Məhkəmə qərarları › İş №3(009)-1810/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1810/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1810/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 30 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən X6 Xidmətinin nümayəndəsi X7 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbehvermə haqqında qərarın icrası ilə əlaqədar X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2-10057/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Hazırda müvafiq cərimə ödənmişdir. Qərarı məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X8 izahatında göstərmişdir ki, 16 iyun tarixində qərarla əlaqədar “Zoom” tətbiqi vasitəsilə onlayn görüş keçirilmişdir, laki görüş üçün link heç bir yerə yerləşdirilməmişdir. Bu barədə 142 çağrı mərkəzinə məlumat verilmişdir. Cərimə ödənilmişdir və buna görə də icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan X6 Xidmətinin Bakı şəhər İdarəsinin 30 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs MMC tərəfindən inzibati cərimə növündə inzibati tənbehvermə haqqında qərarın icrası ilə əlaqədar X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-10057/2025 nömrəli məktubunda nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan X6 Xidmətinin Bakı şəhər İdarəsinin 16 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbehvermə haqqında qərarından görünür ki, vətəndaş X4 xx.xx.2024cü il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2a maddəsi ilə xitam verilməsinə baxmayaraq, sonuncu ödənişlər həmin Məcəllənin 172.4-cü maddəsinin tələbi pozularaq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində ödənildiyi müəyyən edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 700 manat cərimə tətbiq edilmişdir. İş materiallarında olan X6 Xidməti tərəfindən Şəxs MMC-nin direktoru X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-5/2-10057/2025 nömrəli məktubdan görünür ki, borclu X8 (FİN:13ZVG0E) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən X8 cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5-ci maddəsinin tələbinə əsasən icra edilməsi məqsədilə göndərilməlidir. İş materiallarında olan “Birbank” ödəniş sistemindən çıxarışdan görünür ki, X8 tərəfindən 700 manat cərimə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 150.5.1-ci-ci maddəsinə əsasən Bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Göründüyü kimi Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən, yalnız 529.1 və 529.2 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda) və 529.3-cü maddədə göstərilən hallarda əlavə ödənişləri məhkəmə qərarı qəbul edilənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Lakin qeyd hissədə 529.1-1-ci maddənin xüsusi olaraq nəzərə alınmadığı halda, 529.1-1-ci maddə ilə təqsirləndirilən şəxs və ya hüquqi şəxs yalnız cəriməni ödəməklə inzibati məsuliyyətdən azad edilmir. Buna görə də Şəxs MMC-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Qeyd edilməlidir ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMCnin əməlində inzibati xəta tərkibi mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmçinin göstərmişdir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114-115, 117, 128-130 və 529.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar