Məhkəmə qərarları › İş №3(009)-1735/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1735/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1735/2024 27.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev Ülvi Bağır oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə EP ******* nömrəli 25 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.2-ci və 107-1.3-cü maddələrinə əsasən səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. Həmin Məcəllənin 107-1.4-cü maddəsinə müvafiq olaraq səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyəti səhmdar X1 qanunvericiliyin qeyd edilən norması üzrə hüquqlarını pozmuşdur. Səhmdarın müraciəti əsasında Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 4282/2024 saylı məktub ilə tələb edilən sənədlərin (səhmdar Sultan Məmmədova dividend hesablanıb- hesablanmaması, hesablanmışdırsa ona hesablanmış dividendlərin məbləğləri haqqmda məlumat və ödənilməsini təsdiq edən sənəd, bundan əlavə 2024-cü ildə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığmcağm protokolu və sözügedən yığıncağa səhmdar Sultan Məmmədovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş edilmişdir. "xxxx" ASC-nin Mərkəzi Banka ünvanlanmış xx.xx.2024-cü il tarixli, 03/24 saylı məktubunda səhmdarlar tərəfindən maliyyə vəsaiti ayrıldıqdan sonra qiymətli kağız mülkiyyətçilərinin reyestri alınaraq səhmdarların ümumi yığıncağının keçirilməsinin nəzərdə tutulduğu qeyd edilmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə ünvan 1da fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN:**********) törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" ASC-nin etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ünvanına səhmdar X1 heç bir müraciəti daxil olmamışdır. Buna baxmayaraq Mərkəzi Bankın Cəmiyyətə ünvanladığı müraciətə tərəflərindən cavab verilmiş və qeyd edilmişdir ki, "xxxx" ASC 2005-ci il tarixdən öz fəaliyyətini dayandırmışdır. Cəmiyyətin fəaliyyəti olmaması səbəbindən maliyyə vəsaiti yoxdur. Maliyyə vəsaiti olmadığı üçün 2009-cu ildən etibarən səhmdarların qiymətli kağız mülkiyyətçilərinin reyestri alınmamışdır. Hazırda Cəmiyyətin Milli Depozit Mərkəzinə 1.500 manata yaxın borcu vardır. Cəmiyyətdə olan 2009-cu ilin reyestrə əsasən X2 adında səhmdar yoxdur. Dəfələrlə səhmdarlarla görüşülmüş, maliyyə məsələləri müzakirə edilmiş və maliyyə vəsaitinin ayırılması xahiş edilsə də, hələki heç bir səhmdar vəsait ayırmaq istəməmişdir. Həmçinin, Cəmiyyətin heç bir fəaliyyəti olmadığı üçün gəliri olmamış və səhmdarlara divindend ödənilməmişdir. Cəmiyyətin heç bir əmlakı, inzibati binası və torpaq sahəsi yoxdur. Heç bir səhmdar, o cümlədən səhmdar X2 Cəmiyyətin inkişafı üçün heç bir təklif verməmişdir. Bunun əvəzində səhmdarlar qəsdən dividendin verilibverilməməsi haqda yalançı şikaytələri Mərkəzi Banka ünvanlayır. Səhmdarların ümumi yığıncağının keçirlməsi üçün səhmdarların yeni reyestri alınmalı, qəzetdə elan verilməli və hər bir səhmdara poçt vasitəsi ilə bildiriş göndərilməlidir. İcra orqanın rəhbəri kimi 2006-cı ildən etibarən əmək haqqı almır. Formal olaraq icra orqanının rəhbəri vəzifəsini daşıyır. İcra orqanının rəhbəri kimi onun Cəmiyyətin xərclərini ödəmək üçün maliyyə vəsaiti yoxdur. Yuxarıda qeyd etdiyi kimi, heç bir səhmdar, o cümlədən səhmdar X2 cəmiyyətin fəaliyyəti üçün maliyyə vəsaiti ayırmaq istəmir. Belə olan halda cəmiyyətin xərclərini icra orqanı öz hesabına edə bilməz. Cəmiyyətin inzibati qaydada cərimə olunması onun iqtisadi vəziyyətini olduqca ağırlaşdıracaqdır və vəsaitin ödənilməsi mümkünsüz olacaqdır. Bu haqda dəfələrlə Mərkəzi Banka məlumat verilmişdir. Yəni, ümumi yığıncağının keçirilməməsi obyektiv səbəblərlə bağlıdır. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə "xxxx" ASC qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X5 etiraza uyğun izahat verərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 426-cı maddəsinə əsasən, səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC müvafiq sənədləri 7 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etmək, xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 59.1-ci maddəsinə əsasən, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən 10 iyul 2024-cü il tarixdə Mərkəzi Banka ünvanlanmış məktubda bildirilmişdir ki, Cəmiyyətin fəaliyətinin dayandırılmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" ASC Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara əsasən Cəmiyyət xx.xx.1997-ci il tarixdə qeydiyyata alınmış, lakin fəaliyyətinin dayandırılması barədə məlumat öz əksini tapmamışdır. Beləliklə, məhkəmə "xxxx" ASC yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan 3000 manat cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 426-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 3000 (üç min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar