Məhkəmə qərarları › İş №3(009)-1782/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1782/2021

03.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1782/2021 03.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Emin V” şirkətinin nümayəndəsi X1 iştirakı ilə, “Emin V” şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Emin V” şirkətinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail RPİ-nin DYPŞ-si tərəfindən tərtib edilmiş 08.08.2021-ci il tarixli İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, cəmiyyət mülkiyyətində və ya istifadəsində olan «FORD TOURNEO CONNECT» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Bakı şəhəri Səbail rayon Polis İdarəsinin bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etməmişdir. Bununla da, “Emin V” şirkəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarına əsasən İXMnin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə Şəxs MMC-yə 300 (üç yüz) manat məbləğdə cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərardan narazı qalan Şəxs şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.10.2021-ci il tarixli 3(103)-2490/2021 saylı qərarına əsasən “Emin V” şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, “Emin V” şirkətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 3(009)- 1782/2021 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Emin V” şirkətinin nümayəndəsi X2 protokola etiraz edərək, Şəxs 23.02.2017-ci ildə fəaliyyətini 5 il müddətinə dayandırmış və hazırda fəaliyyət gödtərmədiyindən həmin məktub ünvana çatmamışdır. Xəbərnamədə imzası olan şəxsin kim olması barədə məlumatları yoxdur və həmin məktubun kim tərəfindən qəbul edilməsini bilinmir. Nəqliyyat vasitəsinin radara düşməsi və DYPnin məktubu barədə sonradan məlumat almış və dərhal da Yol polis şöbəsi ilə əlaqə saxlamışdır. Cərimə onun tərəfindən ödənilmiş və həmin qəbz DYP-yə təqdim edilmişdir. Şəxs əməlində hər hansı inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş orqanın hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, “Emin V” şirkətinin barəsində Azərbaycan Respublikasının İXM-nin 347ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail RPİ-nin “Emin V” şirkətinə ünvanladığı sorğunun DİNnin DYPİ-nin portalının çıxarışından görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan «FORD TOURNEO CONNECT» markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 02 iyul 2021-ci il, saat 11:39-da Y.Səfərov küçəsi, Azəri Qaz SC-nin qarşısında-28 may və ya Cavanşir körpüsü istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 17 km/saat həddində aşmağa görə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 (beş) gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 23 iyul 2021-ci il tarixdə “Emin V” şirkətinin adından Hüseynov soyadlı şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan arayışdan görünür ki, “Emin V” şirkəti 23.02.2017-ci ildə fəaliyyətini 5 il müddətinə- 23.02.2022-ci il tarixədək dayandırmışdır. İş materiallarında olan qəbzin surətindən görünür ki, X2 tərəfindən 10.08.2021-ci il tarixdə 09 manat məbləğində cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.3-cü maddəsinə əsasən bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs, yaxud dövlət qurumunun vəzifəli şəxsi bu Məcəllənin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin, yaxud dövlət qurumunun vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, fiziki şəxsi isə törətdiyi əmələ görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Göründüyü kimi qanunvericiliyin mənasına görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün inzibati xəta törətmiş fiziki şəxs barəsində nəqliyyat vasitəsinin mülkiyyətçisi olan hüquqi şəxsə səlahiyyətli orqan tərəfindən sorğu verilməli, həmin sorğu hüquqi şəxsə təqdim olunmalı (daxil olmalı) və bundan sonra hüquqi şəxs tərəfindən 5 gün müddətində sorğuya cavab verilməlidir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X4 İsteyts Limited” MMC səlahiyyətli orqanın sorğusunu vaxtında cavab verə bilməməkdə təqsiri olmamış, sorğu barədə məlumat aldıqdan sonra dərhal müddəti ötürmədən cavablandırmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Emin V” şirkəti polisin sorğusu barədə lazımi qaydada məlumatlandırılmadığından inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, “Emin V” şirkətinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 105, 109 və 114, 122, 123-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Emin V” şirkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar