Məhkəmə qərarları › İş №3(009)-1764/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1764/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1764/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC -nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və X3 bölməsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və X3 bölməsi tərəfindən tərtib edilmiş 24 oktyabr 2022-ci il tarixli, 13000-0990/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs QSC (VÖEN: **********) tərəfindən xx.xx.2022-ci il tarixli **********6938 saylı gömrük bəyannaməsi üzrə “BAKİNSKAYA-3” (İMO:8872899) adlı dəniz üçün torpaqqazan gəmi müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Bəyannaməyə əlavə edilmiş müvafiq mügavilə üzrə gömrük organı tərəfindən həmin gəminin müvəqqəti ixrac rejimində xx.xx.2022-ci il tarixinədək qalmasına icazə verilmişdir. Lakin, müqavilə və bəyannamədə göstərilən müddətin bitməsinə baxmayaraq gəmi hələ də təkrar idxal edilərək xaricdən qaytarılmamışdır. Gəmilərin xaricdən qaytarılması müddətinin uzadılması ilə bağlı hüquqi şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə müraciət olunmuşdur. Lakin, həmin müraciətə hüquqi şəxslə xarici firma arasında olan yeni müqavilə əlavə edilməmişdir ki, gömrük orqanı da sonuncu müqavilə əsasında malın xaricdən qaytarılma müddətini uzadılmasına icazə verə bilsin. Daha sonra Şəxs QSC- dən xx.xx.2022-ci il tarixdə MC-23/02-509 nömrəli yeni müraciət daxil olmuş və həmin müraciət əsasında malın xaricdən qaytarılma müddəti uzadılmışdır. Sonuncu müraciətin və müraciətə əlavə edilmiş sonuncu müqavilənin xx.xx.2022-ci il tarixdə Baş İdarəyə daxil olduğunu nəzərə alaraq hüquqi şəxs tərəfindən törədilən əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinin tərkibi yaranmışdır. Nəticədə hüquqi şəxs tərəfindən təqdim edilmiş **********6938 saylı gömrük bəyannaməsi üzrə “BAKİNSKAYA-3” (İMO:8872899) adlı dəniz üçün torpaqqazan gəmi müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş, bəyannamədə malın müvəqqəti ixrac rejimində qalma müddəti ilkin olarag cari ilin sonunadək göstərilsə də gömrük orqanı bəyannamə üzrə verilən müqavilədə göstərilən müddəti əsas götürərək buna razılıq verməmiş və həmin müddətin bəyannamədə xx.xx.2022-ci il tarixi kimi göstərilməsi üçün bəyannaməçiyə rəsmi formada geri qaytarmış, müvəqqəti ixrac edilmiş mal bəyannamədə və müqavilədə göstərilən son gün xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasına qaytarılmamış, hüquqi şəxs tərəfindən malların müvəqqəti ixrac rejimində qalma müddətinin uzadılması üçün qanunvericiliyin tələblərinə uyğun qaydada müraciət xx.xx.2022-ci il tarixdə edilmiş bu səbəbdən də Şəxs QSC tərəfindən törədilmiş əməldə həm gömrük qanunvericiliyində, həm də inzibati qanunvericilikdə təsbit olunmuş inzibati məsuliyyəti müəyyən edən hallar öz təsdiqini tapmış və bununla da Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs QSC–nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs QSC-nin nümayəndəsi X4 inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, protokol qanunsuz və əsassızdır. “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021ci il tarixli 1 nömrəli əlavəsinə əsasən “X5” “Bakinskaya 3” “Bakinskaya 5” “Bakinskaya 6” və “İrgiz” adlı gəmilərin X8 sektorunda Filanovski yatağında 12 ay müddətinə layihəyə cəlb olunmuşdur və müvafiq işlər görülmüşdür. Bununla əlaqədar ASCO tərəfindən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə xx.xx.2022- ci il tarixli CF23/02-84 nömrəli məktubla müraciət olunmuş və “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən ASCO-ya məxsus gəminin X8 sektorunda Filanovski yatağında 12 ay müddətinə layihəyə cəlb olunacağı bildirilmişdir, həmçinin qeyd olunanları nəzərə alaraq gəminin xx.xx.2022-ci il tarixindən 12 ay müddətinə müvəqqəti ixrac rejiminə qeydiyyata alınması üçün aidiyyətə üzrə göstəriş verilməsi xahiş edilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə MC23/02-385 saylı məktubla ASCO tərəfindən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinə məktubla müraciət edilmiş və “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən ASCO-ya məxsus gəmi xx.xx.2022-ci il tarixli CF23/02-84 saylı müraciətlə müvəqqəti ixrac rejimində qeydiyyata alınmışdır. X7 Rusiya sektorunda Filanovski yatağında istismar olunan gəminin cəlb olunduğu layihə 2022-ci ilin sonuna qədər davam edəcəyi üçün gəminin geriyə idxalı üçün nəzərdə tutulan tarixin 31 dekabr 2022-ci il tarixinə kimi uzadılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Şəxs QSC tərəfindən hər hansı bir inzibati xəta pozuntusu törədilməmişdir, belə ki, ASCO-ya məxsus müvafiq gəmi müqavilə əsasında Rusiya Federasiyasında işləmiş və bununla bağlı gömrük orqanına vaxtında məlumat verilmişdir, həmçinin müqavilənin müddətinin uzadılması səbəbindən gəmi müqaviləyə uyğun işləri davam etdirməsi səbəbindən Rusiya Federasiyasının Filanovski yatağında qalmış, bununla bağlı müvafiq sənədlər gömrük orqanına təqdim edilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, ASCO tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 244 saylı qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının şərtləri pozulmamış, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən protokolda inzibati xəta hadisəsinin baş verməsi kifayət qədər əsaslandırılmamışdır. ASCO ilə “Vimar Offshore” şirkəti arasında bağlanmış müqavilənin 12.1-ci bəndinə əsasən müəyyən olunur ki, müqavilənin bitmə müddəti xx.xx.2022 göstərilsə də, tərəflər öz öhdəliklərini tam olaraq yerinə yetirənə qədər qüvvədə qalır. Yəni müqavilənin bitmə tarixi 2022-ci ilin sonuna kimi nəzərdə tutulmuşdur. Belə ki, Nazirlər Kabinetinin 244 saylı qərarına əsasən təsdiq edilmiş Qaydaların 3.1-ci bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu Qaydaların tələblərinə uyğun olaraq gömrük orqanına müraciət edilmiş və X8 sektorunda Filanovski yatağında istismar olunan gəminin cəlb olunduğu layihə 2022-ci ilin sonuna qədər davam edəcəyi üçün gəminin geriyə idxalı üçün nəzərdə tutulan tarixin 31 dekabr 2022-ci il tarixinə kimi uzadılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokolun qanunsuz və əsassız olması səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Azərterminalkompleks” Birliyinin inspektoru tərəfindən tərtib edilmiş raportdan görünür ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (VÖEN: **********) tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmək üçün **********6938 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən mallara, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixinədək icazə verilmişdir. Müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin bitməsi ilə əlaqədar olaraq Şəxs QSC-yə bildiriş göndərilmişdir. Lakin müvəqqəti ixrac olunmuş mallar geri qaytarılmamış və ya digər gömrük proseduru altında yerləşdirilməmişdir. İş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinin Əməliyyat və təhqiqat şöbəsi, Təhqiqat bölməsinin tərəfindən tərtib edilmiş raportdan görünür ki, hüquqi şəxs Şəxs QSC tərəfindən **********6938 saylı gömrük bəyannaməsi üzrə mallar xx.xx.2022-ci il tarixinədək müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilmişdir. Həmin raportda müvəqqəti ixrac edilmiş malların hələ də geri qaytarılmadığı və ya hər hansı digər xüsusi gömrük proseduru altında rəsmiləşdirilmədiyi qeyd olunmuşdur. Eyni zamanda müvəqqəti ixrac xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması üçün Şəxs QSC tərəfindən Baş İdarəyə müraciət olunmuş, lakin sözügedən müddətin uzadılmasına hüquqi əsas verən, xarici şirkətlə hüquqi şəxs arasında bağlanmalı olan yeni müqavilə müraciətə əlavə olunmamışdır. Belə ki, əgər müvəqqəti ixrac xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından söhbət gedirsə xarici şirkətlə Şəxs QSC arasında yeni müqavilə bağlanmalıdır ki, gömrük orqanı da prosedurun müddətini həmin müqavilədə nəzərdə tutulmuş müddətə uzatmağa icazə verə bilsin. Buna baxmayaraq müvəqqəti ixracda qalma üçün müəyyən edilmiş müddət xx.xx.2022-ci il tarixdə bitmiş hesab edilir, amma hüquqi şəxs yuxarıda qeyd edilən müraciətə həmin tarixədək bağlanmalı olan hər hansı yeni müqaviləni gömrük orqanına təqdim etməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “gömrük bəyannaməsi üzrə elektron çıxarış”ından görünür ki, **********6938 saylı gömrük bəyannaməsi üzrə malların müvəqqəti ixrac prosesində qalma müddətinin son tarixi xx.xx.2022-ci il kimi göstərilmişdir. İş materiallarında olan Şəxs QSC tərəfindən Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsinə ünvanlanmış 30 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “Vimar Offshore” şirkəti ilə Şəxs QSC (ASCO) arasında bağlanmış XG-0287 saylı xx.xx.2020-ci il tarixli müqavilənin xx.xx.2021-ci il tarixli 1 nömrəli əlavəsinə əsasən ASCO-ya məxsus gəmi xx.xx.2022-ci il tarixli CF23/02-84 saylı müraciətlə müvəqqəti ixrac rejimində qeydiyyata alınmışdır. X8 sektorunda Filanovski yatağında istismar olunan gəminin cəlb olunduğu layihə 2022-ci ilin sonuna qədər davam edəcəyi üçün gəminin geriyə idxalı üçün nəzərdə tutulan tarixin 31 dekabr 2022-ci il tarixinə kimi uzadılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 130.1-ci maddəsinə əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. Həmin məcəllənin 130.2-ci maddəsinə əsasən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 244 nömrəli qərarı ilə təsdiqlənmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”-nın 3.6-cı bəndinə əsasən, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,114- 117 və 499.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar