Məhkəmə qərarları › İş №3(009)-1796/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1796/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1796/2020 15.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X8 qızının katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxx” MMC‑nin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinə "xxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallar daxil olmuşdur. İş materiallarında olan MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:05-də Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “KFC” restoranında epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarının tələbləri pozulmuş, masada əyləşən şəxslər tərəfindən 1 metr ara məsafəsi gözlənilməmişdir. Nəticədə "xxx” MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin nümayəndəsi X5, "xxx” MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun tam əsaslı olmasını və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxx” MMC-nin səlahiyyətli nümayəndəsi X6 bildirmişdir ki, Şəxs MMC, KFC və Pizza Hut restoranlar şəbəkəsinin sahibidir və bu sahədə artıq illərdir ki, fəaliyyət göstərir. Bu illər ərzində Cəmiyyətimiz Azərbaycan Respublikasının qarşıya qoyduğu qanun və qaydalara uyğun olaraq fəaliyyət göstərmiş və heç bir zaman buna zidd hərəkətə yol verməmişdir. COVİD- 19 koronovirus pandemiyası səbəbindən artıq fevral ayından etibarən ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən, ictimai iaşə obyektlərində olan xidmətlərlə bağlı bir sıra məhdudlaşdırmalar həyata keçirilmişdir. Restoranlarımızda dövlətimiz tərəfindən irəli sürülən bütün sanitar-gigiyenik qaydalara əməl olunmuş, pandemiya əleyhinə qarşıya qoyulan tələblərə tamamilə riayət edilmişdir. Ötən ay AQTA əməkdaşları tərəfindən restoranlarımızda yoxlama həyata keçirilmiş və gördüyümüz qabaqlayıcı tədbirlərə, qanunlara, qaydalara əməl etməyimizə, restoranlarımızda yüksək səviyyədə sanitar- gigiyenik rejim təşkil etməyimizə görə “nümunəvi obyekt” fərqləndirilmə nişanı verilmişdir. xx.xx.2020-ci il tarixdə Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən KFC restoranımızda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsi vəziyyəti ilə əlaqədar vergi orqanı əməkdaşları tərəfindən nəzarət həyata keçirilmiş və restoran barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol yazılmışdır. Protokolda göstərilmişdir ki, restoranda epidemiya əleyhinə rejim, sanitar karantin rejimi dövründə masa arxasında əyləşən vətəndaşlar arasında bir metr məsafənin gözlənilməməsi, kassada növbə zamanı ara məsafəsinin gözlənilməməsi aşkar olunmuşdur. Məsələ ilə əlaqədar olaraq qeyd edirik ki, qaydalar elan olunan zamandan etibarən, bütün restoranlarımızda, o cümlədən, Səbail rayonu, Azərbaycan prospekti 2 ünvanında yerləşən KFC restoranımızda pandemiya şəraitində gözlənilməli olan qaydalara əməl olunmuşdur. Masaların ara məsafəsi ilə yerləşdirilməsinə, işçilər və müştərilər arasında sanitar-gigiyenik tələblərə riayət edilməsinə həmişə ciddi formada nəzarət edilmişdir. Bu baxımdan, masalar arasında olan 1 metr ara məsafəsinin olmaması fikrini əsassız hesab edirik. Həmçinin, bunu qeyd etmək istəyərdik ki, biz restoran olaraq qabaqlayıcı tədbirləri görmüş, insanların bir-birilə məsafə gözləməsi baxımından masaların üzərinə işarələr, restoran içərisində və kassa qarşısında növbə üçün müəyyən tənzimləyici stikerlər də yerləşdirmişik. Biz öhdəmizə düşən tələblərə əməl etsək də, bəzən müştərilər bizim qeyriişlək kimi işarələdiyimiz masalarda əyləşir, kassa qarşısında növbə qanunauyğunluğunu pozaraq adam sıxlığı yaradır. Bunu işçilərimiz gördükləri halda yaxınlaşaraq müştəridən qaydalara əməl etməyi və növbəni pozmamağı bildirirlər, bəzi hallarda isə bu, mümkün olmur. Hal-hazırda, ölkəmizdə yaşanan vəziyyətlə bağlı bildiririk ki, restoranlardakı işçilərimiz növbəli şəkildə işləyir, sırf müştərilərin bu qaydalara əməl etmələri ilə bağlı yeni işçilər cəlb etmək üçün bir xeyli vəsait lazımdır. Nəzərə almaq lazımdır ki, bizim restoranlarımızın sayı 14-dür. Əlavə olaraq, işçi çoxaldığı halda biz restoranlarda olan işçi heyətinin də yoluxma faizini riskə atmış oluruq. Biz bütün tələblərə riayət etdiyimiz halda, müştərilərin kobudluq etməsinə görə restoranı deyil, tələbləri pozan müştəriləri cərimələmək daha məqsədəuyğun sayılar. Belə olan halda düşünürük ki, insanlar arasında qaydaları pozmaqdan çəkindirmə prosesi daha effektiv olacaqdır. Hər hansı hüquqi qüvvəyə malik olan sənəddə əgər özündə sübut faktlarını ehtiva edən digər əlavələrin olunması qeyd olunmuşdursa, yaxud sübut halı olaraq müəyyənləşdirilən konkret vəsaitlər varsa, həmin əlavələrin də bu protokolla birlikdə verilməsi mütləqdir. Sözügedən MN seriyalı ******* nömrəli “İnzibati xətalar haqqında” protokolun əsli restoran işçilərimizə təqdim olunsa da, protokolda qoşma olaraq göstərilən fotoşəkil, NKA çeki, işçi X4 izahatı və sərbəst formada tərtib olunmuş akt protokola əlavə edilməmişdir. Nəticə etibarilə, fotoşəkil, NKA çeki, izahat və sərbəst formada tərtib olunmuş akt olmadığına görə ayrılıqda təqdim olunan protokolu əsassız sayırıq. Həmçinin, protokol restoranımızın işçilərinə birbaşa təqdim edildiyi halda, protokolun hansı tarixdə və kimə təhvil verilməsi barədə protokolda heç bir qeyd yoxdur. Protokol İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlarla İş üzrə Baş İdarəsinin əməkdaşı X3 tərəfindən imzalansa da, qarşı tərəf, yəni, restoranımızın işçisi və ya Şəxs MMC-nin səlahiyyət verilmiş şəxsi tərəfindən imzalanmamışdır. Sənəd o halda etibarlı sayılır ki, hər iki tərəf mövcud vəziyyətə dair öz iştirakını təsdiq edir. Bu halı da diqqətinizə çatdıraraq protokolun qüvvəsinin olmamasını bir daha vurğulayırıq. Ona görə də, qeyd olunan sənədlərin yoxluğunu və məlumat yetərsizliyini nəzərə alaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərtib etdiyi MN seriyalı ******* nömrəli protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid qismində iştirak edən X7 bildirmişdir ki, “KFC” restoranında müdir vəzifəsində işləyir. Sözü gedən restoranda həm Nazirlər Kabinetinin qərarına əsasən həm də müstərilərin təhlükəsizliyi üçün bütün gərəksən tədbirlər görünmüşdür. Restoranda olan masalar arasındakı sosial məsafə qorunur həmçinin restoranda çalışan mühafizəçi tərəfindən restorana daxil olan müştərilərin hərarəti yoxlanıldıqdan sonra restorana buraxılırlar. Daim müştərilərə sosial məsafənin qorunması və sanitariya qaydalarına əməl olunması barədə məlumatlar verilmişdir. Lakin bəzi müştərilər bu tələblərə məhəl qoymurlar hətta restoranda masalar arasında sosial məsafənin qorunması üçün çəkilmiş lentləri qopardaraq həmin masalarda əyləşirlər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxx” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1‑ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarının 2.2-ci bəndində qeyd olunmuşdur ki, ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. İş materiallarında olan fotoşəkillərə baxış keçirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 6 iyul tarixli 237 nömrəli Qərarının 2.2-ci bəndinə uyğun olaraq oturacaqların ara məsafəsinə və masalar arasında məsəfələrə riayət olunmuşdur. Eyni zamanda təqdim edilmiş şəkillərdə oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olması protokol tərtib etmiş orqan tərəfindən hər hansı texniki vasitə ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması əlamətlərindən biri onun hüquqazidd olmasıdır. Hüquqazidd əməl o əməl sayılır ki, həmin əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində hüquq pozuntusu baş versin. Qanunvericilikdə hüquq pozuntusunun konkret əlamətləri müəyyən edilir ki, bu da onu insanların törətdiyi digər cəmiyyətə zidd əməllərdən (məsələn, qanunla cəzalandırılmayan qeyri-əxlaqi hərəkətlərdən) fərqləndirməyə imkan verir. Hüquq pozuntusunun bir neçə əlamətləri var və həmin əlamətlərdən biri hüquq normasındakı göstərişlərin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan əməllər hesab edilir. Ona görə də hüquq pozuntusunun ən vacib əlaməti onun hüquqazidd olmasıdır. Qanunun tələblərindən uzaqlaşmaq, konkret hüquqi vəzifələri yerinə yetirməmək, hüquqdan onun təyinatına zidd olaraq (hüquqdan sui-istifadə) istifadə etmək və s. əməllər hüquqa-zidd əlamətləri əks etdirir. Digər tərəfdən şəxsin hər hansı bir hüquqa zidd əməli hüquq pozuntusu sayıla bilməz. Yəni hüquq pozuntusunun vacib əlamətlərindən biri təqsirin olmasıdır. Təqsir, şəxsin törətdiyi əmələ psixoloji münasibəti olub, qəsd və ya ehtiyatsızlıq formasında təzahür edir. Yuxarıda ifadə olunanlar onu göstərir ki, hüquq pozuntusu ictimai-təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməl başa düşülür. Hüquq elmində hüquq pozuntusunun obyektiv və subyektiv elementləri fərqləndirilir ki, bunların da məcmusu hüquq pozuntusunun tərkibini təşkil edir. Hüquq pozuntusunun tərkibinə daxildir: 1. Hüquq pozuntusunun obyektini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlər təşkil edir. 2. Hüquq pozuntusunun obyektiv cəhətini hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə hüquqazidd əməllə onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. 3. Hüquq pozuntusunun subyekti qanunla müəyyən olunmuş yaş həddinə çatan, öz əməlinə görə cavabdehlik daşıya bilən, anlaqlı fiziki şəxslər və qanunvericilikdə nəzərdə tutulan hallarda hüquqi şəxslər ola bilərlər. 4. Hüquq pozuntusunun subyektiv cəhətini şəxsin törətdiyi hüquqazidd əmələ psixoloji münasibətini ifadə etməklə xarakterizə olunan təqsiri təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn, təqsirin) mövcud olmaması onun hüquq pozuntusu hesab edilməməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Göründüyü kimi hüquq pozuntusunun obyektiv cəhətlərindən biri hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran hüquqazidd əməllə (hərəkət və ya hərəkətsizlik) onun ictimai-təhlükəli nəticəsi arasındakı səbəbli əlaqə təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hazırki işə məcmu halda qiymət verərək hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixdə “KFC” restoranında müştərilər arasında 1 metrlik məsafənin qorunmaması hallarını vizual baxışdan müəyyən etmək mümkün olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi olmadığından həmin Məcəllənin 53-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar