Məhkəmə qərarları › İş №3(009)-1702/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1702/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1702/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 11131.54 ABŞ dolları məbləğində vəsaiti 03 Avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 11131.54 ABŞ dolları məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 04 Avqust 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş "xxxx" ASC-nin Mərkəzi Banka ünvanladığı məktubdan göründüyü kimi, bank gömrük bəyannaməsində uyğunsuzluq olduğu üçün bəyannaməni bağlaya bilmədiyini qeyd etmiş, lakin bu uyğunsuzluğun nədən ibarət olduğunu göstərməmişdir. Qeyd etmək istəyirik ki, həmin uyğunsuzluq gömrük bəyannaməsinin 20ci qrafasının (Çatdırılma şərtləri) üçüncü yarımbölməsindədir. Belə ki, gömrük bəyannaməsinin həmin yarımbölməsində “100” kodu əvəzinə səhvən “120” kodu yazılmışdır. Qeyd olunan mallar üzrə əvvəlcədən ödəniş olduğuna görə, “120” kodu, yəni “malın dəyəri ödənilməmişdir” kodu ilə həmin bəyannamə bank tərəfindən bağlana bilməmişdir. İş materiallarında mövcud olan gömrük bəyannaməsindən və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin məktubundan da göründüyü kimi, müvafiq mallar ölkəyə idxal olunmuşdur. Yuxarıda göstərilənlərdən və əlavə edilən sənədlərdən görünür ki, Filial tərəfindən 3 avqust 2021-ci il tarixli 28554 nömrəli köçürmə ərizəsi əsasında qabaqcadan edilmiş 11131.54 (on bir min yüz otuz bir dollar 54 sent) dollar məbləğində ödəniş üzrə alınmış mallar tam şəkildə ölkəyə idxal edilmişdir. Gömrük bəyannaməsində olan texniki kod xətası Filialın malları ölkəyə idxal etmədiyini göstərmir. Əksinə, həmin bəyannamədən və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin məktubundan da göründüyü kimi, bütün mallar ölkəyə vaxtında idxal olunmuşdur. Odur ki, Filial hər hansı inzibati xəta törətməmişdir. İnzibati xəta hadisəsinin olmaması Filial barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənləri nəzərə alaraq, Filial barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş “Bank VTB (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 10 Avqust 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsaslanaraq xx.xx.2021-ci il tarixində VTB Bank (Azərbaycan) tərəfindən Respublikadan kənara mal üçün qabaqcadan ödəniş etmiş və köçürmələrin 2 il tamam olmasına baxmayaraq gömrük bəyannaməsini təqdim etməyən və ya gömrük bəyannaməsində uyğunsuzluqlar olduğuna görə bəyannaməni bağlaya bilmədiyimiz müştərilərin adlarını və köçürmələrin bütün təsdiqedici sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə edilmiş 03 Avqust 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 11131.54 (on bir min bir yüz otuz bir dollar 54 sent) ABŞ dolları məbləğində vəsait MARİANİ RUBİNETTERİE İNDUSTRİAL SRL-in bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş **********4642 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının adına **********4642 sorğu nömrəli gömrük bəyannaməsi ilə ümumi invoys dəyəri 9107 ABŞ dolları, netto çəkisi 145 kq olan mallar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 03 Avqust 2021-ci il tarixdə xaricə köçürülmüş 11131.54 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməsi təqdim edilmiş gömrük bəyannaməsi ilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,53,114-117və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar