Məhkəmə qərarları › İş №3(009)-1721/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1721/2020

10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1721/2020 10.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İş № 3(009)-1721/2020 Bakı şəhəri Səbail Rayon Məhkəməsi QƏRAR (İnzibati xəta haqqında iş üzrə) xx xxxxxxxx 2020-ci il Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Səmədov Cahan Arif oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurovun, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurov tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Tural Aşurov bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(009)-9661/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. Borclu barəsində bir sıra dövlət orqanlarına və müxtəlif bank təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2020-ci il tarixdə şöbədə olarkən ondan izahatı alınmışdır. İzahatında ödənilməli olan aliment borcundan 400 manat ödəyə biləcəyini qeyd etmiş və yığılan borclarını hissə-hissə ödəyəcəyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (009)-9661/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment alınaraq ona verilməlidir. Borclu 2020-ci ilin mart ayına qədər ödənişləri etmiş, lakin həmin vaxtdan bu zamana kimi 882 manat aliment borcu yaranmışdır. Hazırda karantin rejimi olduğundan borclu X3 ona ödəməli olduğu aliment borcunun ödənilməsi üçün karantin rejimi bitənədək ona vaxt verməklə razılığa gəldiklərini bildirmişdir. Bu barədə ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, əvvəllər işlədiyi zaman alimentin tutulması onun əmək haqqına yönəldilirdi, sonradan o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olmuş alimenti ödəmişdir, lakin mart ayından sonra karantin rejimi tətbiq olunduğundan işləyə bilməmiş, qazancı olmamış, bu səbəbdən aliment borcu yaranmışdır. O, karantin rejimi bitdikdən sonra aliment borcunu hissə-hissə ödəyəcəkdir. Hazırda 400 manat məbləğində pulu ödəyə bilər. Qeyd etdiklərini, borcunun ödənilməsi üçün ona vaxt verilməklə tələbkarla razılığa gəldiyini nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 2(009)-9661/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəlüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Şəxs hər ay, hər uşağa görə 137 manat, cəmi 274 manat sabit pul məbləğində aliment alınaraq X4 verilməlidir. İcra sənədi Bakı şəhəri Səbail rayon İcra və probasiya şöbəsinə daxil olmuş və şöbə tərəfindən icraata başlanılmışdır. Elektron İcra Sistemindən əldə olunmuş məlumata əsasən borclunun adına daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu aliment borcunun yaranma səbəbini hazırda yaşadığı Bakı şəhərində müvafiq karantin rejiminin tətbiq olunduğu və bununla əlaqədar olaraq iş tapa bilməməsi ilə izah etmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Məhkəmə hazırda borclunun yaşadığı şəhərin ərazisində müvafiq olaraq xüsusi karantin rejiminin müəyyən edildiyini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi “hazırda qazancı olmadığı üçün aliment borcunu ödəyə bilmədiyi” dəlilini ağlabatan hesab edir, eyni zamanda, yığılmış aliment borcundan 400 manat pulu zərərçəkimişə ödədiyindən belə qənaətə gəlir ki, xüsusi karantin rejimi səbəbi ilə işləmədiyi və qazancının olmadığı, bu səbəbdən də aliment borcunu ödəyə bilmədiyi üzrlü hesab edilməlidir. Belə olan halda isə, borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar