Məhkəmə qərarları › İş №3(009)-1717/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1717/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1717/2023 15.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayətçi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İçərişəhər Ənənəvi İncəsənət-X9 Fondunun təşəbbüsü ilə 2012-ci ildə təsis edilmişdir. Mərkəz "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə Birləşmiş Krallıqda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasında həyata keçirilən birgə layihənin nəticəsidir. Mərkəz "İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Köhnə Bakının Canlı tarix olaraq qorunması konsepsiyasının tərkib hissəsidir. X1 ərizəsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən barəmdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinin pozulması səbəbindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ******* №li xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən 900 manat məbləğində cərimə ödənilməsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə ******* № li, xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Qərar xx.xx.2023-cü il tarixində poçt vasitəsilə Mərkəzə daxil olmuşdur. İnzibati xəta haqqında qərarla razılaşmır, aşağıdakılara əsasən ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Belə ki, protokolun tərtib edilməsinin səbəbi kimi, X3 təyin edilən əmək haqqına son haqq-hesabının əmək qanunvericiliyində nəzərdə tutulan vaxtda ödənilməməsi ilə bağlıdır. Barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət ərizəsi göndərən X5 xx.xx.2022-ci il tarixdən "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin ştatdankənar Dizayner köməkçisi vəzifəsində işə götürülmüşdür. Belə ki, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət məqsədilə aparılmış yoxlama nəticəsində X2 iş yerindən tez çıxması və tərəfindən istifadə etdiyi materialların götürülməsi qaydalarının pozulması müəyyən olunduğundan xx.xx.2023-cü il tarixli, 06.04./23 saylı və xx.xx.2023-cü il tarixli, 10.04/23 saylı aktlarla intizam məsuliyyətinə cəlb edilməsi haqqında tərəfindən şifahi xəbərdarlıq edilmişdir. Həmin aktlara əsasən X5 tərəfindən təqdim etdiyi izahatlarda qeyd olunan iddialar təkzib edilmişdir. Həmçinin, əsasən X4 xx.xx.2023-cü il tarixli izahatda uşağın xəstə olduğu üçün işdən tez getdiyini bildirmişdir.Qeyd olunan səbəbləri nəzərə alaraq işçinin şifahi xəbərdarlıqla intizam tənbehini tamamlamışdır. xx.xx.2023-cü il tarixli ona ünvanlanmış şikayət ərizəsində Əliyeva Həqiqət istifadə etdiyi materialların çatmamasını və vaxtında verilmədiyi bildirib. Lakin şikayət ərizəsində sözügedən işçilərlə tərəfindən təşkil olunan üzləşmədə əks faktlar müəyyən edilmişdir. Bununla bağlı Əliyeva Həqiqət, günün ikinci yarısında xx.xx.2023-cü il tarixli ərizəsi ilə müraciət edərək tutduğu vəzifəsindən öz xahişi ilə azad edilməsini istəmişdir. Ənənəvi incəsənət-mərkəzi Dövlət büdcəsindən maliyyələşməsi əsasında fəaliyyət göstərir və Mərkəzin fəaliyyəti iqtisadi rentabelliyi olmadığı üçün “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin köməkliyi əsasında fəaliyyət göstərir. X1 ərizəsi əsasında işdən azad olunması barədə xx.xx.2023- cü il tarixli 23 saylı əmr imzalanmışdır. Vətəndaşa işdən çıxma ilə əlaqədar 215,46 (iki yüz on beş manat qırx altı qəpik) son haqq-hesab hesablanmışdır. Lakin, Ənənəvi İncəsənət Mərkəzin hesabında bu məqsədlər üçün vəsait olmadığı üçün son haqq-hesab təşkil edən vəsait 18 (on səkkiz) gün sonra 28 aprel 2023-cü il tarixdə ödənilmişdir. Belə ki, Ənənəvi incəsənət-mərkəzinin Azərbaycan Beynəlxalq Bankında olan hesabdan çıxarışında da görsəndiyi kimi hesabda cəmi 7,07 manat məbləğində vəsait olmuşdur. Bu səbəblərdən də H.Əliyevaya hesablanmış son haqq-hesabın ödənilməsi mümkün olmamışdır. Ənənəvi incəsənət-mərkəzi vətəndaşın son haqq-hesabının ödənilməsi məqsədilə (27 aprel 2023-cü il tarixli 100/23 saylı) “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən köməklik göstərilməsi xahiş edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin qeydinə əsasən «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Məhkəmə iclasında iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 şikayət ərizəsini müdafiə edərək, şikayət ərizəsini uyğun izahat verdi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə1 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanunauyğun qaydada araşdırma aparıldığını və əmək müqaviləsinə xitam verilərkən işçinin son haqq-hesabının ödənilməsi ilə əlaqədar pozuntu aşkarlandığını və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərara qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. Nəticədə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 AR İXMnin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 900 (doqquz yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 aprel 2023-cü il tarixli Əmrin surətindən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə 10 aprel 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddənin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, X2 aprel ayı üzrə əmək haqqı xx.xx.2023-cü il tarixdə köçürülmüşdür. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli 100/23 saylı sifarişdən görünür ki, aprel ayı üçün Ənənəvi incəsənət-mərkəzinin büdcədənkənar hesabına dotasiya köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərədə tutulmuşdur ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Qanunun məzmunundan müəyyən olunur ki, əmək müqaviləsinə xitam verilərkən sonuncu iş günü işçinin son haqq-hesabı ödənilməlidir. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, X2 əmək müqaviləsinə 10 aprel 2023-cü il tarixdə xitam verilmiş, lakin son haqq-hesabın ödənilməsi məqsədilə 27 aprel 2023-cü il tarixdə pul vəsaitinin ayrılması üçün müraciət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Göstərilənlərə əsasən məhkəmə vurğulayır ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 tərəfindən işçi işdən azad edilərkən ona son haqq-hesabın ödənilməsində qanun pozuntusuna yol verilməsi faktı müəyyən edildiyindən qeyd olunan əməlin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinin tərkibinin yaratması iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "Ənənəvi İncəsənət Mərkəzi”nin direktoru Nümayəndə2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsinin 08 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar