Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1810/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 04 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair "xxxx" MMC-nin direktoru X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş "xxxx" MMC-nin direktoru X1 nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, X5 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 iyun 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunmasını və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC barəsində X7 tərəfindən 27 may 2021ci il tarixli MN1051445 saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 04 iyun 2021-ci il tarixdə MN 646502 saylı qərar qəbul olunaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinin tələblərinin pozulması səbəbindən İXM-nin 192.6.-cı maddəsinə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi) əsasən 1500 manat məbləğində cərimə olunmuşdur. Qərar onlara 10 iyun 2021-ci il tarixdə rəsmi təqdim olunmuşdur. Nə protokolda, nə də qərarda inzibati xətanın nədən ibarət olduğunun müəyyən olunmaması səbəbindən hesab edir ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilən əmrin də məzmunundan görünür ki, inzibati xəta ümumiyyətlə mövcud deyil. Digər tərəfdən, Əmək Müfəttişliyinin hazırkı qərarın qəbul edilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli qanunun tətbiqi və Sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərmanın tələblərinin kobud pozuntusu ilə baş vermişdir. Belə ki, işçinin onu təhqir etməsi barədə verdiyi əsassız ərizəyə əsasən araşdırma aparan Əmək Müfəttişliyi, əməkdaşın ərizəsindən istifadə etməklə, araşdırma sahəsinə aid olmayan yoxlama aparmaqla qeyd olunan qanunun tələblərini pozmuşdur. Halbuki yuxarıda qeyd olunan qanun 01 yanvar 2021-ci il tarixədək sahibkarlıq subyektlərində aparılan yoxlamaları qadağan etmiş, adı çəkilən fərmanda isə Əmək Müfəttişliyi tərəfindən aparılan yoxlamalar hər hansı istisna kimi müəyyən olunmamışdır. Göründüyü kimi Əmək Müfəttişliyi yoxlama aparmaqla qanunu pozması bəs deyilmiş kimi həm də qanunsuz inzibati qərar tərtib etmişdir. Qərarın ləğv olunması üçün digər əsas əmək hüquqlarının qorunması ilə məşğul olan orqanın Əmək Məcəlləsinin 300-cü maddəsi ilə tanış olmaması və hansı maddələrin pozulmasının əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verilməsi kimi qiymətləndirilməsini bilməməsidir. Həmin maddəyə əsasən əmək məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrinin pozulması məsuliyyət yaradan pozuntu hesab olunur, əmrdə hər hansı sözün səhv yazılması yox. Yuxarıda qeyd olunanları, təqdim olunan sənədləri nəzərə alaraq X5 Xidməti, Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 04 iyun 2021-ci il tarixli MN ******* nömrəli qərarının ləğv olunması və inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin 04 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X6 apellyasiya şikayəti verərək, məhkəmənin 28 sentyabr 2021-ci il tarixli qərarının ləğv olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 04 iyun 2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.11.2021-ci il tarixli, 3(103)-2736/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəli şəxs X3 barəsində olan 28 sentyabr 2021- ci il tarixli qərarı ləğv edilərək işin yenidən baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-yə və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsininə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsininin nümayəndəsi və "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikasının İXM-nin 192.6.-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 14.04.2021-ci il tarixli ərizədən görünür ki, X4 öz xahişi ilə 15.04.2021-ci il tarixindən etibarən öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. 15 aprel 2021-ci il tarixli əmrdən görünür ki, X4 "xxxx" MMC-də çalışdığı barmen işindən 15 aprel 2021-ci il tarixindən azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı məddəsinə əsasən, İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, işçi ilə bağlanmış əmək müqaviləsində istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmrinin (sərəncam, qərar) məzmununda aşağıdakı məlumatlar göstərilir. müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın və ya qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı, soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı və əmək müqaviləsinin ləğv edilməsinin əsası, bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək mıqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırmanın aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, lakin belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən aşağıdakı qərarlardan biri qəbul edilir: 1) qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 2) Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 3) Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 4) Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 5) şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. İş materialları ilə müəyyən olunur ki, Şahin Abbasov tərəfindən X2 əmək müqaviləsinə xitam verilərkən əmək qanunverciliyi ilə nəzərdə tutulmuş tələblərə düzgün riayət olunmamış və bunun nəticəsində qanun pozuntusuna yol vermişdir. Belə ki, cəmiyyətin direktoru X3 tərəfindən X2 əmək müqaviləsinə xitam verilərkən, öz əmrində əmək müqaviləsinə xitam verilməsinin əsasını göstərməmiş, bununla da Azərbaycan Respublikasının İXM-nin 192.6.-cı maddəsində nəzərdə tutulan əməli törətmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 133- 135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin MN ******* saylı, 04 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-1810/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1810/2021
24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver