Məhkəmə qərarları › İş №3(009)-17/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-17/2023

05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-17/2023 05.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati tənbehvermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhər X10 İdarəsinin inzibati tənbehvermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 3 bal olmaqla 60 (altımış) manat məbləğində cərimə edilmişdir. Məlumat üçün bildirir ki, AR DİN Bakı Şəhər BPİ DYPİ Müşayiət eskort bölüyü YPX inspektoru polis baş serjantı X4 tərəfindən barəsində xx.xx.2022-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir.Protokol tərtib edilərkən o, polis əməkdaşına onun mövqeyi ilə razı olmadığını və həmin protokola baxılacağı zaman ona məlumat verilməsini xahiş etmiş, lakin bundan bir neçə gün sonra məlumat əldə etmişdir ki, artıq qeyd olunan protokola ona heç bir məlumat verilmədən, iştirakı təmin olunmadan DİN Bakı şəhər BPİ DYPİ polis mayoru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə baxılmış və TP ******* saylı qərar qəbul edilmişdir.O, bu halın qanunsuz olmasını bildirsə də həmin qərardan ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.Həmin qərarda göstərilmişdir ki, guya onun tərəfindən qadağanedici yol nişanının tələblərinin pozulması halına yol verilmiş, nəicədə AR İXM-nin 327.1-ci, 327.2-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Beləliklə, həmin qərarda yekun olaraq qeyd olunmuşdur ki, AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X2 barəsində 60 manat məbləğində və 3 bal inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qeyd olunanlarla bağlı bildirmişdir ki, o, barəsində tərtib olunmuş göstərilən qərarla razı deyil və hesab etmişdir ki, əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati iş üzrə icraat başlanıla bilməzdi, başlanmış icraata isə xitam verilməlidir. Belə ki, o, qərarda göstərilən tarixdə həqiqətən də qeyd olunan istiqamətdə hərəkətdə olmuş, lakin qərarda göstərilənlərin əksinə onun tərəfindən qadağanedici yol nişanının tələblərinin pozulması halına yol verməmişdir. Ona görə ki, o, mütəmadi olaraq göstərilən yoldan istifadə edir və həmin yolda olan qaydaların tələbləri barədə dəqiq məlumata malikdir. Əlavə olaraq qeyd edir ki, o, qeyd olunan Məmməd Əfəndiyev küçəsində deyil. Lermontov küçəsində maşını park etmək üçün qəza işıqlarını yandıraraq 4-5 metr geri vermişdir. Park etmək üçün yer olmadığından həmin ərazidən uzaqlaşmışdır. Qərarda qeyd olunduğu kimi onu Səid Rüstəmov küçəsində yol polisi əməkdaşı saxlayaraq AR İXM-nin 327.2-ci maddəsinəndə 3.1 “Giriş qadağandır” yol nişanının tələbini pozduğunu bildirmişdir. O isə öz növbəsində heç bir qayda pozmadığını bildirsə də, barəsində protokol tərtib edilmiş və əlavə olaraq foto və video görüntülərin sistemə yerləşdiriləcəyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq AR DİN Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin polis mayoru X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı qərarın ləğv edilərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 şikayətini müdafiə edərək Məmməd Əfəndiyev küçəsində deyil, Lermontov küçəsi ilə hərəkət edərkən avtomobili park etmək üçün qəza işıqlarını yandıraraq 4-5 metr geriyə hərəkət etmişdir. Şəhərin mərkəzində yaşadığı üçün həmin ərazidə olan bütün yol nişanlarının tələblərini dəqiqliklə bilir. Bildirmişdir ki, geriyə hərəkət edərkən orada yol polis əməkdaşı olmuşdur. Əgər qayda pozdumuşdursa həmin yol polis əməkdaşı onu saxlayıb cərimə edə bilərdi. Artıq həmin yerdən uzaqlaşdıqdan sonra Səid Rüstəmov küçəsində başqa yol polis əməkdaşı onu saxlayaraq onun qayda pozduğunu, “Giriş qadağandır”nişanının tələbərini pozduğunu bildirmişdir. “Giriş qadağandır” nişanın olduğu yerdə qanunda göstərilməmişdir ki, avtomobili geriyə hərəkət etmək həmin nişanın tələblərini pozur. “Giriş qadağandır” nişanın tələblərinə əsasən avtomobil hərəkət istiqamətində olarkən nişanın tələblərini poza bilər. Hesab edir ki, park etmək üçün avtomobili geriyə hərəkət etdirmək “Giriş qadağandır” yol nişanının tələbini pozmaq demək deyildir. Qeyd olunanlara əsasən Bakı şəhər X10 İdarəsinin inzibati tənbehin vermə haqqında xx.xx.2022-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar çıxarmış orqanın nümayəndəsi Nümayəndə şikayətə etiraz təqdim edərək bildirmişdir ki, Barəsində qərar çıxarılmış fiziki şəxs X2 25 noyabr 2022-ci il tarixində saat 14:19-radələrində idarə etdiyi CHEVROLET CRUZE minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Məmməd Əfəndiyev küçəsindən məcburi hərəkət istiqamətini bildirən 4.1.3 yol nişanının tələbini pozaraq sağa Lermontov küçəsinə geriyə hərəkət edərək Giriş qadağandır 3.1 yol nişanının təsir dairəsinə daxil olub hərəkətini davam etdirərək yolayrıcını keçmə qaydasını pozması faktı Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinin Yol Patrul Xidməti X7 Bölüyünün YPX inspektoru polis baş serjantı X4 tərəfindən bilavasitə yəni vizual şəkildə aşkar etmişdir. YPX inspektoru Xəyyam Məmmədov tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib etmiş xətanın mahiyyəti barədə sürücüyə məlumat vermişdir. Cəfərli Həsənxan bildirmişdir ki, geriyə hərəkət etmək heç bir qadağanedici yol nişanlarının tələblərinin pozulması anlamına gəlmir. Bununla razılaşmayaraq bildirmişdir ki, yol nişanlarının təsir dairəsinə daxil olma hərəkət istiqaməti ilə müəyyənləşdirilmir. Qayda pozuntusunu görən yol polisi motopatrulda olduğundan onu saxlaya bilməmiş, bu səbəbdən radiocihaz vasitəsilə məlumat vermişdir ki, onu saxlasınlar. İnzibati tənbeh vermə haqında qərardan verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsinin X10 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti X7 Bölüyünün polis baş serjantı X4 bildirmişdir ki, o, Bünyad Sərdarov küçəsində, postun mərkəzində olmuşdur. 25 noyabr 2022-ci il tarixində saat 14:19-radələrində Bakı şəhəri Səbail rayonu Axundov bağı ətrafında dislokasiya üzrə xidmətdə olarkən CHEVROLET CRUZE minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Səbail rayonu Məmməd Əfəndiyev küçəsindən məcburi hərəkət istiqamətini bildirən 4.1.3 yol nişanının tələbini pozaraq sağa Lermontov küçəsinə geriyə hərəkət edərək Giriş qadağandır 3.1 yol nişanının təsir dairəsinə daxil olub hərəkətini davam etdirərək yolayrıcını keçmə qaydasını pozduğuna görə tərəfindən saxlanılmış, xətanın mahiyyəti izah edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və əlavə olaraq bildirmişdir ki, İdarədə 108-ci otağa yaxınlaşıb ərazidə olan təhlükəsiz şəhər müşahidə-nəzarət kamerasına baxa bilər. Suallara cavab olaraq bildirmişdir ki, operativ nəqliyyat vasitəsində olduğu üçün o, sayrışan işıqları yandıraraq yolun hərəkət istiqamətinin əksinə hərəkət edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 25 noyabr 2022-ci il tarixində saat 14:19-radələrində idarə etdiyi CHEVROLET CRUZE minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Məmməd Əfəndiyev küçəsindən məcburi hərəkət istiqamətini bildirən 4.1.3 yol nişanının tələbini pozaraq sağa Lermontov küçəsinə geriyə hərəkət edərək Giriş qadağandır 3.1 yol nişanının təsir dairəsinə daxil olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 25 noyabr 2022-ci il tarixində saat 14:19radələrində idarə etdiyi CHEVROLET CRUZE minik markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Məmməd Əfəndiyev küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən şikayətçi qeyd edilən qərarın ləğvi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda X1 əməli inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ-ci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının 64-cü maddəsinin İ- ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 81 -ci maddəsinə əsasən Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 05 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Şikayətçinin həm şikayətində həm də məhkəmə iclasında göstərdiklərini isə, məhkəmə özünü müdafiə xarakteri kimi qiymətləndirir, bununla razılaşmaq olmaz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili idarə edərkən “3.1 Giriş qadağandır” yol nişanının tələblərini pozaraq inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 05 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan X1 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı Şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 05 dekabr 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar