Məhkəmə qərarları › İş №3(009)-1724/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1724/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1724/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və X3 Bölməsi tərəfindən tərtib edilmiş 17 avqust 2023-cü il tarixli 14000-00711/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən, "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli **********9782 sorğu nömrəli gömrük bəyannamələrilə 1 (bir) ədəd "Bentley Continental GT Azure V8" markalı altında nəqliyyat vasitələri müvəqqəti saxlanc xüsusi gömrük proseduru rəsmiləşdirilmişdir. Müvəqqəti saxlanc müddəti hüquqi şəxs tərəfindən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə edilmiş müraciət əsasında xx.xx.2023-cü ilə qədər uzadılmışdır. Həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin xx.xx.2023-cü il tarixdə başa çatmasına baxmayaraq nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün "xxxx" QSC tərəfindən heç bir müraciət olmamışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin etibarnamə ilə nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 iştirakı ilə "xxxx" QSC tərəfindən müvəqqəti saxlancda olan yükə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman məlum olmuşdur ki, "xxxx" QSC tərəfindən saxlanca götürülən 1 (bir) ədəd "Bentley Bentayga" və 1 (bir) ədəd "X5 Azure" markalı nəqliyyat vasitələri anbarda toxunulmadan saxlanılır. Lakin müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq "xxxx" QSC tərəfindən həmin malın müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Həmin malların rəsmiləşdirilməsi üçün "xxxx" QSC tərəfindən heç bir müraciət olunmamışdır. Bununla da, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs QSC-yə və inzibati xəta haqqında protokolu tərtib etmiş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. X1 Mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli raporta əsasən, "xxxx" QSC tərəfindən xx.xx.2023-cü il tarixli **********9782 sorğu nömrəli gömrük bəyannaməsilə 1 (bir) ədəd "Bentley Continental GT Azure V8" markalı nəqliyyat vasitəsi müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin mal üçün nəzərdə tutulmuş müvəqqəti saxlanc müddətinin başa çatmasına baxmayaraq həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi üçün "xxxx" QSC tərəfindən heç bir müraciət olmamışdır. xx.xx.2023-cÜ il tarixli aktdan görünür ki, Şəxs QSC-nin ünvanına gətirilmiş və **********9782 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca götürülmüş “Bentley Continental GT Azure V8” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilmişdir. Gömrük baxışı keçirilən zaman müvəqqəti saxlanca götürülmüş nəqliyyat vasitəsinin anbarda toxunulmadan saxlanıldığı aşkar edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, inzibati icraat aparılan zaman barəsində icraat aparılan Şəxs QSC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və nümayəndə nəqliyyat vasitəsinin rəsmiləşdirilməməsini bəzi sənədlərin çatışmaması ilə əlaqədar olduğunu bildirərək müvəqqəti saxlanc müddətlərinə riayət edilməməsini etiraf etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müvəqqəti saxlanc gömrük proseduranda saxlanca götürülmüş malların rəsmiləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 176.1-ci maddəsinə görə saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Məcəllənin 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 229 saylı Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na görə: Müvəqqəti saxlanc bu Qaydalara uyğun olaraq müvəqqəti saxlanc anbarında həyata keçirilir (2.1-ci bənd); Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır (3.2-ci bənd); Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir (3.3-cü bənd). Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs QSC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar