Məhkəmə qərarları › İş №3(009)-1812/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1812/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1812/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Şikayət vermiş şəxs X3 və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər 07 iyul 2025-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə övladına təyyarə bileti almaq üçün aviakassanın qarşısında avtomobilini saxlayan zaman parkinq nəzarətçisi orada idi. O avtomobilini bilmədən əlillər üçün ayrılmış yerdə park etmiş və avtomobilin orada saxlanılması üçün ödənişi etmişdir. Bu zaman nəzarətçi onun avtomobili yanlış yerdə park etməsini görə-görə ona heç bir xəbərdarlıq etməmiş və yaxud irad tutmamışdır. O içəri daxil olduqdan sonra nəzarətçi ona verilmiş vəzifədən sui-istifadə edərək onun avtomobilinin şəkillərini çəkib cərimə olunması üçün AYNA-ya göndərmişdir. Əlavə olaraq bildirmişdir ki, ayın 10-u bilet ala bilmədiyi üçün ayın 11-i yenidən həmin yerə gəlmiş və avtomobilini bilmədən əlillər üçün ayrılmış yerdə park etmişdir. Parkinqin sonunda park nəzarətçisi ona yaxınlaşmış və parkinqin bu hissəsinin əlillər üçün nəzərdə tutulduğunu bildirmişdir. O dərhal avtomobilini oradan kənarlaşdırmışdır. Odur ki, parkinq nəzarətçisinin özbaşınalığına hüquqi qiymət verilib, cəzalandırılmasını təmin edib və ona qanunsuz tətbiq olunmuş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsində tərtib olunmuş qərarın qanunsuz olduğunu, əlillər üçün olan yol nişanını tanımadığını, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşının ona xəbərdarlıq etmədiyini, qərarın ləğv edilməsini və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərar qəbul edən qurum Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq yol nişanlarının yerləşdirildiyini, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində saxlanıldığını, əlillər üçün olan yol nişanın qanunvericiliyə əsasən müəyyən olunduğunu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşının qeyd edilən yerlərdə yardımçı marifləndirici funksiya yerinə yetirdiyini bildirərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsin və inzibati tənbeh vermə haqqında qərar qəbul edən qurumun səlahiyyətli nümayəndəsinin izahatını, inzibati tənbeh vermə haqqında qərarı, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 tərəfindən Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Qərara əlavə edilmiş foto şəkillərdən aydın olur ki, **-SC-*** nömrəli “NİSSAN VERSA” minik markalı avtomobil tərəfindən lövhədə “əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirilmiş ərazidə avtomobili saxladığı müşahidə edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin X bəndinə əsasən parklanma yerlərinin 5 faizi (bir parklanma yerindən az olmayaraq) əlilliyi olan şəxslər üçün ayrılır. Əlilliyi olan şəxslər üçün ayrılmış parklanma yerləri 1.24 nişanlanması ilə işarələnir. Əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində yalnız “əlilliyi olan şəxs” tanınma nişanı ilə nişanlanmış nəqliyyat vasitələri dura bilərlər. Sürücülər “əlilliyi olan şəxs” tanınma nişanından qanunsuz istifadəyə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ. hissəsinə əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.3-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə altmış manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, qeyd edilən qanunvericilik norması fiziki olaraq əlilliyi olmayan və nəqliyyat vasitəsində əlillik nişanı olmayan şəxslərin əlillərə məxsus dayanacaq yerlərinin qanunsuz istifadəsini qadağan edir və bu hallarda məsuliyyət nəzərdə tutulur. Məhkəmə həmçinin bildirir ki, əgər əlilliyi olmayan şəxs əlillərə məxsus dayanacaq yeri olduğunu göstərən nişanla işarələnmiş ərazidə nəqliyyat vasitəsini saxlayıbsa bu artıq hüquq pozuntusudur və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş şəxsin həmin nişanı tanımadığını deməsi, yol hərəkatı qaydalarını tam bilmədiyini iddia etməsi, müvafiq qurumun əməkdaşından xəbərdarlıq gözləməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.3-cü maddəsində qeyd edilən məsuliyyətdən həmin şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXMlə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətməsinin səbəbi kimi sözügedən parklanma ərazisində ona xəbərdarlıq olunmamasını bildirsə də, məhkəmə qeyd olunanları, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən aydın olur ki, əlilliyi olan şəxslər üçün ayrılan parklanma yerlərində “əlilliyi olan şəxs”lərin avtomobillərinin saxlanılması üçün ayrılmış ərazi olduğu yerləşdirilmiş lövhədən aşkar müəyyən edilir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti əsasında inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, AYN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 şikayəti təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli, AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar