Məhkəmə qərarları › İş №3(009)-1689/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1689/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1689/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsi tərəfindən tərtib edilmiş 30 sentyabr 2022-ci il tarixli 13000-1088/** EP ***5443 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 34/012/005524 saylı raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə ixracatçı idxalçı hüquqi şəxs ’’Unifort” MMC (VÖEN:**********) ünvanına göndərilən mallar **********5364 saylı gömrük bəyannaməsi üzrə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Nəticədə”Unifort” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş ”Unifort” MMC məhkəməyə ərizə ilə müraciət edərək iş onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş ”Unifort” MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ”Unifort” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları idarəsinin, Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 50619873,57372336, 50976307,50667369,57355281 qeydiyyat nömrəli dəmiryol vaqonları ilə göndərilən yük "Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Qeyd edilən qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilməməsi müvafiq qanunvericiliyə əsasən bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Belə ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilməmişdir. Həmçinin, qısa idxal bəyannaməsinin olmaması təqdim edilmiş **********5364 sorğu nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasında öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması barədə çıxarışlardan görünür ki, Şəxs MMC-nin ünvanına 50619873,57372336, 50976307,50667369,57355281 qeydiyyat nömrəli dəmiryol vaqonları ilə göndərilən mallar xx.xx.2022-ci il tarixdə "Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən qısa idxal bəyannaməsi gömrük orqanına elektron formada xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmək üçün göndərilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC-nin barəsində icraat aparılan zaman nümayəndəsi X2 iştirakı təmin edilmiş və o, öz izahatında bildirmişdir ki, MMC tərəfindən idxal edilmiş mallara dair qısa idxal bəyannaməsi malları daşıyan şirkət tərəfindən nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük sərhədinə çatma vaxtının öncədən bildirilməməsi, həmçinin nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük sərhədini hüquqi şəxsi məlumatlandırmadan keçməsi səbəbindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs”Unifort” MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar