Məhkəmə qərarları › İş №3(009)-1695/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1695/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1695/2021 26.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 17 avqust 2021-ci il tarixli 00100-1584/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC adına Türkiyə Respublikasından 31AVD58/31R1426 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş və **********7564 sorğu nömrəli 09.08.2021-ci il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük organına bəyan edilmiş mallara dair gömrük bəyannaməsi və digər sənədlərin düzgünlüyünün araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına 31AVD58/31R1426 nömrəli nəgliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş gaydada mallar gömrük sərhəddini keçənədək elektron qaydada gısa idxal idxal bəyannaməsi təqdim edilməmişdir. Nəticədə, gömrük gaydaları əlehinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin adına Türkiyə Respublikasından idxal edilən malların daşındığı 31AVD58/31R1426 nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə 07.08.2021-ci il saat 23:05-də daxil olduğu, lakin həmin mallara dair tərtib olunmuş **********4160 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin isə malların daşındığı nəqliyyat vasitəsi gömrük sərhəddini keçdikdən sonra, yəni 08.08.2021-ci il saat 13:42-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərildiyi məlum olmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə rutulmuş inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 31AVD58/31R1426 nömrəli avtomobillə daxil olmuş yüklər **********7564 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün '**********564 saylı bəyannamənin 40-cı qrafasında qeyd edilməmişdir. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Gömrük Xidmətinin Vahid X1 çıxarışdan görünür ki, 31AVD58/31R1426 nömrə nişanlı nəqliyyat vasitəsinin Azərbaycan Respublikasının gömrük ərazisinə 07.08.2021-ci il saat 23:05-də daxil olmuşdur. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X2 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) adına Türkiyə Respublikasından idxal edilən malların daşındığı 31AVD58/31R1426 nömrə nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gömrük ərazisinə 07.08.2021-ci il saat 23:05- də daxil olmuş, lakin həmin mallara dair tərtib olunmuş **********4160 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsi isə malların daşındığı nəqliyyat vasitəsi gömrük sərhəddini keçdikdən sonra, yəni 08.08.2021-ci il saat 13:42-də rəsmiləşdirmək üçün sərhəd gömrük orqanına göndərilmişdir. Məlumat üçün bildirilir ki, 920 saylı 21 may 2016-cı il tarixli “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan X3 izahatında göstərmişdir ki, Şəxs MMC-nin adına Türkiyə Respublikasından 31AVD58/31R1426 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş mallara dair invoys və digər mal müşayiət sənədlərinin göndərən şirkət tərəfindən MMC-yə gec göndərilməsi səbəbindən **********4160 sorğu nömrəli elektron qaydada qısa idxal bəyannaməsinin də gec verildiyini, göndərən şirkətin malların yüklənməsi və Azərbaycan Respublikasına göndərilməsi barədə Şəxs MMC-ni əvvəlcədən məlumatlandırmadığını, gömrük qaydalarının pozulduğunu bildiklərini, gələcəkdə bir daha bu kimi halın təkrarlanmamasına çalışacaqlarını bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 113-cü maddəsinin, 2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış Şəxs MMC-nin nümayəndəsinin izahatı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18.5, 40, 43, 76.1, 114-117 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar