Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1663/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 10 avqust 2021-ci il tarixdə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 91 qeydiyyatda olan Şəxs MMC 28257.22 Avro məbləğində vəsaiti 12 iyun 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 17985.43 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 13.06.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 vəsatətlə müraciət edərək ilə bildirmişdir ki,12 iyun 2019-cu il tarixində Şəxs MMC AZ29PAHA40130EURHC********** saylı cari hesabından 28,257.22 (iyirmi səkkiz min iki yüz əlli yeddi avro iyirmi iki sent) EUR məbləğində qabaqcadan ödəniş etmişdir. Bu ödəniş üzrə bütün xidmətlər tam şəkildə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının MN № ******* İnzibati xəta haqqında protokolunda qeyd edilmiş 17,985.43 (on yeddi min doqquz yüz səksən beş avro qırx üç sent) EUR əvvəlcədən ödənilmiş məbləğ müqabilində 20 may 2021-ci il tarixli Xidmətlərin qəbul aktına əsasən xidmətlər tam həyata keçirlmişdir. Bu sənədlər "xxxx" ASC-i tərəfindən təsdiq olunaraq, vəsatətə əlavə edilmişdir. Xidmətlərin həyata keçirlməsi üçün əvvəlcədən ödənilmiş məbləğ, qanunla müəyyən edilmiş müddət ərzində göstərilən xidmətlərin təhvili həyata keçirilmişdir və Şəxs MMC tərəfindən inzibati xəta törədilməmişdir, inzibati xəta hadisəsi olmamışdır və İnzibati Xətalar Məcəlləsinin heç bir maddəsinin tərkibi yaranmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 20 may 2021-ci il tarixli xidmətin qəbulu aktından görünür ki, bir tərəfdən Şəxs MMC və digər tərəfdən “X4 LTD” 04 iyun 2019-cu il tarixli 2347/8C-0001 nömrəli müqaviləyə uyğun olaraq, 17.1153-F07 nömrəli sifarişə əsasən X5 İş Layihəsi üzrə ümumi 30,232,78 AVRO material və iş təmin etmişdir. "xxxx" ASC-nin 17 avqust 2021-ci il tarixli məktubdan və digər materiallardan görünür ki, 12 iyun 2019-cu il tarixində Şəxs MMC-nin AZ29PAHA40130EURHC********** saylı cari hesabından edilmiş 28,257.22 EUR məbləğində qabaqcadan ödənişin bəyan olunmayan 17,985.43 EUR məbləğində hissəsi üzrə akt 16 avqust 2021-ci il tarixində "xxxx" ASC-nin “Port Baku” biznes mərkəzinə təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibinin yaranmasının zəruri şərti avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasıdır. Həmin müddət Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndi ilə müəyyən edilmişdir. Lakin konkret halda ödənilmiş, lakin geri qayıtmamış maliyyə vəsaiti malların dəyərinin ödənilməsinə deyil, müqavilədən imtina halında tutulacaq cəriməyə yönəldilmişdir. 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cümaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-1663/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1663/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver