Məhkəmə qərarları › İş №3(009)-1648/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1648/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1648/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin onun barəsində qəbul etdiyi İnzibati tənbeh vermə haqqında 01 avqust 2023-cü il tarixli MN №1291992 nömrəli qərarını qanunsuz hesab edir və adı çəkilən idarə tərəfindən inzibati xəta haqqında işin materialları tam, hərtərəfli, obyektiv araşdırılmadan qanunsuz qərar qəbul edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin aparıcı məsləhətçisi dövlət qulluqçusu X3 xx.xx.2022-ci il tarixdə saat 10 radələrində iş yerində öz şəxsi ehtiyatsızlığı nəticəsində yıxılaraq xəsarət alması faktından mənim məlumatım olmayıb, yəni nə dövlət qulluqçusu Aytəmiz Rzayevanın özü, nə onun bilavasitə rəisi, nə də onun xəsarət almasını görən şahidlər xx.xx.2022-ci il tarixdə mənə bu barədə heç bir məlumat verməyiblər və mən bu hadisədən məlumatsız olmuşam. Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri dövlət qulluqçusu Zümrüd Səmədova 34 gündən sonra, yəni xx.xx.2022-ci il tarixli ərizə ilə dövlət qulluqçusu A.Rzayevanın xx.xx.2022-ci il tarixədək əmək qabliyyətinin olmaması vərəqəsinin təqdim edərkən Müdafiə nazirinin Katibliyinin İşlər İdarəsində bu barədə məlumat olmuşdur. Həmin vaxtda, İşlər İdarəsinin rəisi olaraq mən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məzuniyyətdə olmuşam. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 28 fevral 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.6-cı bəndində göstərilmişdir: Zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Buna baxmayaraq qeyd edilən bəndin tələbləri istər zərərçəkən, istərsə də hadisənin şahidləri tərəfindən kobudcasına pozularaq vaxtında İşlər İdarəsinə məlumat verməmişlər. Onun məlumatı olmayan hadisə barədə müvafiq icra hakimiyyəti orqanına hansı məlumatı verməlidir. Dövlət qulluqçusu X1 Müdafiə Nazirliyində dövlət qulluğuna qəbul edilməsinin rəsmiləşdirilməsi Müdafiə nazirinin Katibliyində aparılsa da onun iş yeri Müdafiə Nazirliyinin ayrı idarəsində, Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsindədir və onun işə davamiyyətinə, iş vaxtı baş verən hadisələrə nəzarəti qeyd edilən şöbənin müdiri həyata keçirir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən dövlət qulluqçularının hüquqi statusunu tənzimləyən normativ-hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmadan qanunsuz olaraq 01 avqust 2023-cü il tarixli MN №1291992 nömrəli qərarla ona İXM-nin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1900 (bir min doqquz yüz) manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Həmin maddənin dispazisiyasında bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsi və ya aparılan araşdırma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırma nəzərdə tutulur. Hər hansı bir hüquqazidd əməllə (hərəkət və hərəkətsizliklə) baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Faktın gizlədilməsi və ya konkret hərəkəti etməkdən imtina qəsdlə törədilir. O, məlumatı olmayan bir hadisəni niyə gizlətməli və işçinin öz ehtiyatsızlığından yıxılaraq xəsarət alması barədə aktı tərtib etməkdən hansı səbəbdən imtina etməlidir. Bütün bunlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmadan qanunsuz olaraq barəmdə İXM-nin 555.3-cü maddəsinə əsasən 1900 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında 01 avqust 2023-cü il tarixli MN №1291992 nömrəli qərarını ləğv edərək inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 şikayəti müdafiə edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X7 şikayətin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifaəsində bildirmişdir ki, o, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində dövlət qulluqçusu, aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyəti ilə məşğuldur. İş vaxtı o, özünü pis hiss etdiyindən huşunu itirmiş və xəsarət almışdır. Hadisəyə səbəb onun ailəsindən xəbər eşitməsi olmuşdur. Həmçinin bildirmişdir ki, o, Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri dövlət qulluqçusu Zümrüd Səmədovanın tabeliyindədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin dövlət qulluqçusu X1 28 sentyabr 2022-ci il tarixdə iş vaxtı xəsarət alması səbəbindən katibliyin işlər idarəsinin rəisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə 1900 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəmə ünvanlanmış Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsinin və Müdafiə nazirinin Katibliyinin İşlər İdarəsinin dövlət qulluqçularının və mülki işçilərinin adlı siyahısından görünür ki, X3 dövlət qulluqçusu, aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 mart 2022-ci il tarixli 60 saylı əmrindən görünür ki, X10 Komandanlığının İdarəetmə heyətində dövlət qulluğuna qəbul edilməsi, dövlət qulluğuna xitam verilməsi, dövlət qulluqçusunun vəzifəyə təyin və vəzifədən azad edilməsi, dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, həmin məsələlərin rəsmiləşdirilməsi və əmək müqavilələrinin bağlanılması səlahiyyəti Müdafiə nazirinin müavini X10 komandanına verilmişdir. İş materiallarında olan Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini Kadrlar İdarəsinin rəisinə ünvanlanmış ərizədən görünür ki, Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri dövlət qulluqçusu Zümrüd Səmədova, Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini Kadrlar İdarəsinin rəisi Elçin Xəlilov həmin ərizəni imzalamışlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin dövlət qulluqçusu X1 28 sentyabr 2022-ci il tarixdə iş vaxtı xəsarət alması ilə bağlı X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməzdi. Odur ki, inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı, iş baxılması üçün yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.3-cü məddəsinə əsasən, Bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılmasına görə min səkkiz yüz manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, 01 avqust 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar