Məhkəmə qərarları › İş №3(009)-1757/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1757/2022

02.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1757/2022 02.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin 39-cu PB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Səbail RPİ-nin 39-cu PB-də səsküy salaraq növbətçi hissənin iş rejimini 3-4 saat müddətində ciddi şəkildə pozaraq, əməliyyat qrupunun üzvlərinə qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də nalayiq ifadələr işlətməkdə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu barədə Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, X2 tərəfindən 02 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Səbail Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin 39-cu PB-nin sahə inspektoru, X2 protokolda göstərilənləri müdafiə edərək, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 15 ildir ki, “Tarqovı” küçəsində gül satır, polislər də onu tanıyır, onlara qarşı hörmətlə yanaşır. Ailəlidir, kirayədə qalır, iki azyaşlı övladı vardır. Təxmini 10-15 gündür ki, anası Gəncədə əməliyyat olmuş, ürəyinə stent qoyulmuş və anasının səhhəti ilə əlaqədar rayona getmişdir. “Tarqovı” küçəsində gül satan zaman iki nəfər əməliyyatçı ona bildirmişlər ki, onunla işləyən işçilərdən biri özünü doğramışdır. Bundan sonra onu 39-cu polis bölməsinə aparmışlar. Bölmədə o, səs-küy eləməmiş, polis əməkdaşlarına qarşı hər hansı bir nalayiq hərəkətlər etməmişdir. 39-cu polis bölməsinin saxladığı digər gül satan şəxsləri tanımır. Onlar da “Tarqovı”, Nəsimi və s. yerlərdə gül satırlar. Özünü doğrayan şəxsi 9-cu polis bölməsinə aparmışlar, onu tanımır. Həmin gül satan şəxslər ailəli, yetkinlik yaşına çatmış şəxslərdirlər. Həmin yerdə toplaşmış qazilərlə də heç bir əlaqəsi yoxdur. Bütün bunları “Oxu.az”ın sosial şəbəkələrdə paylaşdığı məlumatlardan götürmüşlər. Hesab edir ki, heç bir təqsiri yoxdur, bütün bunları nəzərə alıb protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin polis əməkdaşlarını təhqir etməsi, onlara qarşı nalayiq ifadələr işlətməsi qeyd edilsə də bütün bunlar öz təsdiqini tapmayan ifadələrdir. Onun saxlandığı yerin hər tərəfində kameralar vardır. Həmin kameralara baxılsa, aydın olar. Polis əməkdaşları ilə münasibəti yaxşıdır, onlara qarşı həmişə hörmətlə yanaşmışdır. 15 ildir ki, “Tarqovı” küçəsində işləyir, ailəsinə çörək pulu qazanır. Onu saxlayan zaman heç bir müqavimət göstərməmiş, onlarla birlikdə bölməyə getmişdir. Bölmədəki kameralardan da məlum olacaq ki, həmin şəxs polislərə qarşı heç bir nalayiq ifadə işlətməmiş, müqavimət göstərməmişdir. Anası xəstədir, iki azyaşlı övladı var, eyni zamanda həyat yoldaşının xalasına da köməklik göstərir. Başqa gül satanların İbrahimlə əlaqələndirilməsi düzgün deyildir. Protokolda göstərilənlərin heç biri İbrahim tərəfindən edilməmişdir. Qeyd edilənlərə əsasən protokolun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 bildirmişdir ki, İbrahim adlı şəxs 20:00 radələrində saxlanılmışdır. Vətəndaş bölməyə gətirilən zaman orada səs-küy salmağa başlamışdır. Polisin tələblərinə tabe olmamışdır. Küçədə gül satdığı və yetkinlik yaşına çatmayanlara gül satdırdığı üçün bölməyə gətirilmişdir. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Bölmədə kameralar olsa da səs qeyd edilmir, sadəcə görüntü vardır. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirmişdir ki, 39-cu polis bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. 01 noyabr tarixində, 20:00 iradələrində öz otağında olarkən səs-küy eşitmiş və bayıra çıxmışdır. Əməliyyat müvəkkili X9 adlı şəxs arasında münaqişə olduğunu görmüşdür. O, nalayiq ifadələr işlətmişdir. Xəbərdarlıq etmələrinə baxmayaraq onların sözlərinə məhəl qoymamışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirmişdir ki, 01 noyabr tarixində inzibati ərazidə xidmət apararkən şüşəli keçidin yanında gül satan İbrahim adlı şəxsə yaxınlaşıb qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Lakin o, başa düşməmiş və yenidən ona izah etmişdir. Bundan sonra ona qarşı nalayiq ifadələr işlətmişdir. O da İbrahim adlı şəxsi 39-cu polis bölməsinə gətirmiş və işinə davam etmişdir. Gətirən zaman heç bir müqavimət göstərməmişdir. Bölmədə polislərə qarşı tabesizlik göstərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o, göstərilən inzibati xətaların törədilməsində təqsirli bilinməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs eyni vaxtda törətdiyi xətalardan birinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 02 noyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Səbail RPİ-nin 39-cu PB-də səs-küy salaraq növbətçi hissənin iş rejimini 3-4 saat müddətində ciddi şəkildə pozaraq, əməliyyat qrupunun üzvlərinə qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də nalayiq ifadələr işlətməkdə davam edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə qanunun bu tələblərini nəzərə alaraq qeyd edir ki, X4 eyni vaxtda iki inzibati xəta törətdiyinə görə onun barəsində törədilmiş daha ciddi inzibati xətaya görə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir; Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati məsuliyyətə səbəb olan əməldir və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bu Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama inzibati məsuliyyətə səbəb olan əməldir və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, nalayiq ifadələr işlədərkən xidməti vəzifəsini yerinə yetirməklə, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirməsini, polisin nizam-intizamla bağlı digər qanuni tələblərinə əməl etməyib, polisin iş fəaliyyətini pozmasını, bu cür davranışları ilə digər insanlara mənfi nümunə olmasını nəzərə alaraq, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş 30 gün müddətinə inzibati həbs tətbiq edilməsi qanuni, legitim, əsaslı və ədalətlidir. Belə ki, İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114.1.1, 115.1, 117, 128130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2022-ci il tarixdən, saat 20:30dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlama Mərkəzinə tapşırılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar