Məhkəmə qərarları › İş №3(009)-1780/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1780/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1780/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 və vəkili X3 iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə MN ******* nömrəli, 23 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, MMC 23 iyun 2025-ci il tarixdə şikayət müraciətinə əsasən "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı lisenziya olmadan özəl tibb fəaliyyəti ilə (tibb texniki) məşğul olması faktı aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək hüquqi şəxsin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X2 protokola etiraz etdiyini bildirmişdir. Bildirdi ki, müəssisə lisenziya olmadan fəaliyyət göstərməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. "xxxx" klinikanın və "xxxx" MMC-nin rəhbəridir. Klinika olaraq bütün sənədlər vardır. Klinikanın və ofisin adı eynidir. Ofis kimi işlətmək üçün obyekt götürülmüş, icarə müqaviləsi bağlanmış və "xxxx" adı olması hərkəsi yanıltmışdır. Sadəcə orda komputerdə diş şəkillərini düzəldilməsidir. Bununla bağlı şəhadatnamə vardır həmçinin ofisin şəkilləri işin içinə yerləşdərilmişdir. "xxxx" Klinikası ilə "xxxx" ofisi qarşı-qarşıya yerləşir və hər birinində sənədlər düzdür və her bir texniki baxışdan keçmişdir. Bina şəxsləri belə heç bir şikayətlərinin olmadığınıda bildirmişdirlər. 3D formasında şəkillər düzəlir və printirlərdə çıxardılır. Burada iclaslar keçirilir və orada heç bir diş texniki heç bir fealiyyət göstərilmir. Protokola klinikada qeyd olunmuşdur lakin klinika başkadır və klinikanında hər bir sənədi və lisenziyası vardır. Tibbi klinik o deməkdir ki, kliniki fealiyyət göstərilir lakin burada heç bir klinik fealiyyət göstərilmir ofis olması uilə əlaqədər ofisin şəkilləri vardır və oradan da məlumdur ki, orada heç bir tibbi fealiyyət göstərilmir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X5 bildirmişdir ki, hazırda yazılan prtokol tamamilə səhvdir və qeyd olunan ünvanda yerləşən klinika ofis kimi fealiyyət göstərmişdir. Qarşı tərəf şəxsi maraqları ilə klinika kimi hesab edib protokol tərtib etmişdir. Ünvanda fəaliyyət vardır lakin klinika kimi deyil ofis kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28-1/3-2- 650/2025 nömrəli qərarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində plandankənar (növbəti) yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X7 Müəssisəsinin T-215 nömrəli, xx.xx.2025-ci il tarixli plandankənar yoxlama aktından görünür ki, yoxlama zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus müəssisədə lisenziya olmadan diş texnikliyinə aid sahə, avadanlıqlar, laboratoriya tibb fəaliyyəti ilə məşğul olduqları aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 06 noyabr 2023cü il tarixli lisenziyadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə özəl tibb fəaliyyəti ilə məşğul olmasına icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi N2025 0671 əmtəə nişanına əsasən 10-cu sinif diş protezləri əmtəə nişanı üçün qeydiyyata alınmışdır. İş materiallarında olan EL-683/2022/1 qeydiyyat nömrəli 12 oktyabr 2022-ci il tarixli lisenzsiyaya əlavəyə əsasən "xxxx" MMC özəl tibb fəaliyyətinin ambulator tibbi xidməti üzrə stomatologiya, terapevtik stomatoloji, cərrahi stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, şüa diaqnostikası, rentgenoloji işlərin görülməsinə icazə verilir. İş materiallarında olan texnik vəzifəsinə təyin edilən X1 ilə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 1 nömrəli əlavəsinin “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 2-ci bəndinə əsasən özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər” bölməsinin 2.24-cü bəndinə əsasən stomatologiya - lisenziyalaşdırılan işlər siyahısına daxildir. Həmin qanunun 4.2-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: 4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir; 4.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur; 4.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər; 4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur. Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə - fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli, 206 nömrəli qərarı ilə Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı təsdiq edilmişdir. Həmin siyahının 2.24.5-ci bəndində diş texniki tibb xidmətinə xüsusi razılıq olduqda, Özəl tibb müəssisələri müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Məhkəmə iclasında hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlər tədqiq edilmiş və müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində lisenziya əsasında stomatoloji praktik tibb fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar