Məhkəmə qərarları › İş №3(009)-1814/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1814/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1814/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin baş məsləhətçisi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən tərtib edilmiş “01 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin baş məsləhətçisi Nümayəndə2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə3, inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, protokol inzibati xətalar qanunvericiliyinin tələblərinə zidd tərtib edildiyinə, sözügedən inzibati xəta üzrə inzibati tənbeh tətbiq etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötdüyünə və "xxxx" MMC tərəfindən inzibati xəta törədilməyinə görə iş üzrə hər hansı inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. İlk növbədə, Protokol əsassız və inzibati xətalar qanunvericiliyinə zidd tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları öz əksini tapmalıdır. Protokola nəzər yetirdikdə görünür ki, "xxxx" MMC-nin nümayəndəsinin izahatı Protokolda öz əksini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Protokol və, ümumiyyətlə, inzibati xəta haqqında iş barədə "xxxx" MMC-yə hər hansı məlumat verilməmişdir və iş barəsində məlumatı "xxxx" MMC-nin nümayəndələri yalnız elektron məhkəmə sistemi vasitəsilə əldə etmişdir. Bununla əlaqədar, Protokolda "xxxx" MMC-nin nümayəndəsinin imzası və ya imza etməkdən imtina edilməsi barədə hər hansı qeyd mövcud deyil. Bu abzasda qeyd edilən maddənin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx"-nin MMC Protokol ilə tanış olmaq, Protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək və öz müdafiəsini təşkil etmək hüquqları kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Müvafiq səlahiyyətli orqan tərəfindən Protokolun surəti "xxxx" MMC-yə təqdim edilməli olmasına baxmayaraq, şirkətin bu hüququ da kobud şəkildə pozulmuş və Protokol barəsində şirkətə hər hansı məlumat verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən isə Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolda bu barədə qeyd mövcud olsa da, "xxxx" MMC-nin Protokolun tərtib edilməsi zamanı iştirakı təmin edilmədiyindən hüquq və vəzifələri də səlahiyyətli orqan tərəfindən izah edilməmişdir. İş materiallarına əlavə olunan sənədlərdən görünür ki, Maliyyə Nazirliyi tərəfindən 17 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında işə 01 noyabr 2022-ci il tarixində baxılması və 01 noyabr 2022-ci il tarixdi Protokolun göndərilməsi barədə bildirişlər tərtib edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən bildirişlər "xxxx" MMC-yə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. İnzibati xəta haqqında iş üzrə sənəd aşağıdakı hallarda rəsmi qaydada verilmiş hesab edilir: Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan; Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda: ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan; Sənədin çatdırılması tapşırılmış digər şəxslər sənədin çatdırılması barədə müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verdiyi vaxtdan. İnzibati Xətalar Məcəlləsinin 60cı maddəsinə görə isə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. İş materiallarında göründüyü kimi, Protokol tərtib edilərkən inzibati xətalar qanunvericiliyinin qeyd edilən imperativ normalarına da Maliyyə Nazirliyindən tərəfindən riayət edilməmiş və barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan "xxxx" MMC-nin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Protokolun 01 noyabr 2022-ci il tarixində tərtib edildiyini, məhkəmədə Protokolun və digər sənədlərin (elektron məhkəmə sistemində göründüyü kimi) qeydiyyata alındığını nəzərə alaraq bildirir ki, Maliyyə Nazirliyi tərəfindən bu maddənin tələblərinə də riayət edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini yoxlamalı, 109.1.6-cı maddəsinə əsasən isə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Bundan başqa Protokol üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi ilə nəzərdə tutulmuş müddət də ötmüşdür. Belə ki, qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin bir il müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Protokolda qeyd edilir ki, 2020ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə törədilmiş inzibati xətaya görə Protokol tərtib edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kanar andirt). Mülki Məcəllə hər il təqdim edilməli olan maliyyə hesabatları üzrə deyil, ümumiyyətlə, illik maliyyə hesabatları üzrə hər il müstəqil auditor cəlb etmək öhdəliyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, il ərzində müstəqil auditor cəlb edilmədiyi təqdirdə, növbəti ilin birinci iş günü ehtimal olunan inzibati xətanın törədildiyi gün hesab edilməlidir. Maliyyə Nazirliyi Protokolu tərtib etməklə iddia edir ki, “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 saylı Qərarının 3.1-ci bəndinə əsasən 2020-ci il üzrə maliyyə hesabatları 2021-ci ilin iyun ayının 30-dan gec olmayaraq təqdim edilməli olduğuna görə müvafiq audit 2021-ci ilin sonuna qədər aparılmalı idi. Bununla bağlı nəzərinizə çatdırırıq ki, sözügedən bənddə maliyyə hesabatlarını məhz təqdim etmə qaydası müəyyən edildiyi görə Mülki Məcəllənin 91.4-cü maddəsində nəzərdə tutulmuş auditor cəlb etmə öhdəliyi həmin qaydaya şamil edilməməlidir. Sözügedən normada, konkret olaraq illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün həmin ildə müstəqil auditor cəlb etmə öhdəliyi müəyyən edilmişdir və heç bir normativ-hüquqi aktda audit rəyinin növbəti ilin sonuna qədər təqdim edilməli olduğu müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən məcburi auditin cəlb etmə müddətinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndində göstərilən maliyyə hesabatlarının təqdim etmə qaydasına uyğun müəyyən edildiyi hesab edilsə, hər il məcburi auditin cəlb edilməsi müddəti həmin maliyyə hesabatlarının təqdim edilməsi müddəti ilə məhdudlaşdırılmalıdır (30 iyun) və maliyyə hesabatlarının təqdim edilməsi müddətinin sonuncu günündən (30 iyundan) sonrakı iş günü ehtimal olunan inzibati xətanın törədildiyi gün hesab edilməlidir. Beləliklə, qeyd edilən hər iki halda "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürülmüş hesab edilməlidir. Auditin cəlb edilmə müddəti ilə bağlı tənzimləməyə qanunvericilikdə mövcud olan boşluq (Mülki Məcəllənin 91.4-cü maddəsində müəyyən edilən qaydadan başqa hər hansı bir qayda müəyyən edilmədiyinə görə) kimi yanaşıldığı təqdirdə isə, hüququn və qanunvericiliyin tələblərinə görə qeyd edilən boşluq səlahiyyətli orqana münasibətdə şəxslərin xeyrinə tövsif edilməlidir. Heç bir halda Mülki Məcəllənin 91.4-cü maddəsində qeyd edilən “illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb edilməlidir" ifadəsi müvafiq il üzrə maliyyə hesabatlarını yoxlamaq üçün növbəti ilin sonuna qədər audit rəyi təqdim edilməli olduğu kimi qiymətləndirilərək şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas vermir və "xxxx" MMC barəsində inzibati xətalara dair iş üzrə icraata xitam verilməsi qanunvericiliyin tələblərinə riayət edilməsi cəhətdən müstəsna əhəmiyyətə malikdir. Beləliklə, göstərilənlər "xxxx" MMC barəsində aparılan inzibati xətaya dair icraatın əsassız olduğunu tam təsdiq edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində aparılan 3(009)- 1814/2022 saylı inzibati xətalara dair iş üzrə Protokolun və digər sənədlərin geri qaytarılması və ya iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Auditorlar Palatasının Şəxs MMC-yə ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən auditor təşkilatları və sərbəst auditorların təqdim etdikləri hesabatlara əsasən 2021-ci ilin yekunları üzrə sahibkarlıq subyektlərinin (kommersiya qurumlarının) auditdən keçmələri vəziyyətini əksi etdirən siyahı hazırlanmışdır. Mövcud qanunvericiliyin tələblərini pozmaqla məcburi auditdən yayınan sahibkarlıq subyektləri barədə məlumat Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilmişdir. Həmin siyahıda Şəxs MMC-nin adı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 17 oktyabr 2022-ci il tarixli MİHO/1.1-2-2022-7377 saylı bildirişindən görünür ki, Şəxs MMC 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 01 noyabr 2022-ci il tarixdə, saat 16:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmış, 2020-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyi mövcud olduğu təqdirdə həmin rəyin qeyd olunan tarixədək göstərilən emailə göndərilməsi xahiş edilmiş, lakin inzibati xəta haqqında protokoldan görünür ki, protokol tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 01 noyabr 2022-ci il tarixli MİHO/1.1-2-2022-8132 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 01 noyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). “Audit xidməti haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdir. Beləliklə, qeyd edilən normaların məzmunundan göründüyü kimi Şəxs MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmalı olduğu halda aparılmamış, nəticədə inzibati xəta hadisəsi törədilmişdir. Bu hal inzibati xəta haqqında tərtib edilmiş protokol və iş materialları ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114,115,117, 128-130 və 464-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar