Məhkəmə qərarları › İş №3(009)-1748/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-1748/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-1748/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında 18 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Protokola görə Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditini aparmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən “Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir”. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manatdan aşağı olan, kiçik sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan yuxarı, 3 milyon manatdan aşağı olan, orta sahibkar kategoriyasına - işçilərinin orta siyahı sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan yuxarı, 30 milyon manatdan aşağı olan, iri sahibkar kategoriyasına işçilərinin orta siyahı sayı 251 və ondan yuxarı, illik gəliri 30 milyon manatdan yuxarı olan sahibkarlıq subyektləri aiddir. Göründüyü kimi, qanunvericiliklə məcburi auditin aparılmasına dair tələb yalnız orta və iri sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim olunmuş sənədlərdən isə Şəxs MMC-nin bu kategoriya sahibkarlıq subyektinə aid olub-olmamasını təsdiq edən sənədlər iş materiallarında aşkar edilmir. İnzibati xəta haqqında protokolun tərtib edilməsi üçün qanuni əsaslar olmamışdır. “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın: 3.1-ci bəndinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. 5.1-ci bəndinə görə ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur: 5.1.1-ci yarımbəndinə görə qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması. Göründüyü kimi sözügedən qərarın 3.1-ci, 5.1-ci və 5.1.1-ci bəndlərinə görə kommersiya təşkilatları illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsinin konkret müddəti, habelə illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc olunması öhdəliyi bilavasitə nəzərdə tutulduğundan hazırki iş üzrə inzibati xətanın törədilmə vaxtı ən geci hesabat ilinin, yəni konkret halda 2021-ci ilin iyun ayının 30-na təsadüf edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə olan halda aydın olur ki, inzibati xətanın törədildiyi gündən bir il keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələri ilə müəyyən edilmişdir ki, təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hansı kategoriya sahibkarlıq subyektinə aid olması ilə bağlı heç bir araşdırma aparılmadığından və inzibati xəta haqqında protokol şəxsin inzibati məsuliyətə cəlb edilməsi müddəti ötürüldükdən sonra tərtib edildiyindən, 18 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109, 110 -cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında 18 oktyabr 2022-ci il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə geri qaytarılsın. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar