Məhkəmə qərarları › İş №3(009)-1817/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-1817/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-1817/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şikayət verən şəxs X3, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru polis baş leytenantı Nümayəndə iştirakları ilə, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə gecə saat 00:00- 01:00 arasında İçərişəhər metrostansiyası yaxınlığında, yolun solunda, poliklinikanın yanında qardaşı Əziz ilə şəxsi ailə münasibətləri barədə söhbət edirdilər. Onun dostu Fərid də onun yanında idi. Onlar söhbət etdiyi vaxtda post-patrul xidmətinin əməkdaşı onlara yaxınlaşıb problem olub-olmadığını soruşdu. Onlar da heç bir problemin olmadığını, hər şeyin qaydasında olduğunu, sadəcə söhbət etdiklərini bildirmişlər. Bundan sonra polis əməkdaşı uzaqlaşdı. Onlar söhbət etdiyi zaman ayağının ağrısı tutdu və yıxıldı. Onun ayağında qırıq var və çəlikdən istifadə edir, sadəcə həmin gün çəlik yanında deyildi. Sonra yenidən post-patrul xidmətinin əməkdaşı yaxınlaşıb bildirdi ki, onlar asayişi pozur və hökmən bölməyə yaxınlaşmalıdırlar. Onlar da öz növbəsində bildirdi ki, sadəcə söhbət edirlər, burda heç kim dava etmir, bir-birini təhqir etmir, yəni bir sözlə asayişi pozmurlar və onlardan heç bir qonşu şikayət etmir. Daha sonra digər post-patrul əməkdaşlarını çağırdı və bölməyə getməli olduqlarını bildirdilər. Bölməyə nə üçün getdiklərini soruşduqda isə sadəcə asayişi pozduqlarını bildirdilər. Daha sonra onlar bölməyə getdilər və telefonlarını orda aldılar və ailələrinə heç bir məlumat verilməsinə icazə vermədilər. Saat 6-ya qədər onları bölmədə saxlayıb şantaj etdilər ki, onlara 3 ay həbs düşür. Lakin polis əməkdaşı 50 manatla bu işin olmayacağını açıq şəkildə rüşvət istəyərək bildirdi. Eyni zamanda onları alkotesterə getməklərini bildirdilər. Halbuki, onlar maşınla deyildi və onları X11 saxlamamışdır. Onlara içkinin müayinəsi olduğunu, içkili olaraq asayişi pozduqlarını və buna görə səhərə qədər bölmədə saxlayacaqlarını bildirirdilər. Onları saat 6-ya qədər gözlətdilər. Daha sonra işi başqa əməkdaşa verdilər. O, gəlib məsələni biləndə onlar çoxdan buraxılmalı olduqlarını bildirdi. Əlavə olaraq qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən hərəsinə 50 manat cərimə yazıblar. Cərimənin nəyə əsasən yazıldığını soruşanda da heç bir şey demədilər. Hətta belə bir ifadə işlətdilər ki, adama 50 manatı yerində ödəyə bilərlər? O, etiraz etdikdən sonra 04:31 radələrində MN № ******* nömrəli protokol tərtib etdilər. Protokolda da razılaşmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən, Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin polis sahə inspektoru polis baş leytenantı Nümayəndə tərtib etdiyi protokolu müdafiə edərək qərarın qanuni və əsaslı olduğunu bildirdi və şikayətin rədd edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməyinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Azərbaycan prospektində ucadan mübahisə edərək ictimai qaydanı pozmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında görünür ki, xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında X3 Azərbaycan Respublikası İXMin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi müəyyən edilmiş və nəticədə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, Səbail RPl-nin PPXBnin 6660 çağırışlı avtopatrulunun polis nəfərlərindən daxil olan raportda Səbail rayonu, Azərbaycan prospektində, “KFC" restoranının arxa hissəsində üç nəfərin bir-birləri ilə uca səslə mübahisə edərək, ictimai qaydanı pozduğu qeyd olunmuşdur. Həmin şəxslər xx.xx.1982-ci il təvəllüdlü X7, xx.xx.1982-ci il təvəllüdlü X4 və xx.xx.1988-ci il təvəllüdlü X9 PPX əməkdaşları tərəfinən 9-cu PBya dəvət olunmuşdur. Daxil olmuş raport əsasında tərəfimdən araşdırmaya başlanılmış və həmin şəxslərin izahatı alınmışdır. Vətəndaşlar izahatlarında aralarında şəxsi münasibətlər zəminində mübahisə yarandığını bildirmişdirlər. Həmçinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan müəyyən edilmişdir ki, həmin şəxslər mübahisə edən zaman sərxoş halda olmuşdur. Qeyd olunanlara əsasən həmin vətəndaşlar barəsində AR İXM-İn 510-cu maddəsi ilə, MN №1677838, MN №1677837 və MN №1677839 saylı inzibati xəta haqqqında protokol tərtib olunaraq hər biri barəsində 100 (yüz) manat inzibati cərimə inzibati tənbeh növü seçilmişdir, İş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X8 ünvanlanmış məktubundan görünür ki, cari ilin aprel ayında Səbail rayonu ərazisində Səbail RPİ PPXB-nin polis nəfərləri tərəfindən əsassız saxlanılaraq 9-cu PB-yə aparılıb cərimə olunması və digər qanunazidd hərəkətlərə məruz qalmağı barədə DİN-in rəhbərliyinə ünvanladığı eyniməzmunlu kollektiv, eləcə də DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə daxil olmuş müraciətinə Bakı Şəhər Baş Polis idarəsində baxılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Səbail rayonu ərazisində alkoqol sərxoşluğu vəziyyətində mübahisə yaradaraq səs-küy saldığına görə Səbail RPİ PPXB-nin polis nəfərləri tərəfindən 9-cu PB-yə dəvət olunaraq barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək 100 manat cərimə olunmuşdur. Aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə kollektiv müraciətdə göstərdiyi xüsusatlar təsdiqlənməmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İş materialları ilə müəyyən edilir ki, protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh tətbiq edilmişdir. X4 İXM-nin 510-cu maddəsinə əsasən ictimai qaydanı pozmasına görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, X3 əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, tərtib edilmiş yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXM-nin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə, təqdim edilmiş sübutlar əsasında X3 inzibati xəta hadisəsi törətməsi müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X3 verdiyi şikayət təmin edilməli və Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 barəsində Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X3 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar