Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1765/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokolu və həmin iş üzrə digər sənədləri (iki akt, fotoşəkillər, bildirişlər) Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda 31 may 2025-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 34, Dənizkənarı Milli Park ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Pasifico lounge-dining” iaşə obyektinin fəaliyyəti zamanı səs-küy səviyyəsi xüsusi texniki vasitə ilə ölçülərkən ətrafa yayılan səs-küy səviyyəsinin yol verilən həddən yuxarı olması faktı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 02 iyun 2025-ci il tarixli, 92927 nömrəli aktda yazılanlara əsasən, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən, X1 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə Səbail rayonu xidməti ərazisində monitorinqlər keçirilmiş, bu zaman “Pasifico lounge-dining” iaşə obyektinin (Şəxs MMC VÖEN: **********) fəaliyyəti zamanı ətraf ərazilərə yüksək səviyyədə səs-küyün yayılması vizual baxış zamanı müəyyən edilmişdir. Aktda qeyd olunmuş məlumata əsasən X1 Monitorinq İdarəsinin mütəxəssisləri həmin iaşə obyektinin meneceri Nümayəndə1 iştirakı ilə səs-küy səviyyəsinin müəyyənləşdirilməsi məqsədi ilə ölçmə-analiz işləri aparmış və nəticə etibarilə səs-küy səviyyəsinin qanunla həmin kateqoriya obyektlər üçün nəzərdə tutulmuş normadan (norma 60dBA) artıq olduğu müəyyən olunmuşdur (ölçülmüş nəticə 85.5dBA). Bu barədə xx.xx.2025-ci il tarixli 003226 tarixli monitorinq aktı tərtib olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar “Pasifico lounge-dining” iaşə obyektinin menecerinə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanının müvafiq bəndlərinin tələblərinin pozulduğu izah olunmuşdur. Ölçmə-analiz işlərinin aparılması zamanı menecer Nümayəndə1 iştirak etsə də, monitorinq aktını imzalamaqdan və yazılı izahat veməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 18 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola yazılı etirazı məhkəməyə daxil olmuşdur. Tərəf etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən monitorinq zamanı səs-küy səviyyəsinin ölçülərkən istifadə olunmuş xüsusi texniki vasitə olan PCE markalı, səyyar tipli, 322A modelli ölçü cihazının düzgün işləməsini təsdiq edən kalibrləmə protokolu və kalibrləmə sertifikatı nə məhkəməyə, nə də barəsində icraat aparılan şəxsə təqdim edilmişdir. Bu da öz növbəsində həmin ölçü cihazının ölçü aparılan vaxt etibarlı olmasını şübhə altına almışdır. Məhkəməyə təqdim edilən fotoda əks olunan ölçmə avadanlığının nə qeydiyyat nömrəsi, nə də onun kalibrlənməsini və etibarlılığını təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir rəsmi icazə vərəqi və yoxlanış keçirilməsi barədə qərar təqdim etmədən gecə saatlarında monitorinq aparmış, sahibkarlıq subyektinə əvvəlcədən xəbərdarlıq edilməmişdir. Restorananın etibarnamə üzrə nümayəndəsi həmçinin, yazılı etirazında bildirmişdir ki, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları adlı “Cədvəl 1”-in 10-cu sətrində “Kafe, restoran, yeməkxanaların zalları” üzrə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yol verilən norması 65 dBA göstərilməklə “Pasifico” restoranı dənizkənarına yaxın yerdə və yaşayış binalarından xeyli aralıda yerləşdiyinə görə, normalardan kənara çıxma olmamışdır. Əlavə olaraq, Bulvar ərazisindən yaşayış massivinə qədər hər hansı bir rəsmi ölçmə sənədi təqdim edilməmişdir. Bu isə sübutların yetərsiz və qeyri dəqiq olmasını göstərir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi etirazda qeyd olunanlara uyğun olaraq məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsinin yazılı və şifahi etirazına cavab olaraq Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasında ölçü cihazının etibarlığını təsdiq edən müvafiq sənədlə (sertifikatla) qarşı tərəfi tanış etmiş və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi həmin sənədə etirazı olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-yə məxsus “Pasifico lounge-dining” restoranında aparılmış yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirliliyin sübuta yetirilməsində qanuna zidd əldə edilmiş sübutlardan istifadə edildiyindən hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02 iyul 2013-cü il tarixli Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 16.11-ci maddəsinə əsasən, plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. Lakin iş materiallarında olan 02 iyun 2025-ci il tarixli, 92927 nömrəli aktda yoxlamaların Azərbaycan Respublikası Ekologiya Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən aparıldığının qeyd olunmasına baxmayaraq nə həmin sərəncam, nə də yoxlamanın başlanmasından əvvəl müvafiq icra hakimiyyəti orqanından alınmalı olan reyestrdən çıxarış məhkəməyə təqdim olunmamışdır. Protokolu tərtib etmiş orqanın etibarnamə üzrə nümayəndəsi şifahi qaydada həmin sərəncamın ərazidə ümumi yoxlanışların həyata keçirilməsi ilə bağlı olduğu, həmin sərəncamda konkret olaraq “Pasifico lounge-dining” restoranında monitorinq aparılmasının nəzərdə tutulmadığını məhkəmədə verdiyi izahatında bildirmişdir. Göründüyü kimi hüquqi şəxsə məxsus sahibkarlıq obyektində plansız (nönbədənkənar) yoxlama vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirildiyindən iş materiallarına əlavə edilmiş monitorinq aktının hüquqi nəticəsi mövcud ola bilməz. Odur ki, məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun yoxlama aparılmadığından hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Hazırki iş üzrə hüquqi şəxsin təqsirliliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinin tələblərinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanması məsələsini həll edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin, həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və əlavə olunmuş icraat materialları üzrə təqsirliyinin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildiyindən hüquqi şəxsin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1765/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1765/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver