Məhkəmə qərarları › İş №3(009)-1638/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1638/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1638/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X4 iştirakı ilə, Səbail Rayon Dövlət X11 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə barədə qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək Səbail Rayon Dövlət X11 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs şikayətində göstərmişdir ki, inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 400 manat cərimə edilmişəm. Bildirirəm ki, Səbail rayon ərazisində yerləşən Bayraq Meydanının avtomobil parkinqində olan etibarnamə ilə idarə etmək hüququm olan **-OP-*** dövlət qeydiyyat nişanlı Lexus GX460 minik markalı avtomobilimə saat 01:35 radələrində yaxınlaşdıqda, tanımadığım, kimliyi haqqında məlumat verməyən, özünü DYP əməkdaşı kimi təqdim edən şəxs "sən sərxoşsan" deyərək məni ittiham etməyə başladı. Daha sonra hər hansı seritifikasıyası olmayan, başlıq (ağızlıq) hissəsi olmayan, yeni tibbi başlıq (ağızlıq) olmadan məndən alkotestr aparatına üfürməyimi əksi təqdirdə Polis Bölməsinə aparılacağım haqqında sözlər bildirməyə başladı. Mən isə öz növbəmdə ümumiyyətlə spirtli içki qəbul etmədiyimdən və sükan arxasında olmadığıma görə sərxoşluq müayinəsinin niyə və hansı səbəblə aparılmasını soruşsamda ciddi etirazla qarşılanaraq etirazım qəbul etmədi və Polis əmrinə tabe olmağımı bildirdi. Tanımadığım, özünü DYP əməkdaşı kimi təqdim edən, nəinki əlindəki alkotesterin dövlət tərəfindən verilməsi bir yana, mənim kimliyimi müəyyən etmədən məni alkotesterə üfürməyə məcbur edən şəxsin göstərişinə əməl edərək alkotesterə nəfəsimi verdim və alkotesterdə sərxoşluq halı aşkar edilmədi, Həmin şəxs yenidən məndən üfürməyimi tələb etdi və yenə onun tələb etdiyi formada nəfəsimi versəmdə alkotesterdə nəticə 0 olaraq müəyyən edildi. Özünü DYP əməkdaşı kimi təqdim edən şəxs sanki mənim sərxoş olmadığımı qəbul etmək istəmir, mən içki qəbul etməməyimə və ümüumiyyətlə avtomobil idarə etməməyimə baxmayaraq mənim nəfəsimdə sərxoşluq halı müəyyən edənədək məndən alkotesterə üfürməyimi istəyirdi. Bir neçə dəfə məni bu formada alkotesterə üfülədərək sonda mənə hər hansı alkotester nəticəsi göstərmədən və müayinə aktı təqdim etmədən sərxoş olduğumu, maşının cərimə meydançasına aparılacağını, sabah isə DYP idarəsinə yaxınalşamığı istədi. Bundan sonra mən yenədə qəti şəkildə sərxoş olmadığımı, ümüumiyyətlə içki içmədiyimi, o cümlədən avtomobil idarə etmədiyimi bildirdim və sərxoşluq müayinəsindən keçirilməyim üçün həmin şəxsi, yəni özünü DYP əməkdaşı kimi təqdim edən şəxsi birlikdə tibbi müayinə yerinə getmək üçün dəvət etdim və həmin şəxs getməkdən boyun qaçıraraq biz ancaq bu alkotesterə inanırıq, bizim üçün əsas budur bildirərə mənim etirazlarımı qəbul etmədi. Bütün bu olanlar artıq məndə şübhə doğurduğundan və DYP əməkdaşının qanuna zidd əməllərindən özümü müdafiə etmək üçün həmin şəxs ilə söhbəti bitirdikdən sonra Nizami metrosu yaxınlığında yerləşən "Respublika Narkoloji Mərkəzi” X12 “Sərxoşluq hallarının bütün növ təyini məqsədilə aparılan tibbi müayinə mərkəzinə” yaxınlaşaraq müayinədən keçdim və sərxoşluq halının olmaması haqqında arayış əldə etdim. Haqqımda tərtib edilmiş İXP ******* saylı xx.xx.2025-ci il tarixli qərar qanunun tələblərini kobud şəkildə pozmuşdur və qanunsuz tərtib edilmişdir. İXM: 96.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bu maddənin tələbinə əsasən sərxoşluq vəziyyətinin müayinəsinin nəticəsi ilə şəxs razı olmadıqda, şəxsi DYP əməkdaşları tibbi müayinəyə dəvət edilməlidir. Lakin, DYP əməkdaşı ümumiyyətlə heç bir sənədi tanımadığını, etirazımı qəbul edib məni tibbi müayinəyə dəvət etməli olduğu halda mənim tərəfimdən dəvət olmasına baxmayaraq tibbi müayinəyə getməkdən boyun qaçırdı və özümü müdafiə etmək məqsədilə tək getməli oldum. Şikayətə tərəfimdən əlavə edilmiş və “Respublika Narkoloji Mərkəzi” X12 “Sərxoşluq hallarının bütün növ təyini” məqsədilə aparılan tibbi müayinə mərkəzindən tibbi müayinədən keçməklə əldə etdiyim tibbi müayinə aktından da açıq-aydın görünür ki, hər hansı spirtli içki qəbul etməmişəm, sərxoşluq halında olmamışam. Yuxarıda qeyd edilmiş sözügedən Qanunvericilik normalarına əsasən barəmdə tərtib edilmiş İXP ******* saylı xx.xx.2025-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və əməlimdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq əməlimdə inzibati xəta tərkibi olmadığından, X4 barəsində qanunsuz olaraq tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərarın ləğv edilməsini və əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X7 şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Bayıl ərazisində restorandan çıxıb maşınla hərəkətə başlayan zaman dostu zəng edib telefonun maşında qaldığını bildirmiş və maşını yenidən saxlayıb restorana qayıtmışdır. Həmin zaman yol polis əməkdaşları yaxınlaşaraq sərxoş vəziyyətdə olduğunu demiş və 3-4 dəfə alkotester vasitəsilə test etmişlər. Həkim müayinəsindən keçmək istəsə də, məhəl qoyulmamış və sənədi imzalamamışdır. Halbuki heç bir qayda pozuntusu etməmişdir. Səbail Rayon Dövlət X11 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbehvermə barədə qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon Dövlət X15 Yol Patrul Xidməti inspektoru X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında ərazidə xidmət apardığı zaman “Yaban” restoranının qarşısında “Lexus” markalı nəqliyyat vasitəsinin əks istiqamətdə hərəkət etdiyini görmüşdür. Avtomobili saxlaması üçün yaxınlaşmış, həmin zaman sürücü avtomobili saxlamış və içərisindən düşərək qaçmışdır. Görüntülərdən də aydın şəkildə görünür. Təxmini 500 metr aralandıqdan sonra tutmuşlar. Alkotester vasitəsilə test edilmiş və nəticəsi özünə göstərilmişdir. Həmin zaman şəxs sərxoş vəziyyətdə idi. Məhkəmə iclasında iştirak edən şahid Səbail Rayon Dövlət X15 Yol Patrul Xidməti inspektoru X3 eyniməzmunlu izahat verərək şahid X1 izahatını təsdiqləmişdir. Məhkəmə tərəfin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 03:10-da Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində “LEXUS GX460 MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlama xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaarq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə, Azərbaycan Respublikasıanın İnzibati Xətalar Məcəlləsinin 327.4 və 333.1-ci maddələrini pozaraq inzibati xəta törətmişdir. İş materiallarında olan Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli №2/31271 nömrəli tibbi müayinə protokolundan görünür ki, X7 həmin gün ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 08 aprel 2021-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, “LEXUS GX460 MİNİK” markalı, 10- OP-088 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X10 nəqliyyat vasitəsinin X6 etibar etmişdir. Etibarlılıq müddəti xx.xx.2031-ci ilədəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli alkotesterin nəticəsindən görünür ki, X5 alkoqol tərkibi 0,326 promil müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntülərə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, X7 “LEXUS GX460 MİNİK” markalı, 10- OP-088 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi markalı nəqliyyat vasitəsini idarə edərkən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X7 xx.xx.2025-ci il tarixdə saat 03:10-da Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində “LEXUS GX460 MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4 və 331.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X4 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-ci maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8-ci bəndinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə X4 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Səbail Rayon Dövlət X11 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində, həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X7 avtomobili xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, X16 ərazisində “LEXUS GX460 MİNİK” markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmiş və nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də Səbail Rayon Dövlət X11 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X4 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Səbail Rayon Dövlət X11 xx.xx.2025-ci il tarixli TP ******* inzibati tənbehvermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar