Məhkəmə qərarları › İş №3(009)-1711/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1711/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1711/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 X12 xidməti inspektoru X4 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 Şöbəsinin TP ******* saylı, 13 iyun 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 Şöbəsinin TP ******* saylı, 13 iyun 2024cü il tarixli qərarının ləğv olunmasını və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X16” markalı, 99AH042 dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşərkən Səbail DYPŞ əməkdaşları avtomobili saxlayaraq yaxınlaşmış və alkotestdən keçməli olduğunu bildirmişdir. Polis əməkdaşlarına avtomobildə sürücü qismində əyləşmədiyini, avtomobili idarə etmədiyini, “ayıq sürücü” xidmətindən istifadə etdiyini və sükan arxasında başqa şəxs olduğunu bildirsə də “TŞ” kameralarından bir qədər öncə sükan arxasında əyləşdiyini aşkarladıqlarını bildirərək alkotestdən keçirilməyə məcbur edilmiş və qanunsuz olaraq avtomobilin idarəçiliyindən kənarlaşdırılaraq YPŞ-nə dəvət edilib. 12 iyun tarixində Səbail DYPŞ-nə yaxınlaşaraq eyni məzmunlu şifahi izahat vermiş və bildirmiş ki, restoranda spirtli içki qəbul edəndən sonra saat 22:38-də “189" ayıq sürücü xidmətindən avtomobili idarə etmək üçün ayıq sürücü çağırıb və sürücü yaxınlaşana kimi avtomobildə əyləşərək kondisioneri işə salmış və avtomobili idarə etməmişdir. Saat 22:42-də ayıq sürücü yaxınlaşıb sükanda əyləşib avtomobili idarə etməyə başlamış və təxminən 2-3 dəqiqə sonra DYPŞ əməkdaşları avtomaşını saxlavaraq yaxınlaşmış və sürücü almadığı, avtomobili idarə etmədiyi halda onu sərxoşluq müayinəsindən keçirmişlər. Avtomobili idarə etmədiyi və testin səbəbini soruşduqda isə, kameradan avtomobildə əyləşdiyini gördüklərini bildirmişlər. Bundan sonra barəsində 11 iyun 2024cü il tarixli 1XP6328576 saylı protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.1-ci maddəsinə əsasən 13 iyun 2024-cü il tarixli TYP6549877 saylı inzibati tənbeh vermə barədə qərar qəbul edilərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən, Səbail rayon DYPŞ tərəfindən qəbul edilmiş TP seriyalı 64987 nömrəli, 13 iyun 2024-cü tarixi, inzibati tənbeh vermə haqqında qərarı ləğv edərək inzibati xəta haqında iş üzrə icrata xitam verilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 nümayəndəsi X6 şikayətin təmin olunmasını, inzibati xəta haqqında iş üzrə TP ******* saylı 13 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 X12 xidməti inspektoru X8 inzibati xəta haqqında iş üzrə TP ******* saylı 13 iyun 2024-cü il tarixli qərarın əsaslı olduğunu bildirərək, şikayətin təmin olunmamasını və onun qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 13 iyun 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 13 iyun 2023-cü il tarixdə, saat 02:05-də “X17” markalı 99AH042 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 400 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X5 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 Şöbəsinin aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Sözügedən maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə iclasında videomüşahidə vasitələri ilə qeydə alınmış videoyazıya baxış keçirilmiş və X1 nəqliyyat vasitəsini işə saldığını, yerində hərəkət etdirdiyini, ayıq sürücü çağırdıqdan sonra sonuncu tərəfindən nəqliyyat vasitəsinin idarə edildiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X1 nəqliyyat vasitəsini idarə etmək niyyətində olmamışdır, bu səbəbdən qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1 -ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati orqanın, hazırki halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 Şöbəsinin üzərinə qoyulsa da, adı çəkilən orqan X1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon DYPŞ-nin TP ******* saylı, 13 iyun 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X15 Şöbəsinin TP ******* saylı, 13 iyun 2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunsun və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar