Məhkəmə qərarları › İş №3(009)-178/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-178/2022

03.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-178/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-0107/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 99HF424/99ZB996 nömrəli nəqliyyat vasitəsilə 91880 nömrəli 13.07.2021-ci il tarixli invoys sənədi ilə daxil olmuş mallar **********3646 sorğu nömrəli 06.10.2021-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 1 ədəd “Brophy” markalı əl ilə idarə olunan mexaniki qaldırıcı tal yükünün orta bazar qiyməti 340 manat təşkil edir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC tərəfindən 1 ədəd “Brophy” markalı əl ilə idarə olunan mexaniki qaldırıcı tal yükü gömrük orqanına bəyan edilmədiyindən, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkibi var və ona cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/8302 saylı 03 dekabr 2021-ci il tarixli rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib həmin malların dəyərinin qırx faizi məbləğində - yəni 136 (yüz otuz altı) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar