Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1786/2025 01.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Beyləqan rayonu, Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, birinci Şahsevən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair 01 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və onlara əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, təxmini saat 23:40 radələrində, Səbail rayonu, Bibiheybət Məscidi yaxınlığında YPX və ÇPA-nın xidməti zamanı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli AZA 026553 saylı inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 29 iyun 2025-ci il tarixdə, saat 23:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsinin sahə rəisi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində, axşam saatlarında dostu ilə rayona qayıdırdı, o, Beyləqanda fəhlə işləyir, sürücü ilə ot satmağa gəlmişdilər. Arxalarınca YPXnin əməkdaşları gəlmişdir. Onlar içkili olmuşlar, lakin o, sərnişin olmuşdur. Nə edəcəklərini bilməmişlər, içkili olduqları üçün maşını saxlamaq istəməmişlər. YPX maşınları onların maşınını əhatə etdiyindən dayandırlar. Nəqliyyat vasitəsindən endikdən sonra qorxduğu üçün qaçmışdır. Lakin, sonradan onu polis əməkdaşları saxlamışlar. İki oğlu, bir qızı var, O, tabe olmamış, lakin söyüş söyməmişdir. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 23:20 radələrində Neftçi Qurban küçəsində hərəkətdə olan zaman YPX onlardan kömək istəyərək tabesizlik göstərən kamaz markalı nəqliyyat vasitəsini saxlaması üçün şərait yaratmağı bildirmiş və onlar həmin nəqliyyat vasitəsini saxlamaq üçün səs siqnalından və səs ucaldandan istifadə etsələr də o əks yola çıxaraq və təhlükəli sürərək vətəndaşlara və digər hərəkət iştirakçılarına həmçinin xidməti patrul maşınlarına real təhlükə yaratmış və yenidən yüksək surətlə hərəkət etmiş və onlar onu Bibheybət Məscidi istiqamətində süni tıxac yaradaraq saxlatmaq istəsələr də sürücü kamazları üzərlərinə sürərək və digər vətəndaşlara real təhlükə yaradaraq qaçmaq istəyən zaman onlar xəbərdarlıq atəşi və məhəl qoymadığı üçün daha sonra nəqliyyat vasitəsinin təkərinə atəş açaraq məcburi dayandırmışlar və sürücü nəqliyyat vasitəsindən enən zaman onların üzərinə gələrək əl-qol atmağa başlamış və onları xüsusi vasitə qandal tətbiq edərək xidməti maşına əyləşdirib polis bölməsinə gətirmişlər. Şəxs sürücünün yanında əyləşmiş, o da içkili olmuşdur, nəqliyyat vasitəsindən eniv qaçmaq istəmişdir. Polisin qanuni tələbinə tabe olmamış, nalayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, 29 iyun 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:20 radələrində Neftçi Qurban küçəsində hərəkətdə olan zaman YPX onlardan kömək istəyərək tabesizlik göstərən kamaz markalı nəqliyyat vasitəsini saxlaması üçün şərait yaratmağı bildirmiş və onlar həmin nəqliyyat vasitəsini saxlamaq üçün səs siqnalından və səs ucaldandan istifadə etsələr də o əks yola çıxaraq və təhlükəli sürərək vətəndaşlara və digər hərəkət iştirakçılarına həmçinin xidməti patrul maşınlarına real təhlükə yaratmış və yenidən yüksək surətlə hərəkət etmiş və onlar onu Bibheybət Məscidi istiqamətində süni tıxac yaradaraq saxlatmaq istəsələr də sürücü kamazları üzərlərinə sürərək və digər vətəndaşlara real təhlükə yaradaraq qaçmaq istəyən zaman onlar xəbərdarlıq atəşi və məhəl qoymadığı üçün daha sonra nəqliyyat vasitəsinin təkərinə atəş açaraq məcburi dayandırmışlar və sürücü nəqliyyat vasitəsindən enən zaman onların üzərinə gələrək əlqol atmağa başlamış və onları xüsusi vasitə qandal tətbiq edərək xidməti maşına əyləşdirib polis bölməsinə gətirmişlər. İş materialına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs orta alkoqol sərxoşluq dərəcəsində olmuşdur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 29 iyun 2025-ci il tarixində, saat 23:20 radələrində Səbail rayonu, Bibiheybət Məscidi yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs sərxoş olmasını məsuliyyətini ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halı və yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində inzibati həbs tənbeh tədbirinin 20 (iyirmi) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 29 iyun 2025-ci il tarixdən, saat 23:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 iyun 2025-ci il tarixdən, saat 23:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılma məntəqəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-1786/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1786/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver