Məhkəmə qərarları › İş №3(009)-1766/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1766/2020

16.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1766/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, polis mayoru Rahib Zeynalovun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Şamaxı rayonunun, Göylər kəndində anadan olmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı, ******* saylı, xx xxxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə, saat 11:15-də Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən Prezident Aparatının qarşısında polisin tələblərinə qəsdən tabe olmadığına görə Səbail Rayon Polis idarəsinin PPXB-nin tərtib etdiyi raport əsasında AR İXM-nin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Rahib Zeynalov inzibati xəta haqqında protokolda göstərilənləri təsdiqləyərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin PPXB-nin polis nəfəri X5 izahat verərək, bildirdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən Prezident Aparatının qarşısında xidmət apararkən 1 nəfər qadın vətəndaş Prezident Aparatının park hissəsindən yaxınlaşaraq darvazanın yanının açıq olmasından istifadə edərək binanın həyətinə daxil olmağa çalışdı, o, darvazanı örtərək pandemiya ilə əlaqədar hazırda Prezident Aparatında vətəndaşların qəbulunun dayandırıldığını, yalnız online qaydada və ya məktub göndərməklə xahişini bildirə biləcəyini demişdir. Bundan sonra qadın onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Digər polis əməkdaşı ilə birlikdə qadını sakitləşdirə bilmədikdə, onlar avtopatrulu köməyə çağırmışlar, avtopatrul gəldikdən sonra qadına maşına əyləşməyini desələr də, o, müqavimət göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Onlar qadını maşına oturtmaq istədikdə qadının başı avtomobilin içərisində olan dəmirə dəyərək zədələnmişdir. Onlar qadına tibbi yardım göstəmiş və onu 9-cu Polis Bölməsinə apararaq bu barədə raport tərtib etmişdirlər. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin PPXB-nin polis nəfəri X4 izahat verərək, bildirdi ki, o, xx xxxxxxxx 2020-ci il tarixdə, avtopatrulda xidmətdə olarkən, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən Prezident Aparatının qarşısından köməyə çağrılmışlar, onlar hadisə yerinə çatdıqda orada böyük səs-küy olduğunu görmüşlər, qadının həmin vaxt çox aqressiv olduğunun şahidi olmuşdur. Onlar qadını maşına oturtmaq istədikdə qadının başı avtomobilin içərisində olan dəmirə dəyərək zədələnmişdir. Onlar qadına tibbi yardım göstəmiş və onu 9-cu Polis Bölməsinə apararaq bu barədə raport tərtib etmişdirlər. Məhkəmə iclasında iştirak edən Səbail RPİ-nin PPXB-nin polis nəfəri X2 RPİ-nin PPXB-nin polis nəfəri X3 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, ali təhsilli müəllimədir, 3 övladı var, həyat yoldaşı vəfat etdiyindən, o, öz övladlarını təkbaşına böyüdür, hazırda onkoloji xəstədir. xx xxxxxxxx 2020-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsində yerləşən Prezident Aparatına qəbula yazılmaq məqsədilə getmişdir. Park tərəfdən həyətə yaxınlaşaraq darvazanın kənarının açıq olduğunu görmüş və içəri daxil olmaq istəmişdir. Bu vaxt polis əməkdaşı kobud şəkildə onu darvazadan kənara çəkməyə çalışdığından, o da, hirslənərək yüksək səslə həmin polis nəfərinə öz narazılığını bildirmişdir. Daha sonra həmin yerə bir neçə əlavə polis əməkdaşları da gəlmiş və onu zorla avtomobilə oturdaraq oradan uzaqlaşdırmaq istəmişlər. Bu zaman o müvazinətini itirərək başını avtomobilin içərisində olan dəmirə vuraraq zədələmişdir. Daha sonra başının qanadığını görmüş və polislərdən kömək istəmişdir. Həmin vaxt xəstəliyi ilə əlaqədar əsəbi olmuşdur, əgər əsəbləşməsəydi bunlar baş verməyə də bilərdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1 maddələrinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib, ona cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar