Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1696/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1 vəkili Nümayəndə1, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 ildən artıq müddətdir ki, “Kaizen" kafesi icarə müqaviləsi əsasında fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin (bundan sonra agentlik) Qida məhsulları sahəsində fəaliyyət göstərən Dövlət reyestrindən çıxarış əldə edilmişdir. Fəaliyyət göstərilən dövr ərzində qida məhsularından və göstərilən xidmətlərdən şikayət olmayıb. Cari ilin sentyabr ayında xx.xx.2022-ci il tarixli agentlikdən planlı yoxlama keçirilməsi barədə bildiriş daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə yoxlama keçirilməsinin nəticəsi kimi qərarda soyuducunun rəflərinin bəzi hissələrinin korroziyaya uğraması, mətbəxdə dərmanlama (dezinfeksiya və detarizasiya) işlərinin aparılmaması, soyuducuda göbələk, tərəvəzlər, pizza xəmiri və yumurtanın mal qonşuluğu qaydaları gözlənilmədən saxlanması qeyd edilmişdir. Detarizasiya edilməsə də, dezinfeksiya işləri görülmüş və bu barədə yoxlama dövrünü əhatə edən sənəd mövcuddur. Bununla əlaqədar AR İXM-nin 444.1. maddəsinə əsasən mal qonşuluğu qaydasının pozulmasına görə xx.xx.2022-ci il tarixli MN №1127195 nömrəli “İnzibati tənbeh tətbiq etmə haqqında" qərar tərtib edilərək 600 (altı yüz) AZN məbləğində cərimə tətbiq edilmişdir. Daxil olan bildirişdə yoxlamanın keçirilməsi vaxtı qeyd edilsədə, qaydalar və tələblərin necəliyini əks etdirən rəsmi normativ hüquqi akt və ya onların icra metodunu, eləcə də tətbiq edilmə mexanizmini təsvir edən təlimat və ya digər sənəd mövcud deyildir. Həmçinin bildirişdə göstərilən qaydaların icra metodunu əks etdirən məlumatların hansı aşkar və əlçatan mənbələrdən əldə edilməsi imkanları barədə də məlumatlar əks etdirilməmişdir. Odur ki, tətbiq edilən cərimənin qanunvericiliyə uyğun olmadığını hesab edir. Qeyd edilənləri nəzərə alaraq AQTA Bakı regional bölməsinin İnzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2022-ci il tarixli MN №1127195 qərarını ləğv edilməsi, əməlində inzbati xəta tərkibi omadığı üçün barəsindəki inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili Nümayəndə1, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi Nümayəndə2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, soyuducunun rəflərinin bəzi hissələrinin korroziyaya uğraması, mətbəxdə dərmanlama (dezinfeksiya və detarizasiya) işlərinin aparılmaması, soyuducuda göbələk, tərəvəzlər, pizza xəmiri və yumurtanın mal qonşuluğu qaydaları gözlənilmədən saxlanılması aşkar edilmişdir. X3 AR İXM-nin 144.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu 15-ci maddəsinə əsasən plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risk qiymətləndirilməsi sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. İllik yoxlama planında aşağıdakı məlumatlar göstərilir: yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir); yoxlanılması nəzərdə tutulan sahibkarın adı; yoxlanılması nəzərdə tutulan sahibkarın vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; yoxlanılması nəzərdə tutulan sahibkarın təsərrüfat obyektinin ünvanı; yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə); sahibkarda aparılmış sonuncu plan üzrə (növbəti) yoxlama haqqında məlumat (yoxlamanın başa çatdığı tarix, yoxlama aktının nömrəsi, qanun pozuntusu faktının aşkar olub-olmaması). Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və X2 mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələrə əsasən Qida məhsullarının keyfiyyət və təhlükəsizlik standartları normativ aktlar və qanunlarla tənzimlənir. Qida məhsullarının istehsalı, daşınması və saxlanması mərhələləri bu qanunlar vasitəsilə nizamlanır. Burada əsas məqamlardan biri məhsulların saxlanacağı anbarların sanitar-gigiyenik normalara cavab verməsi, quruluşu, şəraiti, həmçinin anbarlarda istifadə olunan qabların təmizliyidir. Mal qonşuluğu prinsipinin əsas qaydaları bunlardır: 1. Ərzaq məhsulları mağazaların rəflərində kimyəvi maddələr və digər qeyri-ərzaq məhsulları ilə birlikdə saxlanılmamalıdır. 2. Zərərli, xüsusilə əmtəə görünüşünü itirmiş və ya istifadə müddəti bitmiş məhsullar keyfiyyətli məhsulların yanında yerləşdirilməməlidir. 3. Kəskin qoxulu məhsullar hiqroskopik xassəli məhsullardan təcrid olunmalıdır. Məsələn, ədviyyat, duzlanmış, hisə verilmiş və konservləşdirilmiş balıq kimi məhsullar süd və süd məhsullarından, yumurtadan ayrı saxlanılmalıdır. 4. Qida xammalını və yarımfabrikatları hazır xörəklərin yanında saxlamaq olmaz. 5. Soyudulmuş və dondurulmuş qidaları uyğun olmayan temperatur rejimində soyuducuda saxlamaq qəti qadağandır. 6. Ət və ət məhsullarını, müxtəlif növ kolbasaları, pendir məmulatlarını təzə meyvə və tərəvəzin yanında yerləşdirmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsinə əsasən. malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 38, 53, 76, 84, 128, 133-135, 144.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 10 oktyabr 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında X4 barəsində tətbiq edilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1696/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1696/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver