Məhkəmə qərarları › İş №3(009)-1675/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1675/2024

24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1675/2024 24.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 24 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ictimai qaydanı pozmuş və polisə tabesizlik göstərmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 9-cu polis bölməsinin polis sahə rəisi, polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs 23 iyul 2023-cü il tarixdə saat 18:50 radələrində Fəvvarələr meydanında ictimai qaydanı pozmuş, nalayiq ifadələr işlətmiş və polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayıb tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qeyd edilən şəxslər bir neçə gün əvvəl də meydan da toplaşaraq ictimai qaydanı pozmuş və onlara bu cür hərəkətləri pozmamaları barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, inanclarını fəvvarələr meydanında insanlarla bölüşmək istəmiş və bununla bağlı əllərində bayraqlarla sülhə dəvət etmək üçün bukletlər paylayan zaman, polis əməkdaşları onlara yaxınlaşmışlar, onlara buklet paylamamağı bildirmişlər, lakin nəyə görə qanunsuz hesab edilməsini bildirməmişlər, o isə bu zaman canlı video çəkiliş aparmışdır, daha sonra mübahisə yaranmışdır, polislərdən nəyə görə onlara yaxınlaşdıqlarını soruşmuş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışlar, post patrul maşını gələnədək onlara zor tətbiq edilmiş və təhqirə məruz qalmışlar, bundan sonra bölməyə aparılmışlar. Orada da o və digər yoldaşına fiziki zor tətbiq edilməklə döyülmüşlər. Qeyd olunanların nəzərə alınmasını və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil izahatında bildirdi ki, Şəxs ictimai qaydanı pozmamış, polisə qarşı tabesizlik göstərməmişdir. Sosial şəbəkədə paylaşılan videodan da görünür ki, o və tanışı insanları sülhə dəvət edirlər, artıq hərəkət etmirlər, heç kəsi narahat etmirlər. Sadəcə haqq-ədalətlə bağlı buklet paylamaq və insanları sülhə dəvət etmək cəmiyyətdə naraharçılığa səbəb ola bilməz. Bu zaman polis əməkdaşları onlara yaxınlaşıblar, lakin onların qanunsuz hərəkətlərinin nədən ibarət olduğunu bildirə bilməyiblər. Polisi çəkmək qanunla qadağan deyil, əksinə polis əməkdaşları dözümlü olmalıdırlar. Onunla profilaktik söhbət aparıla bilərdi, bunun əvəzinə isə o döyülmüş və təhqir edilmiş, ona işgəncə edilmişdir. Onun yeni dünyaya gəlmiş övladı var, anası ruhi xəstədir, ailəsinin tək gəlir gətirənidir. Qeyd edilənləri nəzərə alaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahat verərək bildirdi ki, 23 iyul 2024-cü il tarixdə saat 18:50 radələrində xidməti ərazidə olan zaman Fəvvarələr meydanında 2 nəfər şəxsin yüksəkdən danışaraq səs-küy saldıqlarını gördükləri üçün həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək onları intizama dəvət etmişlər. Buna baxmayaraq onlar tabesizlik göstərərək etdikləri əməli davam etdirmişlər. Həmin şəxslər PB-yə dəvət edilmiş, PB-də məlum olmuşdur ki, həmin şəxslərdən biri Şəxsdur. Həmçinin bildirmişdir ki, ona polis əməkdaşları tərəfindən heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 iyul 2024-cü il tarixli raportdan görünür ki, 23 iyul 2024-cü il tarixdə saat 18:50 radələrində xidməti ərazidə olan zaman Fəvvarələr meydanında 2 nəfər şəxsin yüksəkdən danışaraq səs-küy saldıqlarını gördükləri üçün həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək onları intizama dəvət etmişlər. Buna baxmayaraq onlar tabesizlik göstərərək etdikləri əməli davam etdirmişlər. Həmin şəxslər PB-yə dəvət edilmiş, PB-də məlum olmuşdur ki, həmin şəxslər X2 və Şəxsdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 23 iyul 2023-cü il tarixdə saat 18:50 radələrində Fəvvarələr meydanında ictimai qaydanı pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin həmin vaxt polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 30 (otuz) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən, saat 19:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 23 iyul 2024-cü il tarixdən, saat 19:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar