Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1680/2024 09.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış) X1, inzibati tənbeh vermə haqqında qərar çıxaran Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X4 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 16 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 16 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 iyul 2024-cü il tarixdə saat 16 radələrində “Subaru Legacy” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsinin sağ zolağı Puşkin küçəsi ilə kəsişməsi istiqamətində hərəkət edib həmin sağ zolaqda yerdə düzünə və sağa dönmək işarəsinə uyğun sağa dönmə etdikdən sonra “giriş qadağandır” nişanını görüb avtomobili saxladı, lakin döngədən sonra dayanmış DYP avtomobilində xidmət aparan inspektor yaxınlaşaraq sağa dönməyə icazənin olmadığını və “giriş qadağandır” nişanın tələbini pozduğunu bildirmişdir. İnspektora avtomobili idarə etdiyi zolaqda yerdə çəkilmiş düzünə və sağa dönməyi icazə verən işarəyə uyğun hərəkət etdiyini, yol kəsişməsində digər yol nişanın olmadığını bildirdikdə, o, Ü.Hacıbəyov küçəsi ilə Puşkin küçəsinin kəsişməsində quraşdırılan düzünə və sola dönməyi icazə verən istiqamət nişanını göstərmişdir. Həmin yol nişanı reklam plakatın arxasında sürücülər üçün görünməyən yerdə quraşdırıldığından avtomobildə hərəkət zamanı onu görmək mümkün olmur, həmin nişan öncədən aydın görsənən yerdə olmalı və onun görüntüsünü məhdudlaşdıran hər hansı maneə olmamalıdır. Bu yol nişanın yerinin düzgün olmaması (görünməməsi) səbəbindən yerdəki nişan cizgilərinə uyğun hərəkət etdiyini, yerdəki və quraşdırılan nişanlar arasında ziddiyyət (uyğunsuzluq) olduğunu bildirib etiraz etsə də, inspektor dediklərinə əhəmiyyət verməyib cərimə ilə bağlı İXM-nin 327.2-ci maddəsi ilə əsassız inzibati protokol tərtib etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə həmin prtokol əsasında barəsində 16 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qanunsuz qərar çıxarılmış və o inzibati qərarı əldə edib məhkəməyə şikayət etməli oldu. Son vaxtlar Bakı şəhərinin yollarında aparılan geniş miqyaslı təmir işləri ilə bağlı xeyli müvəqqəti yol nişanları, eləcə də şəhərin mərkəz yollarında hərəkət istiqamətlərinin dəyişdirildiyini göstərən, lakin hərəkət zolaqlarında çəkilmiş yol nişanları ilə ziddiyət təşkil edən fərqli nişanlar quraşdırılmışdır. Bu işlər görülərkən əvvəldən yoldakı xətlər, cizgilər və zolaqlar üzrə hərəkət istiqamətini göstərən asfalt üzərindəki nişanlar yenilənməmiş (pozulmamış və dəyişdirilməmiş), bu da sonradan quraşdırılmış yol nişanları ilə ziddiyyət təşkil etdiyindən bu nümunədə sürücüləri çaşdırır və sürücülərdən asılı olmayan səbəblərdən inzibati xəta törətmələrinə şərait yaratmış olur. Qərarı əldə etdikdən sonra məlum olmuşdur ki, Bakı şəhəri DYPİ-nin polis kapitanı Fərid İldırımzadə tərəfindən inzibati icraat aparılıb qərar tərtib edilərkən İXM-nin tələblərinin kobud pozuntularına yol verilmişdir. Belə ki, İXM-nin 115.1.1-ci maddəsinin tələbləri pozularaq vəzifəli şəxsin vəzifəsi göstərilməmişdir. Eyni zamanda İXM-nin 115.1.3-cü maddəsinin tələbləri pozularaq inzibati qərarda şəxsin fərdi identifıkasiya nömrəsi qeyd edilməmişdir. Bu hal inzibati icraat zamanı inzibati qanunvericiliyinin tələblərinin pozulması kimi qəbul edilir. Həmçinin, “Yol-patrul xidməti haqqında Təlimat’ın təsdiq edilməsi barədə Daxili İşlər Nazirliyi Kollegiyası qərarının 7.17-ci bəndinə əsasən YPX-nin aparılması qaydasında çatışmazlıqlar aşkarlandıqda YPX inspektoru bu barədə növbətçiyə məlumat verir ki, o da bunları “Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətində müəyyən edilən çatışmazlıqların uçotu jurnalı”na qeyd edir. Nasazlıqlar və hərəkət üçün maneələr aradan qaldırılana qədər zəruri olduqda hərəkətin tənzimlənməsini həyata keçirir, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görür. Həmin Qərarın 30.1.3-cü bəndinə görə xidmət ərazisində quraşdırılmış yol nişanlarının qanunvericiliyə uyğunluğu və tamlığı, svetoforların və digər yol qurğularının sazlığının gündəlik olaraq müayinə etməklə qeydiyyatını aparmaq, mövcud çatışmazlıqlar barədə növbətçi hissəyə məlumat verməklə onların aradan qaldırılmasını təmin etmək vəzifə borcu olduğu qeyd edilmişdir. Həmin Qərarın “yol hərəkətinə nəzarət və metodları forması” bölməsinin 4.14-cü bəndinə əsasən stasionar postlar “Silah, əməliyyat-texniki və xüsusi vasitələrin təhvil verilib alınması jurnalı” (Təlimata 6 nömrəli), “Postun təhvil-təslim jurnalı” (Təlimata 7 nömrəli əlavə), “Daxil olmuş göstərişlərin uçotu jurnalı” (Təlimata 8 nömrəli əlavə), “Axtarışı elan edilmiş nəqliyyat vasitələrinin uçotu jurnalı” (Təlimata 9 nömrəli əlavə), “Nəqliyyat vasitəsinin saxlanca qəbul edilmə jurnalı” (Təlimata 10 nömrəli əlavə), “Yol şəraiti, texniki tənzimləmə vasitələri və yol nişanlarının vəziyyətində müəyyən edilən çatışmazlıqların uçotu jurnalı” (Təlimata 11 nömrəli əlavə) ilə təmin olunur. Bundan başqa “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə 21 dekabr 2010-cu il tarixli 29-İVQ saylı Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 1 -ci bəndinə görə sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır; lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasma səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Həmin Qanunun eyni maddəsinin 4-cü bəndinin "a” yarımbəndində qeyd edilir: nişanlar elə yerləşdirilməlidir ki, onlar hərəkət hissəsində nəqliyyat vasitələrinin hərəkətinə mane olmasın, yol çiynində isə piyadaların hərəkətinə mümkün qədər az mane olsun. Nişanın quraşdırıldığı tərəfdə yol səthindən onun aşağı kənarına qədər olan məsafə imkan daxilində eyni yolda yerləşdirilmiş eyni kateqoriyaya daxil olan nişanlar üçün bərabər olmalıdır. Həmin bəndin “b” yarımbəndində göstərilir: nişanın ölçüləri onun uzaq məsafədən yaxşı görünüşünü və ona yaxınlaşdıqda aydın başa düşülməsini təmin etməlidir; nişanların ölçüləri bu bəndin “c” yarımbəndində nəzərdə tutulmuş qeyd nəzərə alınmaqla nəqliyyat vasitələrinin normal hərəkət sürətinə müvafiq olaraq müəyyən edilir. Hesab edir ki, tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Xətanın olması ilə bağlı DYP-nin mötəbər və təkzibedilməz başqa sübutu varsa onu təqdim etməli və bu sübut məhkəmədə araşdırılaraq xətanın törədilməsində təqsirli olub olmamağı müəyyən edilməlidir. Belə ki, xətanı sübut etmə vəzifəsi dövlət qurumunun, konkret halda Bakı şəhəri DYPİ-nin üzərinə düşür (İXM-nin 8.2 və 8.3 maddələri). Ona görə də, Bakı şəhəri DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən xəta hər hansı sübutla təsdiqini tapmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə çıxarılmış həmin qərar ləğv edilməli və eyni məcəllənin 53-cü maddəsinə əsasən barəmdə olan inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasım təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, həmin məcəllənin 75.0.7-ci maddəsinə əsasən işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb edilmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Eyni Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında iştirak edən şikayətçi (barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış) X2 izahatında bildirmişdir ki, zolağa uyğun dönmüşdür və döndükdən sonra 10 metr irəli gedən zaman giriş qadağandır işarəsini görmüş və avtomobili saxlamışdır. Həmin zaman polis əməkdaşı ışıqları ilə xəbərdarlıq etdiyini görərək geri qayıtmamış avtomobilindən düşüb polis əmədaşına doğru yaxınlaşmışdır. Polis əməkdaşı işarənin tələblərini pozduğunu bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xəttalar Məcəlləsinin 6-cı bəndində görsənir ki, bütün quraşdırılan nişanlar sürücünün qavrayacağı məsafədə olmalıdır. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxaran Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X4 İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, sağa dönülən zaman giriş qadağandır işarəsini görən Ağamirzəyev Orxan geri qayıtmamış daha da irəli getmişdir. İşarəni gördükdən sonra saxlamalı olduğu halda o davam etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 16 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 16 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və diskdən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 15:45 radələrində Səbail rayonu, Puşkin 7b küçəsində “Subaru Legacy” minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 80 manat məbləğində inzibati cərimə edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Maddənin tələbindən göründüyü kimi 3.1—3.3, 3.18.1, 3.18.2, 3.19, 3.27 yol nişanları qadağan nişanları hesab edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Məhkəmə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Hazırki şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 icraat zamanı prosessual pozuntulara yol verilməsi və bununla əlaqədar iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayətinə məhkəmə bildirilir ki, vəzifəli şəxs və ya məhkəmə (hakim) tərəfindən inzibati xəta haqqında işə baxılarkən inzibati xətaya dair iş üzrə icraat aparılan zaman pozuntulara yol verilməsi müəyyən edildiyi təqdirdə qeyd edilən hal inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs barəsində müəyyən təsir tədbirlərinin görülməsi üçün əsas hesab oluna bilər, lakin təqsirli bilinən şəxsin inzibati məsuliyyətini aradan qaldırmır. Hazırki halda X2 tərəfindən Azərbaycan Respublikası İXM-İn 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi işin təkzibedilməz halıdır və iş materialları, o cümlədən proses iştirakçılarının izahatları ilə təsdiq edilərək, tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X1 şikayəti rədd olunmalı, Bakı şəhər X4 İdarəsinin 16 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X5 İdarəsinin 16 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-1680/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1680/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver