Məhkəmə qərarları › İş №3(009)-1788/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1788/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1788/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, X1 iştirakı ilə, Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə və ona əlavə olunmuş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək Bakı şəhər X6 İdarəsinin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, 23 iyun 2025-ci il tarixində gecə saat 23:50 radələrində X2 idarə etdiyi BMW 525 markalı **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil Səbail RPİ Yol Patrul Xidməti əməkdaşları Elnur və Kamran tərəfindən Gülbala Əliyev küçəsində saxlanılmışdır. Şikayətçi qanunlara hörmətlə yanaşaraq onlara tam tabe olmuşdur, heç bir qayda pozuntusunun olmadığını bildirmişdir, lakin əməkdaşlar tərəfindən heç bir əsaslı səbəb və şübhə olmadan ondan alko- test tələb olunmuşdur. Vətəndaş mövqeyindən və qanuni hüquqlarını bildiyinə baxmayaraq dövlət orqanlarına hörmət əlaməti olaraq alko-test cihazına üfürmüşdür, nəticənin guya 0.470 promil olduğu şifahi şəkildə deyilsə də, ona heç bir rəsmi nəticə, akt və ya cihaz çap qəbzi təqdim edilməmişdir. Avtomobilin dərhal duracağa aparılmış, sənədləri alınmış, özü isə cavabsız vəziyyətdə küçədə qoyulmuşdur. Bu vəziyyət onun həm şəxsi, həm ailəsinin çörək pulu qazanma imkanını tam bağlamışdır. Qeyd etmişdir ki, o, ailə başçısıdır, 7 nəfərlik ailənin dolanışığı üçün hər gün həmin avtomobillə işləyir, avtomobilin gündəlik arendası 30 manatdır və bu səbəbdən bir gün belə işləməməyi ona ağır maddi zərbədir. Hadisə baş verdıyi andan qanun sübut toplamaq üçün dərhal Nizami metrosu yaxınlığında yerləşən dövlət tibb müəssisəsinə getmiş və 1 saat ərzində qanuni tibbi analiz verdim. Tibbi müayinə protokolu ******* həkim tərəfindən rəsmi akt tərtib olundu, möhürlə təsdiq edildi ki, onun qanında spirt miqdarı cəmi 0.08 promildir ki, bu da inzibati məsuliyyət yaratmır. Bütün bu rəsmi sübuta baxmayaraq. Yol Patrul Xidməti əməkdaşları protokolu ləğv etmədi, Bütün mövcud rəsmi sübutlara baxmayaraq, sonrakı günlərdə məsələni aydınlaşdırmaq üçün idarəyə müraciət etmişdir və Elşən adlı polis əməkdaşı vasitəsilə Elnur və Kamranla əlaqə saxlamışdır. Buna baxmayaraq, protokol əsassız olaraq qüvvədə saxlanıldı və bildirildi ki, əgər bu vəziyyət dəyişdirilməsə, şikayətçinin sənədləri geri qaytarılmayacaq və sürücülük hüququndan məhrum edilə bilər. Şikayətçi dəfələrlə qeyd etmişdir ki, günahsızdır, bütün rəsmi sübutları var, ailənin vəziyyəti ağırdır və heç bır əsas olmadan protokolun qüvvədə saxlanılması düzgün deyil. Buna baxmayaraq, protokol qanunsuz tərtib edilərək 3 gün geri tarixləşdirildi və guya hadisə 23 iyunda baş verib kimi rəsmiləşdirildi. Halbuki o, 23-25 iyun tarixlərində dəfələrlə idarənin həyətində gözləmişdir ki, məsələyə ədalətli baxılsın. Onun sürücülük hüququ əsassız olaraq alındı və hazırda ailənin dolanışığı kəsilib. Tərtib edən inzibati protokol əsassız və sübutsuzdur. Şikayətçi guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü, 327.7-ci və 333.1 ci maddələrini pozmaqda təqsirli biliblər. Halbuki 329.3-cü maddə sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etməsini əhatə edir, onun isə sürücülük vəsiqəsi var və qüvvədə olub, 327.7-ci maddə spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməkdir, rəsmi tibbi aktla sübut olunub ki, o avtomobili sərxoş idarə etməmişdir, qanında qanuni həddi aşan promil yoxdur. 333.1 -ci maddə isə ümumi yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutur, ancaq ona qarşı konkret qayda pozuntusu, video dəlil, şahid və ya foto sübut təqdim edilməyib, yol verdiyi hər hansı real qayda pozuntusu yoxdur. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 23:50 radələrində BMW 525 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İXM-in 327.7, 329.3, 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoluna əsasən, X2 qanında spirt miqdarı cəmi 0.08 promildir. Məhkəmə qeyd edir ki, Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 327.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2–346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 333.1-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Qeyd: 1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Səbail rayon DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 128-129, 131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

X2 şikayəti qismən təmin edilsin. Səbail rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Səbail rayon DYPŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar