Məhkəmə qərarları › İş №3(009)-170/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-170/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-170/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 Yanvar 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 43635.00 ABŞ dolları məbləğində vəsaiti 29 Oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20013.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 30 Oktyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Həmin məsələni tənzimləyən “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 270 (iki yüz yetmiş) gün ərzində müvafiq banka təqdim edilməsini tələb edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 04 noyabr 2021-ci il tarixli məktubundan və həmin məktuba əlavədən görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının (bundan sonra Qaydalar) 4.3.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş bank köçürməsindən görünür ki, 15.07. 2019-cu il tarixli 37 saylı müqavilə və 15.07. 2019-cu il tarixli İNVOİCE əsasında Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən 29 Oktyabr 2019-cu il tarixdə 43635.00 ABŞ dolları (qırx üç min altı yüz otuz beş ABŞ dolları 00 sent) ABŞ dolları məbləğində vəsait X5 X1 And Trade LTD-nin bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş AMEA İşlər İdarəsinin nümayəndəsi X2 ərizəsindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən, inzibati xəta barədə protokol AMEA-nın İşlər İdarəsinin məlumatı və bunun təbii nəticəsi kimi nümayəndəsinin iştirakı olmadan tərtib olunduğundan, qanunun tələblərinin, yəni İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin yerinə yetirilməsi üçün geri qaytarılması barədə qərardad qəbul olunmalıdır. Belə ki, protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinin tələbinə əsasən, inzibati xəta ilə bağlı hüquqi şəxsin nümayəndəsinin izahatları alınmamışdır. Protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Hüquqi şəxsin nümayəndəsinin inzibati xəta ilə bağlı mühüm əhəmiyyət kəsb edən izahatlarının alınması və protokolda qeydlər aparmaq hüququndan istifadə etməsi təmin olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinin tələblərinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə məhkəmə bildirişindən əvvəl inzibati xəta haqqında protokolun surəti verilməmişdir və bununla da, AMEA-nın İşlər İdarəsinin mühüm müdafiə hüquqları pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqındakı Protokol (14 yanvar 2022-ci il tarixli EP ********) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş “14” yanvar 2022-ci il tarixli Telefonoqramdan görünür ki, X3 tərəfindən AMEA İşlər İdarəsinə telefonoqram göndərilmişdir. Mətnin məzmunu: "xxxx" ASC tərəfindən göndərilmiş sənədlərə əsasən Şəxs tərəfindən 29 Oktyabr 2019-ci il tarixdə xaricə köçürülmüş 43635.00 ABŞ dolları məbləğində müvafiq malların (xidmətlərin) 2 il ərzində ölkəyə idxal edilməsi ilə bağlı 39488.00 ABŞ dolları məbləğinə hər hansı təsdiqedici sənədlərin təqdim edilmədiyi bildirilmişdir. Bununla bağlı müvafiq sənədlərin dərhal Mərkəzi Banka təqdim edilməsi təklif olunur. Əks təqdirdə barəsində İnzibati Xətalar Məcəlləsinin 430.1-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəkdir. Mətni qəbul edən şəxsin cavabı: Əlaqə saxlanılmış və 5940 ABŞ dolları dəyərində geri qayıtmanın çıxarışı və **********2974, **********2986 saylı bəyannamələr göndərilmişdir. Təqdim edilmiş bəyannamələr və geri qaytarılan məbləğ avans köçürmə sənədləri ilə eyniləşdirilərək bağlanılmışdır. Bəyan olunmayan məbləğ 20013.50 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, **********2974 saylı gömrük bəyannaməsi üzrə 2746.36 AZN məbləğində və **********2986 saylı gömrük bəyannaməsi üzrə 2241.97 AZN məbləğində vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına idxal edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, 5940 ABŞ dolları məbləğində vəsait geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 43635.00 ABŞ dolları məbləğində vəsaiti 29 Oktyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20013.50 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Bununla da, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 20013.50 (iyirmi min on üç ABŞ dolları, 50 sent) ABŞ dolları vəsait məbləğinin 20 (iyirmi) faizi həddində, yəni 4002 (dörd min iki) ABŞ dolları məbləğində (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar