Məhkəmə qərarları › İş №3(009)-1668/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1668/2022

21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1668/2022 21.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin baş məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən tərtib edilmiş “07” oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtibAzərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin baş məsləhətçisi X2 inzibati xəta hqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2, X3 2019-cu ilin dekabr ayında baş qaldıran və bütün dünyada pandemiyaya səbəb olan COVİD-19 virusunun qarşısının alınması ilə əlaqədar olaraq Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları"na əsasən 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən iri ticarət mərkəzləri və "Mall"arın fəaliyyəti müvəqqəti olaraq dayandırıldı və bunun ardından küçəyə çıxma qadağası və digər qadağalar tətbiq edildi və beləliklə onların həm iri ticarət mərkəzində olan obyektləri və həmçinin Bakı şəhərinin müxtəlif ünvanlarında olan obyektlər fəaliyyətini tam olaraq yerində xidmətə görə dayandırdı. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müxtəlif yumşaldılma fəaliyyətləri həyata keçirilməsinə baxmayaraq 2020-ci ildə onlar fəaliyyətlərini tam bərpa edə bilmədilər. Şəxs MMC olaraq pandemiya zamanı zərərçəkən şirkət olaraq pandemiya ərəfəsində 1 restoran və 3 mağaza bağlamağa məcbur olmuşlar. Fəaliyyətləri iflic olmasına, obyektəri bağlamağa məcbur olmaqlarına baxmayaraq, ölkə başçısı X4 və hökumətin sahibkarlara çağırış etməsindən sonra Cənab Prezidentin ölkə iqtisadiyyatının pandemiya zamanı minimum zərərlə bu çətin dönəmdən çıxması ilə əlaqədar imzaladığı "Koronavirus (COVİD-19) pandemivasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" 2020-ci il 19 mart tarixli 1950 nömrəli sərəncamın icrasına dəstək olmağa çalışaraq işçiləri işdən azad etməmiş, şirkət olaraq bu çətin vəziyyət ilə, fəaliyyətsizlik dönəmində dövlətin, hökumətin yanında olaraq bütün maliyyə imkanlarını işçilərə əmək haqqı verməyə sərf etmişlər. Pandemiyanın yaratdığı fəaliyyətsizlik və maliyyə itkisi səbəbindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən müstəqil audit cəlb edə bilməmişlər. Çünki fəaliyyətlərinin bir hissəsini 31 may 2021-ci ildən etibarən bərpa edə bilmişlər və şirkət tam fəaliyyətini 07 oktyabr 2021-ci ildə bərpa etmişdir. Fəlaliyyətə başladıqdan sonra müəssisənin bütün maliyyə imkanlarını, bütün resurslarını müəssisəni ayağa qaldırmağa səfərbər etmişlər, çünki insanlara əmək haqqı vermək kimi bir öhdəlikləri olmuşdur. Bu günə kimi pandemiyanın yaratdığı çətinlikdən hələ də xilas ola bilməmişlər. Çünki maliyyə tənəzzülünə görə 2021-ci ildə 1 restoran, 2022-ci ildə isə 2 mağaza və 1 restoran bağlamağa məcbur olmuşlar. Bütün bunları nəzərə alaraq məhkəmə prosesi zamanı Mülki Məcəlləsinin 91.4-cü maddəsinin icra edilməməsinin pandemiya səbəbindən olduğunu nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən auditor təşkilatları və sərbəst auditorların təqdim etdikləri hesabatlara əsasən 2021-ci ilin yekunları üzrə sahibkarlıq subyektlərinin (kommersiya qurumlarının) auditdən keçmələri vəziyyətini əksi etdirən siyahı hazırlanmışdır. Mövcud qanunvericiliyin tələblərini pozmaqla məcburi auditdən yayınan sahibkarlıq subyektləri barədə məlumat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilmişdir. Həmin siyahıda Şəxs MMC-nin adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 20 sentyabr 2022-ci il tarixli MİHO/1.1-2-2022-5707 saylı bildirişindən görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 07 oktyabr 2022-ci il tarixdə, saat 09:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, 2020-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyi mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək göstərilən emailə göndərilməsi xahiş edilmiş, lakin inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Həmin Məcəllənin 99.2-ci maddəsinə uyğun olaraq açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hamının tanış olması üçün hər il dərc etməyə borcludur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 12.3-cü maddəsinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. “Mühasibat uçotu haqqında” Qanunun 12-1.9-cu maddəsinə uyğun olaraq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən publik hüquqi şəxslərdən, nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan, Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərdən, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan publik hüquqi şəxslərdən (dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, peşə təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi istisna olmaqla) illik maliyyə hesabatını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbu orqanda dərc etdirməsi tələb olunur. Qanunun 16.1-ci maddəsinə uyğun olaraq mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən ediimiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan aitı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, qeyd edilən normaların məzmunundan göründüyü kimi Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmalı olduğu halda aparılmamış, nəticədə inzibati xəta hadisəsi törədilmişdir. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, pandemiya dövründə müəssisəsnin maddi durumunda çətinlik yaranması onu qanunvericiliyin tələblərini yerinə yetirmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 114-117, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar