Məhkəmə qərarları › İş №3(009)-1682/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1682/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1682/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 19 oktyabr 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli, 13 fevral 2020-ci il tarixli İcra sənədi üzrə borclu Şəxs 15 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi 18 fevral 2020ci il traixdə icraata daxil olmuş və müvafiq qərarla icra tədbirlərinə başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş borclunun ünvanına göndərilsədə, tələb borclu tərəfindən icra edilməmiş və borclu barəsində məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu 19 oktyabr 2022-ci il tarixli izahatında sözügedən icra sənədindən xəbərdar olduğunu, Nyu York məhkəməsinin qərarına əsasən həftəlik 113 dollar alimenti 2021-ci ilin iyun ayına kimi tərəfindən ödənildiyini, iyun ayından hazırki tarixədək isə alimentin məbləğinin dəyişdirilərək aylıq 270 dollar müəyyən edildiyini, lakin həmin məbləğdən 2022-ci ilin mart ayına qədər ödəniş etdiyini, sonradan isə ödənişləri dayandırdığını bildirmişdir. Tələbkarın nümayəndəsi tərəfindən daxil olmuş ərizəyə əsasən yaranmış 6100 manat aliment borcunu borclu Şəxs qəbul etmədiyini və həmin məbləğdən artığını ödədiyini bildirmişdir. Hazırda borclu "xxxx" MMC-də işləyir və 300 manat əmək haqqı alır. O, uzun müddət Amerikada yaşadığını bildirmişdir. Həmçinin, Yasamal rayon məhkəməsinin qərarına əsasən Nilüfər Əliyevanın ona 35600 (otuz beş min altı yüz) manat üzrə borclu olduğunu və həmin qərar üzrə borclunun axtarışa verildiyini bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, barəsində Nyu York məhkəməsinin qərarına əsasən həftəlik 113 dollar aliment 2021-ci ilin iyun ayına kimi tərəfindən aliment ödənilib, iyun ayından bu ilin mart ayınadək isə aliment məbləği dəyişdirilərək aylıq 270 dollar ödəniş etmişdir. Buna görə də alimentin tutulmasına dair icra sənədi üzrə ödənişlər etməmişdir. Niyyəti borcdan yayınmaq olmamışdır. Hal-hazırda ABŞ-da vergi ödəyicisi olmadığı üçün ondan pul tutulmur. Nyu York məhkəməsinin qərarına əsasən qarşı tərəfə 6100 manatdan artıq ödəniş etmişdir. Hazırda "xxxx" MMC-də işləyir və 300 manat əmək haqqı alır. Həmçinin bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən Nilüfər Əliyevanın ona 35600 manat məbləğində borcu vardır ki, həmin qərar üzrə borclu şəxs icra məmuru tərəfindən axtarışa verilmişdir. Onun 6100 manat borcu ilə həmin icra sənədi üzrə olan borc göstərilən həcmdə əvəzləşdirilə bilər. Hazırda aliment borcundan 250 manat ödəniş etmişdir. Valideyinləri ilə birlikdə yaşayır. Borcun silinməsi ilə bağlı sənədləri toplayıb məhkəməyə müraciət edəcəkdir. Borc silindikdən və ya əvəzləşdirildikdən sonra aylıq aliment məbləğini ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 237/2020 nömrəli, 13 fevral 2020-ci il tarixli İcra sənədi üzrə borclu Şəxs 15 oktyabr 2019cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan 19 oktyabr 2022-ci il tarixdə 250 (iki yüz əlli) manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-237/2020 nömrəli, 13 fevral 2020-ci il tarixli İcra sənədi üzrə borclu Şəxs 15 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Elektron İcra Sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Hazırda (xx.xx.2022-ci il tarixdə) Şəxs borcundan 250 (iki yüz əlli) manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, xx.xx.2022-ci il tarixdə Şəxs borcundan 250 (iki yüz əlli) manat ödəniş etməsini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar