Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1802/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş 01 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsi tərəfindən tərtib olunmuş 01 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditini aparmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X5 iş üzrə icraata xitam verilməsinə etiraz etmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs MMC-nin direktoru X4 inzibati xəta haqqında protokola etiraz ünvanlayaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "SOCAR İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "Cəmiyyət") barəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qəbul edilmiş müvafiq İnzibati xəta haqqında protokola (təqdim olunmayıb) əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş məhkəmənin icraatına daxil olmuşdur. Cəmiyyətin təsisçilərindən biri qismində 90% iştirak payı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (bundan sonra "SOCAR") çıxış edir. SOCAR Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri"nə əsasən ictimai əhəmiyyətli qurumdur. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən "Bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, X1 Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər". "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən "Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda təqdim edirlər". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"-nın 3.2-ci bəndinə əsasən "Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir". Cəmiyyət kommersiya təşkilatı olaraq öz illik maliyyə hesabatlarını SOCAR-a təqdim edir və həmin hesabatlar SOCAR-m konsolidə edilmiş maliyyə hesabatına daxil edilir. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən daxil olmuş 07 sentyabr 2022-ci il tarixli məktuba əsasən 2021-ci il üzrə maliyyə hesabatlarının auditor rəyi ilə təsdiq edilməsi tövsiyə edilmişdir. Həmin məktuba cavab olaraq Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru cənab Səbuhi Gülməmmədova ünvanlanmış 15 sentyabr 2022-ci il tarixli 003/22 nömrəli məktubda da qeyd edilmişdir ki, Cəmiyyət SOCAR-m strukturuna daxil olan qurum kimi SOCAR-ın audit olunmuş birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatının tərkibində nəzərə alınır və həmin hesabat ictimaiyyətə açıqlanır. Həmiçinin, qeyd olunan məsələ ilə bağlı olaraq SOCAR-ın maliyyə hesabatlarını audit edən Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkəti tərəfindən təqdim edilmiş 13 sentyabr 2022-ci il tarixli təsdiqedici məktub əlavə edilmişdir. Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkəti öz təsdiqedici məktubunda qeyd etmişdir ki, SOCAR-ın törəmə müəssisəsi olan Şəxs maliyyə göstəriciləri də SOCAR-m hesabatında konsolidasiya edilmişdir. Belə ki, SOCAR-m 31 dekabr 2021-ci il və 30 dekabr 2020-ci il tarixlərinə X1 Standartlarına uyğun olaraq hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatları Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi. şirkəti tərəfindən audit edilmiş və müvafiq olaraq "SOCAR İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə göstəriciləri də konsolidə edilərək 30 iyun 2022-ci il və 30 iyun 2021-ci il tarixlərində qeyd olunmuş audit hesabatlarında dərc edilmişdir Yuxarıda qeyd olunanlardan əlavə olaraq bildirmək istəyirik ki, Dövlət Neft Şirkətinin strukturuna daxil olan müvafiq ictimai əhəmiyyətli qurumların Nazirlər Kabinetinin 2014-cü il 1 oktyabr tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıdan çıxarılması barədə müraciət ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Rəyində qeyd edilmişdir ki, əsas cəmiyyət "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunun 12.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq birləşdirilmiş maliyyə hesabatlarını dərc etdikdə törəmə cəmiyyət maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir və belə olan halda təkrar auditə ehtiyac qalmır. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-in barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli bildirişindən görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 01 noyabr 2022-ci il tarixdə saat 10:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan 01 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Ernst & Young Holdings (CİS) BV-in Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanmış məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixlərinə X2 Standartlarına uyğun olaraq hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabtlarının auditini aparmış və müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2021-ci il tarixlərdə audit hesablarını derc etmişdir. Təsdiq edirlər ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin törəmə müəssisəsi olan Şəxs MMC maliyyə göstəriciləri qeyd edilmiş hesabatlar da konsolidə edilmişdir. Göründüyü kimi iş materialları ilə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 8.2-ci maddəsinə əsasən bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, X1 Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər. 12.1-ci maddəsinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını müvafiq qurumlara qanunvericilik aktları ilə, digər şəxslərə isə nizamnamələri ilə müəyyən olunmuş hallarda, təqdim edirlər. 12.3-1-ci maddəsinə əsasən bu Qanunun 12.3-cü maddəsində göstərilmiş qurumlar törəmə cəmiyyət olduqda və qurumun bilavasitə və ya son nəticədə tabe olduğu əsas cəmiyyət maliyyə hesabatlarını bu Qanunun 12.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq dərc etdirdikdə, qurum maliyyə hesabatlarını dərc etdirməmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları"-nın 3.2-ci bəndinə əsasən "Kommersiya təşkilatı illik maliyyə hesabatlarını tabe olduğu yuxarı təşkilata və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən əsas cəmiyyətə, bunlar olmadıqda isə təsisçiyə (təsisçilərə) təqdim edir". Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəmə hazırki işlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 20 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş "Kommersiya təşkilatlarının (kredit təşkilatlarından, sığorta şirkətlərindən, investisiya fondlarından və bu fondların idarəçilərindən, qeyri-dövlət (özəl) sosial fondlarından, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdən, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslərdən başqa) ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəriciləri"nə əsasən ictimai əhəmiyyətli qurumdur. Törəmə müəssisə olan Şəxs MMC tərəfindən qanunvericiliyə uyğun olaraq öz illik maliyyə hesabatlarını SOCAR-a təqdim etmiş və həmin hesabatlar SOCAR-ın konsolidə edilmiş maliyyə hesabatlarına daxil edilmişdir. SOCAR-ın 31 dekabr 2021-ci il və 30 dekabr 2020-ci il tarixlərinə X1 Standartlarına uyğun olaraq hazırlanmış konsolidasiya edilmiş maliyyə hesabatları Ernst & Yanq Holdinqs (CİS) B.V. şirkəti tərəfindən audit edilmiş və müvafiq olaraq "SOCAR İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə göstəriciləri də konsolidə edilərək 30 iyun 2022-ci il və 30 iyun 2021-ci il tarixlərində qeyd olunmuş audit hesabatlarında dərc edilmiş və törəmə müəssisənin cəmiyyətin maliyyə hesabatlarını dərc etdirməmək hüquqlarından istifadə etmək imkanı yaranmışdır. Belə olan halda əməldə Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (01 noyabr 2022-ci il tarixli MN seriyalı 1733120) Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-1802/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1802/2022
23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver