Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-177/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli, 14000-00107/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində **********5902, **********5973, **********6010, **********6084, **********6112, **********6333, **********6264 və **********6320 sorğu nömrəli gömrük bəyannamələri ilə "sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilən Çin Xalq Respublikasından şirkətin ünvanına gələn 8 (səkkiz) ədəd nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 01 yanvar 2025-ci il tarixdə "Samur" gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin nəqliyyat vasitəsinə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-ə və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Rəsmiləşdirmə Mərkəzi, 2-ci şöbəsinin inspektoru Turan Əmirxanov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC nin ünvanına 80F177PA/903628BA nömrəli nəqliyyat vasitəsi ilə gələn **********5902, **********5973, **********6010, **********6084, **********6112, **********6333, **********6264 və **********6320 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan olunan 8 (səkkiz) ədəd minik avtomobilləri "Samur” gömrük postundan ölkə ərazisinə daxil olarkən qısa idxal bəyannaməsi təqdim edilməmiş və bununla da Gömrük Məcəlləsinin 113-cü maddəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, daxil olmuş yüklər 08 və 09 yanvar 2025-ci il tarixlərdə buraxılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokoldan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərmişdir ki, işlədiyi Şəxs MMC-nin ünvanına gələn xx.xx.2025-ci il tarixli **********5902, **********5973, **********6010, **********6084, **********6112, **********6333, **********6264 və **********6320 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilən 8 (səkkiz) ədəd nəqliyyat vasitələri gəlmişdir. Lakin həmin nəqliyyat vasitələrinə dair sürücü tərəfindən məlumat verilmədiyindən yuxarıda qeyd olunan nəqliyyat vasitələri bəyan edilməmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 Sistemi’’ informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışlardan görünür ki, 903628BA qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2025-ci il tarixdə “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilsə də, qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115 və 485.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-177/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-177/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver