Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1796/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, “Uşaqların Qorunması” İctimai Birliyinin barəsində (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : “Uşaqların Qorunması” İctimai Birliyi barəsində Azərbaycan Respublikasının İXMnin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 25 iyun 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “Uşaqların Qorunması” İctimai Birliyi tərəfindən 2024-cü il üzrə maliyyə hesabatları qanunvericiliklə müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməmişdir. Bununla da, ictimai birlik barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək “Uşaqların Qorunması” İctimai Birliyinin barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Uşaqların Qorunması” İctimai Birliyinin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin “Uşaqların Qorunması” X1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXMnin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Uşaqların Qorunması” İctimai Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Uşaqların Qorunması” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 22 aprel 2025-ci il tarixli 3-23/2-2577/2025 nömrəli məktubundan görünür ki, “Uşaqların Qorunması” İctimai Birliyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın 31.8-ci bəndinə müvafiq olaraq illik maliyyə hesabatının 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmiş, eyni zamanda maliyyə hesabatlarının qeyd edilən müddətdə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 462-ci maddəsi ilə inzibati məsuliyyət nəzərdə tutulması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin bildiriş 26 may 2025-ci il tarixdə “Uşaqların Qorunması” İctimai Birliyi tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 may 2025ci il tarixli 3-23/2-3082/2025 nömrəli bildirişindən görünür ki, “Uşaqların Qorunması” İctimai Birliyinin nümayəndəsi 2024-cü il üzrə illik maliyyə hesabatlarının təqdim edilməməsinə görə barəsində açılmış inzibati iş üzrə iştirakçı qismində Maliyyə Nazirliyinə dəvət edilmiş və illik maliyyə hesabatlarının verilməsinə dair müvafiq sübutları Nazirliyə təqdim etmələri təklif olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Uşaqların Qorunması” İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını qanunvericilikdə müyyən edilmiş müddətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməmişdir. Bununla bağlı olaraq, həmin ictimai birlikdən illik maliyyə hesabatının 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmiş, eyni zamanda maliyyə hesabatlarının təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İXM-nin 462-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulduğu barədə xəbərdarlıq edilmişdir. Lakin, göstərilmiş müddət ərzində də müvafiq hesabatlar təqdim edilmədiyindən “Uşaqların Qorunması” İctimai Birliyinin nümayəndəsi inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyinə dəvət edilmiş, illik maliyyə hesabatlarının verilməsinə dair bütün sübutları təqdim etmələri təklif olunmuş və bununla bağlı olan bildiriş həmin ictimai birliyinin səlahiyyətli şəxsi tərəfindən qəbul edilmişdir. Lakin ictimai birliyin nümayəndəsi müəyyən edilmiş vaxtda Azərbaycan Respublikası Maliyyə Nazirliyinə gəlmədiyindən və gəlməməsinin üzrlü səbəblərini bildirmədiyindən, barəsində inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, “Uşaqların Qorunması” İctimai Birliyi 2024-cü il üzrə maliyyə hesabatlarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etməməsi Azərbaycan Respublikasının İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsihallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “Uşaqların Qorunması” İctimai birliyinin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən (ictimai birliyin adına uyğun olaraq faktiki xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır) və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “Uşaqların Qorunması” İctimai Birliyi Azərbaycan Respublikasının İXM-nin 462-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 462-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Uşaqların Qorunması” X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №3(009)-1796/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1796/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver