Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1668/2020 17.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin nümayəndəsi X5 xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nə aid olan “62 Chill Out” restoranında xx xxxxxx 2020-ci il tarixdə bir masa 6 nəfərdən artıq şəxs əyləşmiş və oturacaqların ara məsəfəsi 1 metrdən azdır. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən qanuni tədbirlər görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X6 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “62 Chill Out” restoranı Şəxs MMC-in nəzdindədir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən yerində çəkilərək iş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi bir masa ətrafında cəmi 6 nəfər oturrmuşdur. AR İqtisadiyyat Nazirliyi yanında DVX Bakı şəhəri KSİBİ-nin əməkdaşları və X1 əməkdaşı tərəfindən tərtib edilmiş aktda 1 masa ətrafında 6 nəfərdən çox şəxsin oturduğu qeyd edilmişdir. Bu da onu göstərir ki, həmin Akt əsasında tərtib edilmiş MN serialı, ******* №-li protokol mübahisəlidir və həqiqəti əks etdirmir. Müvafiq aktda həmçinin qeyd edilmişdir ki, qida qəbulu sahəsində olan oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən az olması faktı müşahidə edilərək fotoşəkillə təsdiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş fotoşəkildə aydın şəkildə görünür ki, ara məsafəsi 1 metrdən az deyil. Həmçinin qeyd etmişdir ki, masanın uzunluğu 3 metr və masanın ətrafında əyləşmiş 6 şəxsin aralarında olan məsəfə 1 metrdən az deyil. Şəkildə 7-ci şəxsin oturması aşkar edilmir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xətanın törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 13:41-də Səbail rayonu Nizami küçəsi, ev 44 ünvanında yerləşən “62 Chil Out” restoranında epidemiya əleyhinə rejimin və karantin rejimi qaydaları pozulmuşdur. Lakin protokiolda hansı qaydanın pozulması əks etdirilmir. İşə əlavə edilmiş “62 Chill Out” restoranının inzibatçısı X2 izahatından görünür ki, külək və yağışdan qorunmaq üçün qapı və pəncərələr bağlanmış və həmin gün bir masa arxasında əyləşən müştərilər tərəfindən ara məsafəsi qorunmuşdur. “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarının 2.2-ci bəndində qeyd olunmuşdur ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Məhkəmə qeyd etməyi zəzuri hesab edir ki, yalnız İnzibati Xətala Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hazırki işdən görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas səbəb Şəxs MMC-yə məxsus “62 Chili Out” restoranında bir masa arxasəıda 7 nəfər şəxsin əyləşməsi və müştərilər tərəfindən 1 metrlik məsafənin qorunmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, işə əlavə edilmiş fotoşəkildən görünür ki, “62 Chili Out” restoranında müştərilər bir masa arxasında əyləşmişlər. Lakin vizual baxış keçirərək onların ara məsafəsinin 1 metrdən az olmasını, həmçinin 7 nəfərin bir masa arxasında oturmasını müəyyən etmək mümkün deyil. Bu hal isə özü-özlüyündə inzibati xəta halının törədilməsini istisna edir. Göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd edilən restoranda müştərilərin bir masa arxasında 7 şəxsin və 1 metrlik məsafəni qorumadan əyləşmələri mövcud şübhələr doğurur. Halbu ki, qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə “62 Chill Out” restoranında bir masa arxasında 7 şəxsin əyləşməsini və müştərilər arasında 1 metrlik məsafənin qorunmaması hallarını vizual baxışdan müəyyən etmək mümkün olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-ninəməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinəəsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC –nə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi aşkar olunmadığından barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114- 115, 128-130 və 211.1-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1668/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1668/2020
17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver