Məhkəmə qərarları › İş №3(009)-1756/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1756/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1756/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 10 avqust 2023-cü il tarixində Şəxs MMC-yə məxsus Bibi-heybət qəsəbəsində yerləşən “Yarımada" restoranında araşdırma aparılan zaman (“Sazeli” restoranı, Şəxs MMC) manqaldan istifadə zamanı atmosferə atılan zərərli maddələrin qarşısını almaq məqsədilə qaz-toz tutucu təmizləyici qurğudan istifadə edilməməsinə görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 inzibati xəta haqqında protokola etiraz edərək izahatında göstərmişdir ki, tərtib edilmiş protokol qanunsuz və əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, müəssisənin ünvanına 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində işə baxılmasında iştirakla bağlı heç bir məktub göndərilməmiş, məktubun çatdırılıb-çatdırılmaması barədə iş materiallarına təsdiqedici sənəd əlavə olunmamış, yoxlama aparılmış ölçmə cihazının sertifikatı və qeydiyyada olub-olmaması barədə heç bir sənəd təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xətanı törətmiş şəxsin təqsiri, inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) sübut edilməlidir. Lakin, heç bir sübut olmadan hüquqi şəxsə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 avqust 2023-cü il tarixli 80888 saylı monitorinq aktından görünür ki, X1 Monitorinq İdarəsi tərəfindən “Səbail rayonu Şıx çimərliyi ərazisində fəaliyyət göstərən bəzi iaşə obyektlərində keçirilmiş monitorinqlər haqqında” İdarəyə daxil olmuş 28 iyul 2023-cü il tarixli Bülleten DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Təbiəti Mühafizə və Sanitar Epidemioloji Xidmətlərlə X2 Bölməsinin əməkdaşlarının iştirakı araşdırılmışdır. Bülletendə Bibiheybət qəsəbəsində dənizin sahil xətti boyunca fəaliyyət göstərən “Sazeli” restoranının (“Yarımada” restoranı, Şəxs MMC, vöen **********) fəaliyyəti zamanı atmosferə atılan zərərli qazların qarşısının alınması məqsədilə qaz-toztutucu təmizləyici qurğunun olmaması qeyd edilmişdir. Bununla bağlı, “Sazeli” restoranının (“Yarımada" restoranı, Şəxs MMC, VÖEN **********) administratoru İlqar Əfrasiyabovun iştirakı ilə keçirilən monitorinq zamanı restoranın fəaliyyəti zamanı manqaldan istifadə edilsə də qaz-toztutucu təmizləyici qurğunun olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən, Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi yuxarıda qeyd olunan maddələrin tələbindən də aydın olur ki, baş verməsi ehtimal olunan inzibati xəta hadisəsi xüsusi texniki vasitələrdən istifadə edilməklə müəyyən edilə bilər. Lakin inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuş xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilibedilməməsi, yoxlama aparılmış cihazın nömrəsi, sertifikatı, protokol tərtib edilərkən məsul şəxsin iştirakı təmin edilməmiş, onun hüquq və vəzifələrinin izah edilməsi kimi halları müəyyən edilməmişdir. Eyni zamanda, iş materiallarına bir neçə ədəd qeyri-müəyyən fotoşəkillər əlavə edilməklə kifayətlənilmişdir. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXM-nin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisənin Şəxs MMC tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 237.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar