Məhkəmə qərarları › İş №3(009)-166/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-166/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-166/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya, sənəd, saxta pul, mal və məhsulların qanunsuz dövriyyəsinə qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib edilmiş 18 yanvar 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 62 ünvanında yerləşən “Arabesque” restoranında karantin rejimi qaydaları pozulmuşdur. Qeyd edilənlərə əsasən Şəxs barəsində inzibati xəta protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya, sənəd, saxta pul, mal və məhsulların qanunsuz dövriyyəsinə qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili X4 protokolu müdafiə edərək izahatında bildirdi ki, 10 yanvar 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 62 ünvanında yerləşən “Arabesque” kafedə epidemiya əleyhinə rejimin, sanitar-gigiyena, karantin rejiminin pozulduğu müəyyən edilmişdir. “Arabesque” kafedə inzibatçı kimi işləyən Şəxs tərəfindən müştərilərə qəlyan satışının həyata keçirildiyi müəyyən olunmuşdur. Şəxs kafenin müdiri olduğu kafedə işləyən işçilərin deməsinə görə müəyyən olunmuşdur. Şəxs VÖEN-i yoxdur. Həmin kafe “Arabesque” kafesi kimi tanınır, lakin kafenin üzərində “Arabesque” yazısı yoxdur. Keçmiş adı “Fizza Lounge” idi. X9 18 yanvar 2022-ci il tarixdə idarəyə dəvət olunmuş və onun izahatı alınmışdır. 18 yanvar 2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs hərəkətlərində İXM-nin 211.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Şəxs barəsində İXM 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, hemin kafedən öncə orada “Fizza Lounge” adlı restoran fəaliyyət göstərmişdir. Öz adına VÖEN yoxdur, hüquqi şəxs və fərdi sahibkar kimi qeydiyyatdan keçməmişdir. Kafenin girişində kafenin adı qeyd edilməmiş, lakin həmin kafe “Arabesque” kimi adlanır. Kafedə işçilərin qəbulu, reklam, menyunun tərtibi kimi işlərlə məşğul olur. Qəlyanların müştərilərə kabinetdə verildiyini bildirmiş, əməlindən peşman olduğunu, öz səhvini dərk etdiyini və bir daha təkrarlanmayacağını bildirdi. Məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, saat 12-dən sonra kafe fəaliyyət göstərməmişdir Məhkəmə iclasında vəkili X1 Nihad Səməd oğlunun ilk dəfə inzibati xəta hadisəsi törətdiyini, ailəli olduğunu, himayəsində azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq cərimə inzibati tənbehin tədbirinin seçilməsini xahiş etdi. Belə ki, iş materiallarında olan 18 yanvar 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 62 ünvanında yerləşən “Arabesque” restoranında karantin rejimi qaydaları pozulmuşdur. İş materiallarına əlavə edilmiş 18 yanvar 2022-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs hərəkətlərində İXM-nin 211.1-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi qərar alınmışdır. Məhkəmə elektron portalından çıxarışa əsasən Şəxs himayəsində 1 azyaşlı övladı vardır- 30 yanvar 2021-ci il təvəllüdlü X7. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Lakin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tərtib olunmuş protokolda və ona əlavə edilmiş sənədlərdə Şəxs vəzifəli şəxs olaraq karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, Şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirməsi məhkəmə iclası zamanı təsdiqini tapmamışdır. Göründüyü kimi işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs vergi orqanında vergi ödəyicisi kimi uçota alınmadığından onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxs olması, başqa sözlə vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz və əsassızdır. Protokol tərtib etmiş orqan tərəfindən yalnız cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilən izahatlara istinad edilmiş, işin faktiki halları (Şəxs vəzifəli şəxs olub-olmaması) müəyyənləşdirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən protokolda Şəxs barəsində olan məlumatlar, yəni onun fiziki və ya vəzifəli şəxs olması barədə məlumatlar göstərilməmiş, inzibati xəta hadisəsinin baş verdiyi yer “Arabesque” göstərilsə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, həmin ünvanda “Arabesque” adlı kafe fəaliyyət göstərmir, həmin şəxsin kafedə işçi və ya hansısa təşkilati-sərəncamverici funksiyaları həyata keçirən şəxs olması ilə bağlı protokolda heç bir qeyd yoxdur, inzibati xəta haqqında protokolda inzibati xəta hadisəsinin nədən ibarət olması konkret olaraq əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokolda İXM 211.1-ci maddə qeyd olunsa da, həmin maddə blanket normadır. Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiqi, karantin qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolda Şəxs karantin qaydalarını pozması qeyd olunsa da, inzibati xətanın, yəni qəlyanın müştərilərə satılmasının qadağan olunmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hansı qərarı ilə tənzimlənməsi protokolda göstərilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, “Arabesque” kafesinin saat 00:00-dan sonra fəaliyyət göstərməsinə dair iş materiallarında hər hansı sübut yoxdur. İş materiallarına əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokola əsasən “Arabesque” kafesində əməliyyat –axtarış tədbiri 10.01.2022-ci il tarixdə saat 18:10-da başlanmış və 10 yanvar 2022-ci il tarixdə 18:22-də başa çatmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 336 nömrəli, 12 sentyabr 2020-ci il tarixli qərarının 1.1.11 və 1.2.2-ci bəndlərinə əsasən ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəsi, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs tərəfindən karantin rejiminin pozulması sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində fiziki şəxs qismində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs oğlunun təqsirini etiraf eməsini və əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 25, 40, 43, 114.1.1, 115, 128.2.1, 130.1 və 211.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar