Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1680/2021 16.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1990-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB-si tərəfindən tərtib edilmiş 16 avqust 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 16 avqust 2021-ci il tarixdə, saat 10:30-da Z.Əliyeva küçəsində 10PA345 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən vətəndaş Şəxs polis əməkdaşlarının qanuni tələbinə bilərəkdən əməl etməmiş və tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru X2 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə, saat 10:30-da Zərifə Əliyeva küçəsində 10BA345 dövlət qeydiyyat nişanlı “Volkvagen Passat” markalı avtomobillə hərəkətdə olduğu zaman YPX ekipajı onu dayan-durma qadağan olunan yerdə saxlayaraq avtomobilində qabaq yan şüşələrində tündləşdirici plyonka olduğuna görə irad bildirdiyini, avtomobili tərk etməyini və YPX avtomobilinə yaxınlaşmağını bildirdi. Əvəzində isə belə bir qanun olmamasını və bunun qanuna zidd olmadığını bildirmişdir.Polis əməkdaşı on aavtomobildəndüşməyini bildirmiş, oisə səbəbsiz yerə saxlandığını deyərək avtomobildən düşməmişdir. Digər YPX əməkdaşı qardaşının telefonunun əlindən alındığına görə 102 xidmətinə zəng vurmağının ona kömək etməyəcəyini bildirərək polis əməkdaşlarına qarşı tabesizlik və müqavimət göstərdiyinə görə onu bölməyə aparmışlar. Onu da qeyd etmişdir ki, qabaq yan şüşələrində 15% tündləşdirici plyonka olması qanun tələblərini pozmur. Məhkəmə iclasında şahid qismində dindirilən Bakı şəhəri DYP-nin inspektoru X5 bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə, saat 10:30-da Z.Əliyeva küçəsində 10PA345 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən vətəndaş Şəxs avtomaşının qabaq yan şüşələrini plyonka ilə idarə etdiyinə görə saxlanılmış və ona qanun pozuntusu izah edilmişdir. Sürücü qanuni iradlarını qəbul etməyərək onlarla mübahisə etmiş və tabesizlik göstərmişdir. Həmin əraziyə PPX əməkdaşları çağırılmış və vətəndaş ərazi üzrə 39-cu PB-yə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin PPXB-nin polis kiçik serjantı X3 bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə, saat 10:40 radələrində Z.Əliyeva küçəsində YPX əməkdaşlarına kömək lazım olduğu üçün onların həmin ünvana yaxınlaşması barədə göstəriş verildi. Onlar həmin ünvana yaxınlaşdıqda vətəndaşın polisin qanuni iradlarını qəbul etməyərək mübahisə etdiyinin və tabesizlik göstərdiyinin şahidi olmuşlar. Həmin vətəndaş onlar tərəfindən ərazi üzrə 39-cu PB-yə dəvət edilmişdir.Vətəndaş Baxşizadə əvvəlcə onların tələblərinə tabe olmaqdan imtina etsə də daha sonra onlarla PB-yə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Səbail RPİ-nin PPXB-nin polis nəfəri X6 bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə, saat 10:40 radələrində Z.Əliyeva küçəsində YPX əməkdaşları kömək lazım olduğu üçün onların həmin ünvana yaxınlaşmasını bildirdilər. Onlar həmin ünvana yaxınlaşdıqda vətəndaşın polisin qanuni iradlarını qəbul etməyərək mübahisə etdiyinin və tabesizlik göstərdiyinin şahidi olmuşlar. Belə ki, vətəndaş avtomobildə əyləşərək, avtomobildən düşməkdən imtina edirdi. Həmin vətəndaş onlar tərəfindən ərazi üzrə 39-cu PB-yə dəvət edilmişdir. Vətəndaş Baxşizadə əvvəlcə onların tələblərinə tabe olmaqdan imtina etsə də daha sonra onlarla PB-yə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, Şəxs onun qardaşıdır, hadisə baş verən zaman o qardaşı ilə avtomobildə olmuşdur. Polis əməkdaşları onlara yaxınlaşaraq avtomaşının qabaq yan şüşələrini plyonka ilə idarə etdiyini qardaşına bildirdi, qardaşı isə onlara qanunu tələblərini izah etsə də onlar razılaşmayaraq avtomobilin şüşəsindəki plyonkaları sökməyə çalışaraq həmin yerə PPX əməkdaşları çağırdılar. Bu zamanı o, telefonu ilə çəkiliş etmək istəmiş, polis əməkdaşları isə ona mane olmağa çalışmışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 16 avqust 2021-ci il tarixli raportdan görünür ki, 16 avqust 2021-ci il tarixdə, saat 10:30-da Volksvagen markalı 10PA345 dövlət qeydiyyat nişanlı avtomobil qabaq yan və alın şüşəsində tünd plyonka vurulduğuna görə saxlanılmış, ondan plyonkanın yerindəcə sökməsini xahiş edildiyi halda vətəndaş cavabında “yaxşı eləmişəm” sözləri ilə polisin qanunu tələblərinə əməl etməmişdir. Sürücünün tabesizlik əməllərinə görə PPX-dan kömək çağırılmışdır. Beləliklə, Şəxs törətdiyi inzibati xəta əməli, onun polisin qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə, tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31, 43, 114, 115, 128.2.1, 130.1 və 535-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1680/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1680/2021
16.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver