Məhkəmə qərarları › İş №3(009)-1753/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1753/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1753/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhər X10nin tərtib etdiyi xx.xx.2017-ci il 00:50 radələrində Neftçilər popspekti ilə hərəkət etdiyi zaman (avtomobil Hundai Sanata ** MC ***) qəfil əyləc sisteminin borusu partlaması nəticəsində işıqforun qızrmızı işığında dayanmış Mersedss markalı avtomobilə çırpılmışdır. Həmin an 102 xidmətinə xəbər versə də trass verildiyi üçün YPX əməkdaşları dərhal avtomobillərin çəkilməsini əmr etdilər və hətta köməklik edərək maşını uzaqlaşdırdılar ordan. Əlavə olaraq polis ona bildirdi ki, səhər şəhər qayısına gedəndə əlaqə saxlasın ki, ona hadisə yerində yayınma yazmasınlar. Tras olduğu üçün avtomobillərin çəkilməsini əmr etmişdir. O, və zərərçəkmiş şəxs səhər şəhər Yol Polis idarəsinə getmişlər. Onlar hadisəni danışsalar da onlara hadisə yerindən yayınma yəni 100 manat cərimə tərtib edildi. Həmin bu proptokoldan şikayət yazmışdır. Onu 1 həftədən sonra şəhər Yol Polis idarəsinin birinci müavini qəbul etdi və hadisəni ona danışdı. Sonradan kameraları açaraq onun dediklərini təsdiq etdilər və ona heç bir günahı olmadığını söylədilər. Üstündən 5 il 4 ay keçdikdən sonra Sığorta ona dəymiş ziyanı tələb etdi. Səbəb o zaman yazılmış protokolun ləğv edilməməsi olmuşdur. Buna görə də Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinə uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin nümayəndəsi Nümayəndə X5 barəsində qəbul edilmiş Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında protokolundan və qərarından görünür ki, xx.xx.2017-ci il tarixdə saat 00:50-də Səbail rayonu, Neftçilər popspektində hərəkət zamanı normal ara məsafəsi saxlanılmamış, nəticədə qarşıda olan Mersedss markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi zərər vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir və hər iki sürücü hadisə yerindən yayınmışdır. X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xətanın törədilməsində sürücü X4 təqsiri olmamışdır. Şikayətin məzmunundan və onun izahatından görünür ki, polis əməkdaşının tələbi ilə avtomobilini çəkmiş, qərar qəbul edən orqan tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, sürücü X5 tərəfindən hər hansı inzibati xətanın törədilməsi faktı müəyyən olunmur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 barəsində qəbul edilmiş inzibati xəta üzrə təqsiri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 verdiyi şikayət təmin edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü, 328-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2017-ci il tarixli KYP 718069 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar