Məhkəmə qərarları › İş №3(009)-1736/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1736/2021

23.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1736/2021 23.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, “X1” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, “X1” MMC-nin (VÖEN 1********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən “X1” MMC (VÖEN 1********) barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixdə tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı səhəri, Səbail rayonu, X6, ev 29 qeydiyyatda olan “X1” MMC 10000.00 Avro məbəğində vəsaiti 09 avqust 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 10 avqust 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə, “X1” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən “X1” MMC-nin nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsini təqdim edərək, “X1”» MMC-nin barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, “X1” MMC 10000.00 Avro məbləğində vəsaiti 09.08.2019-cu il tarixdə xaricə köçürməsi və 2 il müddət keçsə də, 10000.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməməsi və inzibati xəta 10.08.2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilməsi səbəbi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 24.08.2021-ci il tarixli, MN №0433856 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir və MMC İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, barəsində tərtib edilmiş 24.08.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmiş və həmin inzibati xəta haqqında iş icraatdadır. “X1” MMC tərəfindən 27.08.2020-ci il tarixində “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ-nin rəhbərliyinə müraciət məktubu göndərilmiş və həmin məktubda da qeyd edilmişdir ki, tərəflər arasında 14.03.2018-ci il tarixdə BMS-KTB/180314 nömrəli “Təchizat Müqaviləsi” bağlanmışdır və həmin bağlanmış müqaviləyə əsasən Təchizatçı “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ malları Alıcı “X1” MMC-yə təchiz etməyi və təhvil verməyi, Alıcı isə Müqavilənin Əlavələrində təqdim edilən və onun ayrılmaz hissəsi olan Spesifikasiyalara uyğun olaraq bu malları təhvil almağı və ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq da “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ-nin rəhbərliyinə 09.08.2019-cu il tarixdə avans olaraq 10.000,00 Avro məbləğində vəsait ödənilsə də, onların tərəfindən dəyəri ödənilmiş mallar bu günədək şirkətə təchiz edilmədiyi bildirilmiş və həyata keçirilən ödənişə əsasən müvafiq malları mümkün qədər tez bir zamanda bizə təchiz etməyi həmin şirkətdən xahiş edilmiş və həmin şirkətdə cavab olaraq bildirmişdir ki, bütün dünyada geniş vüsat almış “Covid 19” pandemiyası ilə əlaqədar olaraq bir çox şirkətlər kimi onların fəaliyyətlərinin dayanması səbəbindən tərəflər arasında bağlanmış 14.03.2018-ci il tarixli BMS- KTB/180314 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş və dəyəri ödənilmiş malların təchiz edilməsi bu günədək mümkün olmamışdır. Pandemiya ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar fəaliyyətlərinə icazə verildiyi təqdirdə mümkün qədər tez bir zamanda müqavilə ilə nəzərdə tutulmuş malların göndərilməsi tərəflərindən təmin ediləcəkdir. Lakin daha sonra 01.09.2021-ci il tarixində yenidən həmin şirkətə müraciət məktubu ünvanlanmış Azərbaycan Respublikasının qanunvericiliyinə görə malların alınmasına görə xarici ölkələrə ödənilən pul müqabilində ödəmə həyata keçirdikdən sonra 2 il ərzində mallar ölkəyə idxal edilmirsə ödənişi həyata keçirən şirkət aidiyyəti dövlət qurumları tərəfindən cərimələrə məruz qaldığını bildirərək müqavilə üzrə dəyəri ödənilən malların onlar tərəfindən hazırda şirkətə təchiz edilməsi mümkün deyilsə ödənilən pul vəsaitinin geri qaytarılması “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ-nin rəhbərliyindən xahiş edilmişdir və həmin şirkətdə cavab olaraq hazırda şirkətlərinin fəaliyyəti pandemiya ilə bağlı tam olaraq bərpa olunmadığı və müəyyən maliyyə problemlərlə üzləşdikləri üçün aralarında bağlanmış 14.03.2018-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiklərindən müqavilə üzrə malların alınmasına görə ödənilən 10.000,00 Avro pul vəsaiti şirkətləri tərəfindən bir neçə gün ərzində geri ödəniləcəyi qeyd edildi və eyni zamanda, müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədikləri üçün üzr istəmişlər. Həmin şirkət tərəfindən malların onlar tərəfindən təhvil verilməməsi ölkədə yaranmış pandemiya səbəbindən olmuşdur və həmin pandemiya səbəbinə görə də həmin mallar onlara təhvil verilmədiyindən şirkətə ödənilmiş 10.000,00 Avro pul vəsaiti 22.09.2021-ci il tarixli ödəniş sənədinə əsasən 21.09.2021-ci il tarixdə şirkət tərəfindən «X1» MMC-yə geri qaytarılmışdır. Köçürülən məbləğin 9972,00 Avro göstərilməsi 10.000,00 Avro olan pul vəsaitindən bank tərəfindən faizin tutulmasıdır. Əməldə inzibati xəta tərkibi olmadığından ödənilmiş məbləğ “X3” MMC-və geri qaytarıldığından həmin inzibati xəta haqqında islər üzrə icraata başlanıla bilməz və başlanılmış icraata xitam verilməlidir. Yuxarıda qeyd edilənləri və İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq “X3” MMC barəsində tərtib edilmiş 24.08.2021-ci il tarixli, MN №0433856 nömrəli “İnzibati xəta haqqında” Protokolun etibarsız hesab edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata “X1” MMC-nin barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş məktublardan və digər materiallardan görünür ki, “X1” MMC ilə “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ arasında 14 mart 2018-ci il tarixdə BMS-KTB/180314 nömrəli “Təchizat Müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq 9 avqust 2019-cu il tarixdə avans olaraq 10.000,00 Avro məbləğində vəsait ödənilsə də, “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ tərəfindən dəyəri ödənilmiş mallar şirkətə təchiz edilməmişdir. “Covid 19” pandemiyası ilə əlaqədar olaraq, “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ şirkətinin fəaliyyətini dayandırması səbəbindən “X1” MMC ilə bağlanmış 14 mart 2018-ci il tarixli BMS-KTB/180314 nömrəli müqavilə üzrə nəzərdə tutulmuş və dəyəri ödənilmiş malların təchiz edilməsi mümkün olmamışdır. “X1” MMC “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ şirkətinə müraciət edərək ödənilən malların təchiz edilməsi mümkün olmadığı təqdirdə ödənilən pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. “BMS SONDAJ MAKİNALARİ SANAYİ VƏ DİS TİCARET” LTD.STİ şirkəti “X1” MMC tərəfindən ödənilən 10.000,00 Avro dəyərində pul vəsaiti 21 sentyabr 2021-ci il tarixdə geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tərkibinin yaranmasının zəruri şərti avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasıdır. Həmin müddət Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 saylı, 28 noyabr 2016-cı il tarixli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndi ilə müəyyən edilmişdir. Lakin konkret halda ödənilmiş, lakin geri qayıtmamış maliyyə vəsaiti malların dəyərinin ödənilməsinə deyil, müqavilədən imtina halında tutulacaq cəriməyə yönəldilmişdir. “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”nın (1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış və Azərbaycan Respublikası Konvensiyaya 01 fevral 2016-cı il tarixli 116-VQ nömrəli Qanunla qoşulmuşdur) 29-cu maddəsinə əsasən müqavilə tərəflərin adi razılaşması ilə dəyişdirilə və ya ona xitam verilə bilər. Konvensiyanın 25-ci maddəsinə əsasən müqaviləni pozan tərəfin əvvəlcədən görə bilmədiyi və eyni şəraitdə eyni növ ağlabatan şəxsin əvvəlcədən görə bilməyəcəyi hallar istisna olmaqla, tərəflərdən birinin müqaviləni pozması o halda əhəmiyyətli pozuntu hesab olunur ki, belə pozuntu digər şəxs üçün onun müqavilədən irəli gələn gözləntilərə olan hüququndan əhəmiyyətli dərəcədə mərhum olması kimi zərərlə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin əsas prinsiplərindəndir. Mülki dövriyyənin iştirakçıları mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Avans kimi ödənilmiş və geri qayıtmamış məbləğ müqavilə tərəflərinin sərbəst şəkildə, beynəlxalq hüququn və milli qanunvericiliyin hamılıqla qəbul edilmiş prinsiplərinə uyğun olaraq müəyyən etdiyi şərtin yerinə yetirilməsinə sərf edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, «X1» MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : “X1” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar