Məhkəmə qərarları › İş №3(009)-1683/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1683/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1683/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin polis inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil Rüfət oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Tovuz rayonu, Əlimərdanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinə dəvət olunduqda polis bölməsindən qaçmağa cəhd göstərmiş, polis kapitanı A.Zabilova tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin polis inspektoru, polis mayoru X6 izahatında bildirmişdir ki, müəyyən görüntülərlə bağlı vətəndaş Şəxs maşını xx.xx.2022-ci il tarixdə cərimə meydançasına aparılmış və o, özü də polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilmişdir. xx.xx.2022-ci il tarixdə yol patrul xidmətinin əməkdaşları tərəfindən vətəndaş Şəxs 8-ci polis bölməsinə gətirilmiş və bildirilmişdir ki, DYP İdarəsində o, polis əməkdaşalrına tabesizlik göstərmiş, kobud rəftar edərək, maşına dair sənədləri təqdim etməmişdir. Bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, saat 00:30 radələrində inspektor ona zəng edib harda olduğunu soruşmuş, o, evdə olmuşdur. İnspektor evlərinin həyətinə maşının yanına yaxınlaşmış və ona maşını təhvil verilməli olduğunu və maşının cərimə meydançasına aparılmalı olduğu, səhəri günü isə şöbəyə gəlməli olduğunu bildirmişdir. O, maşının açarını onlara təhvil vermiş və evə qayıtmışdır. Səhər saat 08-00-dan isə şöbəyə yaxınlaşmış, məsələni aydınlaşdırmaq istəmiş, ona heç kim konkret bir söz deməmişdir. Video görüntülərlə bağlı sual verilmiş, o da həmin görüntülərdəki şəxsin o olmadığını, ümumiyyətlə belə paylaşım etmədiyini bildirmişdir. Ona məxsus avtomobil “BMW F10” markalıdır, amma videoda göstərilən avomobil F30-dur. Gecə çəkilmiş video ona aid deyil, səhər çəkilmiş video görüntüdə isə onun maşınını sadəcə arxadan çəkiblər. Həmin hadisə 2021-ci il mart ayının 15-də baş vermişdir. Həmin video görüntüsü sosial şəbəkədə paylaşılmışdır, onun isə heç bir sosial şəbəkədə hesabı yoxdur. Bütün gün ərzində şöbənin qarşısında dayanıb sakit gözləmişəm, içəri daxil olub sual verdikdə, polis əməkdaşları ona gözlə demişdir. Polis əməkdaşına qarşı heç bir tabesizlik halına yol verməmişdir. Daha sonra o axşam saatlarında 8 saylı polis bölməsinə gətirilmiş, orada izahatı alınan zaman təqsirli olmadığını bildirmiş, izahata imza etməkdən imtina etmişdir. O nəzarətçi işləyir, səhərdən axşama qədər işdə olur, evə axşam gəlir və xəstə anasına baxır. Subaydır. Qeyd edilənlərin nəzərə alınaraq icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin vəkili Vəkil Rüfət oğlu izahatında bildirmişdir ki, sahə müvəkkili tabesizliyin nə olduğunu bildirə bilməmiş, əməliyyat müvəkkili bölmədə, sahə inspektoru isə DYP şöbəsində olduğunu bildirmişdir. Maşın qanunsuz olaraq cərimə meydançasına yerləşdirilmiş, protokol tərtib edilsə də barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə təqdim edilməmişdir. Vətəndaş səhər saatlarından qanunsuz olaraq şöbədə saxlanılmışdır. Video görüntülərdəki şəxsin Şəxs olması müəyyən edilməmişdir. Şahidin hadisədən xəbəri olmamışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin X9 şöbəsi yol patrulu xidməti inspektoru, polis baş serjantı X1 izahatında bildirmişdir ki, o, Şəxs ilə gecə saatlarında əlqə saxlamış və onun evinin həyətinə maşının yanına yaxınlaşmışlar. Ona müəyyən görüntülərlə bağlı maşını təhvil verməli olduğunu və maşının cərimə meydançasına aparılmalı olduğunu, həmçinin səhəri günü şöbəyə gəlməli olduğunu bildirmişdir. Sonradan ona məlumat verilmişdir ki, səhər saatlarında Şəxs şöbəyə gəlmiş, Bakı şəhəri Səbail rayon DYP şöbəsində polis mayoru, rəis müavini Ağamaliyev Elşənə-baş inzibatçıya qarşı vətəndaş Şəxs inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə tabesizlik göstərmişdir. Onlara Şəxs 8-ci polis bölməsinə təhvil vermələri bildirilmiş, o da patrul yoldaşı ilə gedib şöbədən Şəxs gətirib 8-ci polis bölməsinə təhvil vermişlər. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail RPİ 8-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Aslan Zahidov tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Səbail RPİ-nin X9 Şöbəsinin 252 çağırışlı avtopatrulun yol patrul xidməti inspektorları X1 və X2 vətəndaş Şəxs idarə etdiyi “BMW” markalı “**-HF-***” dövlət qeydiyyat nişanlı avtomobili etdiyi inzibati xəta səbəbindən saxladığı zaman, Şəxs onlara tabesizlik göstərmiş və bu səbəbdən X7 əməkdaşları həmin şəxsi Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gətirmiş, bölmənin inzibati binasında olarkən vətəndaş Şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək bölmənin əməkdaşlarının iş fəaliyyətini pozmuşdur. Polis əməkdaşları onu nizam-intizama dəvət edərkən o, polis kapitanı Aslan Zahidov sinəsindən itələyərək qaçmağa cəhd göstərmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinə dəvət olunduqda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (İXM 32.2) Şəxs məsuliyyətiniyüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 10 (on) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 19 oktyabr 2022-ci il tarixdən, saat 18:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 oktyabr 2022-ci il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar