstərdi ki, o, hər hansı avtoxuliqanlıq hərəkətinə yol verməmiş, bunu təsdiq edən hər hansı bir sübut mövcud deyil. Hətta o, polis əməkdaşına görüntünün ona təqdim edilməsini bildirsə də, görüntü ona gösrtərilməmişdir. Yəni onun əməlində avtoxuliqanlıq hərəkəti olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, üseynli Rəhman Nəvvaboğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir:

1. nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; 2. cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər 3. yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəmə iclasında bir növ ittiham funksiyasını yerinə yetirən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozması, hansı hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi və ya ictimai qaydanı və əhalinin dincliyini pozmasını təsdiq edən təkzibedilməz dəlillər məhkəməyə təqdim olunmamışdır və məhkəməyə təqdim edilən video görüntülərdə bu hallar müşahidə olunmur. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərini pozduğu heç bir vasitə ilə sübuta yetirilmir, protokol tərtib etmiş şəxs məhkəməyə video görüntünü təqdim edə bilməmiş, hadisəni görən polis əməkdaşı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs AR İXM-nın 342.5-ci maddəsində nəzərdə tutulmuş xətanı da törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 342.5 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, həmin hissədə barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş materialları baxılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar