Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1679/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Hüseyxanova Sevinc Eynur qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşları xx.xx.2002-ci il təvəllüdlü Zameer Muahammad və xx.xx.1994-cü il təvəllüdlü X4 iş icazəsi olmadan Şəxs MMC-də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə protokolu müdafiə edərək bildirmişdir ki, Xidmətə Şəxs MMC-də Zameer Muahammad adlı əcnəbinin işləməsi barədə məlumat daxil olmuşdur. Həmin əcnəbi Xidmətə dəvət edilmiş, izahatı alınmış və şəxs orada işlədiyini etiraf etmişdir. Belə ki o, may ayından etibarən müvafiq iş icazəsi olmadan “Namaste” restoranında aşpaz kimi işləmişdir. Halbuki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 66.0.3-cü maddəsinə əsasən işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduğu üçün Zameer Muahammadinin işləməsi üçün kvota ilə imtina verilmişdir. Şəxs iş icazəsi olmadan həmin müəssisədə işlədiyi üçün Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs MMC barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı Zameer Muahammadinin işləməsi üçün müraciət edilmiş, lakin imtina verilmişdir. Bundan sonra onun ölkəni tərk etməsi üçün Qətər Dövlətinə bilet almış, lakin həmin vaxt restoranda Miqrasiya İdarəsi tərəfindən yoxlanış aparılmışdır. Bu zaman o, iş başında olmamışdır. Göstərilənlərə əsasən inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan yaşamaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575,1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş Pakistan islam Respublikasının vətəndaşları xx.xx.1991 -cı ıl təvəllüdlü Saqlain Muhammad, 12.11 2004-cü il təvəllüdlü Muhammad Sameer və xx.xx.2006-cı il təvəllüdlü Talha Shahzaib müəyyən edilərək, barələrində müvafiq tədbir görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təhvil verilmişlər. Keçirilmiş həmin tədbirlər zamanı digər Pakistan İslam Respublikasının vətəndaşları - xx.xx.1977-cı ıl təvəllüdlü Malik Şahid (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi: MYİ № 0721130) adlı şəxsin ünvan 1 ünvanında yerləşən "Halal Zaıka" restoranında, xx.xx.1991-cı il təvəllüdlü X4 (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi: MYİ № 0721T30) və xx.xx.2002-ci il təvəllüdlü Zameer Muhammad (pasport № CT5220241) adlı şəxslərin isə ünvan 2 ünvanında yerləşən “Namaste" restoranında qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərardan görünür ki, Pakistan İslam Respublikasının vətəndaşı Zameer Muhammadin iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Pakistan İslam Respublikasının vətəndaşı Zameer Muhammadin xx.xx.2024-cü il tarixdən Şəxs MMC-də iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Pakistan İslam Respublikasının vətəndaşı Zameer Muhammadinin xx.xx.2024-cü il tarixli izahatından görünür ki, ilk dəfə Azərbaycan Respublikasına xx.xx.2024-ci il tarixdə gəlmişdir. Azərbaycana gəlməkdə məqsədi burada işləmək idi. Gələndən sonra bugünə kimi Şəxs MMC-yə məxsus olan "Namaste" restoranında işləyir. İşi orada yemək bişirməkdən ibarətdir. Bu işinin müqabilində restoran rəhbəri Elsevər Əliyev ona hər gün üçün 25 manat pul verirdi. Restoran mərkəzdə yerləşir. Onun əmək haqqı hər gün nağd şəkildə verilirdi. İş saatı hər gün saat 11:00-dan 22:00-a qədər olurdu. Ona iş icazəsi almaqla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət olunmuşdur, lakin Miqrasiyadan müraciətinə rədd cavabı verilmişdir. Lakin buna baxmayaraq, o, icazəsiz olaraq işləməyə davam etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli iş icazəsinin verilməsindən imtina olunması haqqında qərardan görünür ki, Şəxs MMC-nin xx.xx.2024-cü il tarixli müraciəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Miqrasiya Xidməti sərhədkeçmə məlumatlarından görünür ki, Zameer Muhammad xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına giriş etmiş, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ölkədən çıxış etmişdir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 51-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq üçün icazə ilə yanaşı, iş icazəsi almalıdırlar. Həmin Məcəllənin 51-ci maddəsinin 6-cı bəndinə əsasən kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs bu Məcəllə ilə müəyyən edilmiş qayda və şərtlərlə onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsi ilə iş icazəsi aldıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hüquqi şəxslərin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin onlar üçün iş icazəsi almasından sonra Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Məcəllənin 66.0.3-cü maddəsinə əsasən işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Pakistan İslam Respublikasının vətəndaşı xx.xx.2002-ci il təvəllüdlü Zameer Muahammad iş icazəsinin verilməsindən imtina olunmasına baxmayaraq Şəxs MMC-də haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona görə də Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görəvəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15000 (on beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1679/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1679/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver