Məhkəmə qərarları › İş №3(009)-1816/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1816/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1816/2024 03.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 24 sentyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunveriliciyinin tələblərini rəhbər tutaraq, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh tətbiq etmə haqqında BNA ******* nömrəli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X1 şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, X2 idarə etdiyi 10AS014 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata minik” markalı avtonəqliyyat vasitəsini şəxsi ehtiyacları üçün bir neçə dəqiqəlik saxlayarkən, Bakı Nəqliyyat Agentliyi tərəfindən BNA kamera vasitəsi ilə barəsində xx.xx.2019-cu il tarixli, BNA ******* saylı İXM 346.1- ci maddəsi ilə qərar qəbul edilmişdir. Əslində isə yuxarıda qeyd olunmuş həmin cərimə protokolları İXM-nin 121.1-ci mədəsinə əsasən yol dirəklərində quraşdırılmış foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. BNA-nın kamerası ölçü funksiyasına malik deyil. Çünki avtomobilin dayanma qadağandır nişanından hansı məsafədə saxlanılmasını ölçmək üçün kameranın ölçü funksiyası olmadığı üçün, fotoşəkillərdə bu barədə qeyd yoxdur, avtomobil həmin nişandan hansı məsafədə saxlanılması barədə qərarda da bu barədə qeyd yoxdur. Həmin hal hazırkı iş üçün əhəmiyyət kəsb edən haldır. Həmin faktın başqa qaydada aradan qaldırmaq olmur. Hazırkı vəziyyətdə xüsusi texniki vasitə kimi BNA-nın kameralarının göstəriciləri həmin inzibati xətanı təsdiq etmək üçün kifayət etmir. Çünki həmin qərara BNA-nın 2C:A5:9C:7C:E5:6D saylı kamerasının (qərarda göstərilib ki BNA-nın Hikvision DS-2DF82361X-AELW(BNA) saylı) çəkdiyi 4 varinatda fotoşəkil əlavə edilmişdir, kameranın qeydə aldığı fotoşəkildəki məlumatlar: 1)Kameranın nömrəsi, 2) fotoşəkilin qeydə alınma tarixi, 3) vaxtı, 4) avtomobilin dövlət nömrə nişanı 5) XM-nin maddəsi (346.1), 5) Xətanın yeri qeyd edilmişdir. Lakin hazırkı halda kameraların ölçü funksiyası və göstəricisi olmamışdır.Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının qüvvədə olan mövcud qanunveriliciyinin tələblərini rəhbər tutaraq, Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh tətbiq etmə haqqında BNA ******* nömrəli qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin və xəta şikayət vermiş şəxsin və barəsində inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakları olmadan baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 24 sentyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş baxılması üçün yenidən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan BNA ******* saylı, 24 sentyabr 2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Hyundai Sonata minik markalı, 10AS014 dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsinin istifadəçisi, 08 sentyabr 1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə görə Dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5.-ci məddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5.-ci məddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Qanunun 69-cu maddəsinin 17-ci bəndinə əsasən 1.17 nişanlanma xətti ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilməli, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 24 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Barəsində inzibati xəta haqqında qərar qəbul olunmuş X1 şikayət ərizəsi qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 24 sentyabr 2019-cu il tarixli inzibati xəta haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsinə göndərilsin Qərarın surəti alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar